Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Sentyabr 2018 09:25

Dəmir atlı cəngavər

Sentyabrın 1-də Azərbaycan Bayrağı ordenli Əhməd Möhbalıyevin anadan olmasının 50 illiyi ilə əlaqədar olaraq Şəhidlər xiyabanında mərhumun məzarı önündə anım tədbiri keçirildi. Tədbirdə şəhidin döyüşçü dostları, ailə üzvləri və ictimaiyyət nümayəndələri  iştirak etdilər.
Mərasimi giriş sözü ilə açan Əhməd Möhbalıyevin vaxtilə komandiri olmuş ehtiyatda olan kapitan Hacı Əzimov şəhid zabitin qəhrəmanlıqla dolu döyüş yolundan, peşəkarlığından və vətənpərvərliyindən bəhs etdi. O qeyd  etdi ki, Əhməd kimi peşəkar zabitlər o zaman yenicə yaranmaqda olan Azərbaycan Ordusunda çox az idi. "Orduda belə zabitlərə ehtiyac vardı. Əhməd daim döyüş meydanına can atırdı. Yoldaşlıqda, dostluqda əvəzsiz bir insan idi. Onun adı daim qəlbimizdə yaşayır. Hər birimiz Əhmədin xatirəsini əziz tutur, burada uyuyan döyüşçü dostlarımızın məzarlarını tez-tez ziyarət edirik. Allah  bütün şəhidlərimizə rəhmət eləsin. Əhmədin şərəfli zabit ömrü Azərbaycan Ordusunun zabitlərinə və əsgərlərinə hər zaman bir nümunədir."
Sonra mərhumun döyüşçü dostları onunla bağlı cəbhə xatirələrini danışdılar.
Əhməd Möhbalıyev 1968-ci il sentyabrın 1-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Qıvraq kəndində dünyaya göz açmışdı. Doğma yurdu Naxçıvana, Vətəni Azərbaycana bütün varlığı ilə bağlı idi Əhməd. Həmişə deyərmiş ki, Vətəni qoruya bilməsək, yaşamağa haqqımız yoxdur. Bu bizim qeyrət işimizdir. Cəmi 24 il yaşadı Əhməd. Qısa, lakin şərəfli ömrü ilə insanlığın, vətəndaşlığın və igidliyin bariz nümunəsi oldu. Rəşadəti, cəsurluğu, şücaəti ilə özünə əbədi ölməzlik qazandı.
Hələ kiçik yaşlarından ürəyindən hərbçi olmaq, zabit mundiri geyinmək həvəsi keçmişdi Əhmədin. Elə bu arzu, istəklə də əvvəlcə Cəmşid Naxçıvanski adına Bakı İxtisaslaşdırılmış Hərbi Məktəbi, sonra isə Kazan Ali Tank Qoşunları Məktəbini bitirir. Kiyevdə və Moskvada tank qoşunları diviziyasında xidmət edir. Mənfur ermənilər tarixi torpaqlarımıza iddia qaldıranda Əhməd dözə bilməyib el-obamızı düşmən basqınından qorumaq üçün  Vətənə geri dönməyi qərara alır. Əhməd Möhbalıyev tank qoşunları üzrə təhsil alan Azərbaycan Ordusunun ilk kadr zabitlərindən biri idi. O, baş leytenant rütbəsində Azərbaycan Milli Ordusunda xidmətə başlayır. Onun hünərinin, rəşadətinin sorağı tez yayılır. Əhməd Möhbalıyev mahir tankçı idi. Tapşırıqdan heç vaxt əliboş qayıtmazdı. Hər dəfə idarə etdiyi tankla düşmənə gözdağı verirdi. O, özünün cəsurluğu, çevikliyi, yüksək fiziki və taktiki hazırlığı ilə şəxsi heyət arasında seçilirdi. Ən çətin əməliyyatlarda öndə gedirdi.  Bir sözlə, peşəkar zabit kimi tanınırdı. Əhməd qanlı döyüş meydanlarında səngərlər qazır, kəşfiyyata gedir və ən ağır əməliyyatlarda  da iştirak edirdi. O, iki il idi düşmənlə döyüşürdü. Şuşa, Laçın, Qubadlı, Tərtər və Ağdam rayonları uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümunələri göstərirdi. Döyüşçü yoldaşları deyirdilər ki, Əhməd hətta yaralanıb hərbi hospitala düşəndə belə özündən çox onların taleyini düşünürdü. Sağalan kimi cəbhəyə qayıdan Əhməd bu dəfə Ağdamın kəndlərinin - Çullunun, Boyəhmədlinin, Qızıllı-Kəngərlinin, Papravəndin...müdafiəsində düşmənlə ölüm-dirim savaşına girir. 1993-cü il iyunun 26-sı Qızıllı-Kəngərli uğrunda gedən döyüş Əhmədin son döyüşü olur... Ürəyi intiqam hissi ilə döyünən, düşmənə qarşı amansız olan Əhməd şəhidlik zirvəsinə ucalır. Bakıda Şəhidlər xiyabanında  dəfn edilir.
Bir qız övladı yadigar qalır.
Azərbaycan Respublikası  Prezidentinin fərmanı ilə doğma torpaqlarımızın erməni işğalçılarından müdafiəsində göstərdiyi şəxsi igidlik  və şücaətə,  əsgəri və xidməti borcunu şərəflə yerinə yetirdiyinə görə baş leytenant Əhməd Suliddin oğlu Möhbalıyev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
Vətən daşı olan, ölümün gözünə dik baxan bu dəmir atlı cəngavər yaxşı bilirdi ki, torpağı Vətən edənlər daim qəlblərdə yaşayacaqlar!
 
Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"