Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Sentyabr 2018 09:39

“Atış təlimlərində döyüşlər haqqında düşünürük”

Günü-gündən güclənən ordumuzda xidmət edən şəxsi heyətin öz bilik və bacarıqlarını təlimlərdə, praktiki atışlarda nümayiş etdirdiklərinin şahidi oluruq. Dərs zamanı tədris edilən nəzəri bilikləri daha da təkmilləşdirmək, şəxsi heyətdə özünə inam yaratmaq üçün tez-tez çöl təlimləri keçirilir. Təsdiq olunmuş döyüş hazırlığı planına əsasən, müəyyən olunmuş vaxtlarda atış məşqləri icra olunur.
"N" hərbi hissəsindəyik. Bir neçə gündür səhra şəraitində dərs keçən bölmənin şəxsi heyətinin atıcı silahlardan atış çalışmasını yerinə yetirəcəyini öyrənirik.
Atışın rəhbəri kapitan Rusif Ağayev bildirdi ki, atış çalışmalarının keçirilməsində əsas məqsəd bölmədə olan atıcı silahlar vasitəsilə gündüz və məhdudgörmə şəraitində peyda olan və hərəkət edən hədəflərə müxtəlif vəziyyətlərdən, yerindən atəş təcrübəsini artırmaqdır. "Səhra şəraitində yerləşmək, dərs keçmək əhəmiyyətlidir. Belə tədbirlər əsgərlərə dözümlülük, özünəinam kimi vərdişləri aşılayır ki, bu da gələcək döyüşlərdə ona kömək edir. Bu gün bölməmiz yoxlama atış çalışmasını icra edəcək. Bu atışlar şəxsi heyətə təcrübə qazandırır, sərbəstlik və fəallıq kimi vərdişlərinin də artırılmasında yardımçıdır."
Atış çalışmaları icra edilməmişdən öncə komandir heyətinin başçılığı altında əsgərlərlə təyin olunmuş təlim nöqtələrində müxtəlif mövzularda dərslər keçirilir, təhlükəsizlik qaydaları çatdırılır. Keçirilən mövzuların mahiyyətini bilmək və atış çalışmasının şərtinin nədən ibarət olduğunu öyrənmək üçün bölmə komandirinə yaxınlaşırıq.
- Keçirilən mövzuları dinləmək və yadda saxlamaq çox vacibdir, - deyə kapitan Dilman Fərzəliyev söhbətə başladı. - Hamı atış zamanı yarana biləcək problemləri və onların aradan qaldırılması yollarını, öz silahının taktiki-texniki xüsusiyyətlərini, hissə mexanizmlərini, atışın şərtini, verilən hədəfləri və digər məlumatları bilməlidir. Həmçinin əsgərlərə əsas atəş istiqamətləri, təhlükəli istiqamətlər, təhlükəsizlik qaydaları çatdırılır. Bu atışda müxtəlif məsafələrdə quraşdırılan və müxtəlif vaxtlarda peyda olan bir sıra hədəflər verilir. Bunları bilməyən heyətin atışa buraxılmasına icazə verilmir.
Baş gizir Əfqan İbadov qeyd etdi ki, atış çalışmasının yerinə yetirilməsi üçün müəyyən miqdarda sursat təyin olunur. “Bugünkü atışın icrası üçün hər əsgərə təyin olunmuş sayda patron verilir ki, bunların da təxminən dördündən biri izburaxan olur. İzburaxan patronların verilməsində məqsəd hədəfi düzgün nişan alıb-almamasını görməkdir. Şəxsi heyət atışa başlamamışdan əvvəl sursat paylama məntəqəsinə yaxınlaşaraq patronları alır və özləri daraqlara dolduraraq atış sahəsinə gedirlər."
Səbirsizliklə gözlədiyimiz an yetişdi. Əsgərlər növbə ilə  atış sahəsinə yaxınlaşırlar. Atış rəhbərlərinin komandası altında hərəkətə başlayırlar. "İrəli" komandası verildikdən sonra müəyyən məsafəni qaçaraq uzanırlar və ilk hədəfə atəş açırlar. Hədəf məhv edildikdən sonra qalxaraq irəliləyir, ayaqüstə və dizüstə vəziyyətlərində peyda olan digər hədəflərə atışları yerinə yetirirlər. Onları izlədikcə sanki gələcək döyüşlər gözümdə canlanır. Ali Baş Komandanımız əmr verəcək və igid oğullarımız bu cür irəliləyərək qarşıdakı düşməni torpaqlarımızdan qovacaq. Bax, həmin gün cəsur Azərbaycan əsgəri düşmənə aman verməyəcək. Tökülən bütün şəhid qanlarının qisasını alacaq. Mübarizin, Fəridin, Çingizin, Samidin... ruhları onda rahatlıq tapacaq. Uzaqdan gələn səslər məni fikrimdən ayırır. Əsgər Kamal İbrahimlinin bütün hədəfləri məhv edərək əla qiymət aldığını öyrənirəm. Əsgər Hüseyn Məmmədov da verilən tapşırıqların öhdəsindən layiqincə gəldi. Onlarla söhbətləşib fikirlərini öyrənirik: "Qarşıdakı hədəflərə taxta parçası kimi yox, real erməni əsgəri kimi baxmaq lazımdır. Əgər belə etsən, onda atdığın patron hədəfdən yayınmayacaq. Biz həmişə belə edirik. Hədəf taxtasına baxdıqda onu xalqımıza zülm edən, tarix boyu ikiüzlü, xain fikirləri ilə içimizə soxulub sonra da arxamızdan bıçaqlayan düşmən kimi görürük. Hamımız verilən tapşırığı düzgün yerinə yetirmək üçün çalışırıq. Çünki bugünkü atışlar sabahkı döyüşlərimizdə bizə lazım olacaq. Komandirlərimizin bizə öyrətdiyi hər bir mövzunu dərindən mənimsəyirik. Hər zaman Ali Baş Komandanımızın döyüş əmri ilə Qarabağa doğru irəliləməyə, düşməni məğlub edib üçrəngli bayrağımızı zirvələrdə dalğalandırmağa hazırıq."
Atış sona çatır. Bölmə komandiri hər kəsin qiymətini elan edir. Ümumi nəticəyə görə keçirilən atışda bölmənin şəxsi heyəti fəal iştirak edərək yüksək nəticələr əldə etdi. Hamısı sevinclidir. Bilirlər ki, bu gün təlimdə qazandıqları uğur, sabah döyüş meydanında onlara qələbə gətirəcək.

Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu"