Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Sentyabr 2018 09:41

Hərbi hissədə park-təsərrüfat günü

Hər bir ordunun gücü onun şəxsi heyətinin yüksək səviyyədə döyüş hazırlığından, silah-sursat və texnikasının müasir, işlək və saz vəziyyətdə olmasından asılıdır. Dünya ölkələri ilə hərb sahəsində aparılan uğurlu əməkdaşlıq, yeni müasir silahların alınması, müştərək müqavilələrin imzalanması ordumuzun gücünə güc qatır. Azərbaycan Ordusunun 100 illik yubileyində nümayiş etdirilən və düşməni lərzəyə salan hərbi texnikalarımız labüd döyüşdə qazanılacaq qələbənin qarantıdır.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, hər həftə hərbi hissələrdə park-təsərrüfat günü keçirilir ki, bu da bölmələrin şəxsi heyətinin kütləvi şəkildə texnikalara qulluq, kazarmalarda səliqə-sahman, ərazidə iməcilik işlərinin keçirilməsi ilə təşkil olunur.
"N" hərbi hissəsinə ezamiyyətimiz hərbi hissənin park-təsərrüfat gününə təsadüf edirdi. Rabitə bölməsinin zabiti kapitan Əziz Əmirov bizi şəxsi heyətin gün ərzində görəcəyi işlər barədə məlumatlandırdı: "Müdafiə nazirinin müvafiq əmrinə əsasən, park-təsərrüfat günündə texniki heyət təhkim olunmuş texnikalarına qulluq, şəxsi heyət kazarmalarda və hərbi hissənin ərazilərində təmizlik və səliqə-sahman işləri görürlər. Rabitə bölməsinin tabeliyində olan texnikalara məsul şəxslər tərəfindən qulluq edilir. Avtomobil saxlancları təmizlənir, şəxsi heyət kazarmalara və ərazilərə ayrılır. Bölmənin tabeliyində olan maşın və texnikalar təmizlənir, texniki işlər icra olunur. Günün sonunda görülən işlər barədə hesabat iclası keçirilir".
Bölmənin avtomobil parkında səliqəli şəkildə düzülmüş maşınlara texniki heyət qulluq edir, əsgərlər isə avtomobil saxlanclarında təmizlik işləri aparırlar. Şəxsi heyət komandirlər tərəfindən verilmiş bütün tapşırıqları ardıcıllıqla icra edirdi. Maşınlara texniki qulluq göstərildikdən sonra, hər maşın təmizlənir və yenidən saxlanca salınır.
Kapitan Əziz Əmirov texniki heyətlə bizi tanış edir. İlk öncə gizir Ağamurad Abbasov ilə söhbətləşirik. "Uzun müddətdir ki, müqəddəs peşənin sahibiyəm. Hər bir hərbi qulluqçu ona təhkim olunmuş silah-sursata, texnikaya qulluq etməli, onu təmiz və saz vəziyyətdə saxlamalıdır. Döyüş hər an başlaya bilər. Biz Ali Baş Komandanın döyüş əmrinə hazırıq. Əmr verilsə, həlledici döyüşdə məhz şəxsi heyətimizin yüksək döyüş bacarığı və müasir texnikalarımızın köməkliyi ilə düşməni qısa müddətdə darmadağın edəcəyik. Düşmən istər döyüş hazırlığı, istərsə də maddi-texniki baza sarıdan bizim ordudan çox geridə qalır. Məğlubiyyət onlar üçün qaçılmazdır. Ordumuz öz gücünün az hissəsini göstərməklə uğurlu Horadiz əməliyyatını həyata keçirdi, 2016-cı ilin aprel döyüşləri və Günnüt zəfəri ilə tarixi torpaqlarımızın bir hissəsini işğaldan azad etdi. Söhbət zamanı zabit onu da vurğuladı ki, komandanlığımızın bizə diqqətinin nəticəsidir ki, bu gün hər cür şəraitlə təmin olunmuş hərbi hissədə xidmət edirik".
Növbəti həmsöhbətimiz baş gizir Ramin Quliyev 16 ildir ki, ordu sıralarında xidmət edir. Rabitə bölməsinin hərbi qulluqçusu Ramin Quliyev təlimlərdə bölüyün iş fəaliyyətindən danışdı: "Rabitə ordunun eşidən qulağıdır. Bölmələr arasında fasiləsiz əlaqənin təmin edilməsi, tapşırıqların operativ şəkildə şəxsi heyətə çatdırılması baxımından tez-tez təlimlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. İxtisas hazırlığı dərslərində şəxsi heyət rabitə cihazları ilə yaxından tanış olur və hər kəs bu bilikləri təkcə nəzəri deyil, həmçinin praktiki cəhətdən mənimsəyir. Biz şərəfli peşənin sahibiyik. Ən ümdə vəzifəmiz  Vətənimiz Azərbaycanın ərazi bütövlüyünü qorumaqdır. İşğalda olan torpaqlarımızın azad olunacağı gün uzaqda deyil.”
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Qabil Qasımov bildirdi ki, xidmət etdikləri hərbi hissədə gündəlik fəaliyyətin təşkili üçün hər cür şərait yaradılıb. “Bölməmizdə xidmətin təşkili üçün bütün zəruri avadanlıqlar və maddi-texniki baza var. Döyüşdə qazanılan qələbədə rabitənin rolu danılmazdır. Rabitə informasiyanı dolğun, operativ şəkildə bölmə komandirlərinə ötürülməsini təmin edir. Döyüşün gedişində də düşmən çalışır ki, istifadə edilən tezliklərə müdaxilə etsin. Lakin komandirlər tərəfindən verilən təlimatlara əsasən düşmən arzusuna nail olmur. Güclü ordunun əsgəri olaraq hər birimizin əsas vəzifəsi torpaqlarımızı müdafiə etmək, yeri gəldikdə canımızı və qanımızı əsirgəməməkdir".

Fuad CƏFƏROV,  "Azərbaycan Ordusu"