Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Sentyabr 2018 09:36

“Şəxsi heyətin sosial-məişət şəraiti daha da yaxşılaşdırılır”

Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin rəisi polkovnik Fikrət MİRZƏYEV

Ordu quruculuğunu şərtləndirən amillərin hər biri həmişə diqqətdə saxlanılır. Belə bir diqqət şəxsi heyətin sosial-məişət, mənzil-istismar və kommunal şəraitinin yaxşılaşdırılmasına da aiddir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edildi. Sərəncam böyük tarixi şəxsiyyət, ulu öndər Heydər Əliyevin tövsiyələrinə sədaqətin, tarixi keçmişimizə ehtiramın və sevginin təzahürü kimi dəyərləndirilir. Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin, müasir Azərbaycan Ordusu Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun hüquqi varisi olduğundan, bu il həm də Azərbaycan Ordusunun 100 illiyi kimi qeyd edildi. Bakıda keçirilən möhtəşəm parad həm xalqın orduya sevgisini təsdiqlədi, həm də ordumuzun gücünün, potensialının nümayişi oldu. Bu paradda silahlanmaya yeni daxil edilmiş döyüş texnikalarını, Azərbaycan Ordusunun nəyə söykəndiyini dünya ictimaiyyəti də gördü. Etiraf etsələr də, etməsələr də, əmin oldular ki, bu ordu torpaqlarını işğaldan azad etməyə qadirdir. Bu əminlik Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin şəxsi heyətini də qürurlandırır.
Müasir Azərbaycanın dövlətçilik memarı olan ümummilli lider Heydər Əliyev həm də müasir Azərbaycan Ordusunun qurucusudur. Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildikdən sonra müstəqil Azərbaycanda hakimiyyət səriştəsizliyi, yaradılmış yerli müdafiə batalyonlarının məhəlli fəaliyyəti - vahid komandanlığa tabe olmaması, separatçılığa vasitə edilməsi və s. ordu quruculuğunda böyük çətinliklərə, çətinlikdən daha çox problemlərə səbəb olmuşdu, dövlətçiliyin itirilməsi təhlükəsi yaranmışdı. Onda xalq təkidlə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə çağırdı. Xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər dövlətçiliyimizi labüd təhlükədən xilas etdi, vətəndaş müharibəsinin qarşısını aldı, qısa müddətdə yerli müdafiə batalyonlarını ləğv etdi, orduda vahid komandanlıq yaradıldı. Bununla da ordunun nizami ordu kimi formalaşmasının əsası qoyuldu...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da dahi tarixi şəxsiyyətin siyasətini uğurla davam etdirdi, ordu quruculuğu dövlət üçün prioritet məsələlərdən biri oldu. Ordunun gücünü müəyyənləşdirən başlıca amillərdən biri döyüş texnikaları, hərbi sursat  və s.dir. Dövlət bu amilə olduqca həssas münasibət göstərdi, ordu ən müasir silahlarla, döyüş texnikalarıyla təchiz olundu. Son illərdə olduqca irimiqyaslı islahatlara başlanıldı. Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən Ali Baş Komandanın tələb və göstərişləri əsasında ordunun döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi istiqamətində mühüm işlər görüldü. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dediyi bir fikir - "Ən müasir silahları da idarə edən əsgərdir" - ordu quruculuğunun başlıca istiqamətlərindən biri kimi davam etdirildi. 2016-cı ilin aprel döyüşləri, qazanılan qələbə, 2018-ci ildə Günnüt zəfəri Azərbaycan Ordusunun nəyə qadir olduğunun təsdiqidir.
Ordumuzda son illərdə həyata keçirilən irimiqyaslı islahatların bir hissəsi yeni hərbi şəhərciklərin salınmasıyla, hərbi hissələrin əsaslı təmiriylə bağlıdır ki, bu da şəxsi heyətin mənəvi-psixoloji hazırlığında mühüm əhəmiyyətə malikdir. Bu baxımdan Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi üzərinə düşən vəzifələri böyük məsuliyyətlə yerinə yetirib, bundan sonra da yetirəcəkdir. Ali Baş Komandanın, Müdafiə Nazirliyi rəhbərliyinin tələb və göstərişlərini, müvafiq tövsiyələrini vaxtında və yüksək səviyyədə yerinə yetirməklə ordu quruculuğunda yaxından iştirak etmək idarəmizdə xidmət edən hərbi qulluqçuların və mülki işçilərin vəzifə borcudur.
Düşmənlə təmas xəttinə yaxın ərazilərdə, döyüş bölgələrində müasir standartlara cavab verən hərbi şəhərciklərin inşa edilməsi, onların bütün infrastrukturlarla təmin olunması, müəyyən mənada, şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsinə istiqamətləndirici vasitələrdəndir. Bu baxımdan bizim xidmət sahəmiz də ordumuzun gücünün artırılmasında yaxından iştirak edir və bu iştirakla qürur duyuruq.
Biz də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi bir fikri ordumuzun şəxsi heyətinin hərbi xidmətinə verilən böyük dəyər bilirik: "Azərbaycan Ordusu nəinki bölgədə, bütün dünyada ən güclü ordular sırasındadır". Bu yüksək dəyər bütün xidmət sahələrinin zabitlərinin, gizirlərinin, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının, əsgərlərinin hərbi xidmətinə verilən dəyərdir...
Bu yaxınlarda idarəmiz üçün əsaslı təmir edilərək istifadəyə verilən inzibati binanın açılış mərasimində Müdafiə Nazirliyinin rəhbərliyi də iştirak etdi. Bunu hər birimiz daha məsuliyyətlə xidmət etməyimizdə, işləməyimizdə başlıca stimul bilirik. Açılış mərasimində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dediyi fikirlər, tövsiyələr gələcək fəaliyyətimizdə mühüm rol oynayacaqdır. Qürurlanırıq ki, xidmətimiz, işimiz bilavasitə ordumuzun daha da güclənməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi üçündür. Bütün bunlar Ali Baş Komandanın əmr və göstərişlərini böyük məsuliyyətlə yerinə yetirən, yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan ordumuz üçündür. Hər bir hərbi qulluqçunun döyüş əzminin mətinləşməsinə, qələbə ruhuna xidmət etmək şərəfdir və biz bu şərəfli işi əsl hərbçi kimi icra edirik.
Ordumuzun 100 illiyini böyük ruh yüksəkliyi ilə qeyd etdik, hərbi paradı sevgilərlə izlədik. Bir daha əmin olduq ki, belə silah-sursata, döyüş texnikasına malik olan ordumuzun Böyük Qələbəsi uzaqda deyil. Ordumuzun şəxsi heyətinin şəraitinin yaxşılaşdırılmasına xidmət etmək, əlbəttə, qürurvericidir və biz bu qüruru böyük niyyətlərlə yaşamaqdayıq...
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev müxtəlif tədbirlərdə qətiyyətlə bildirib ki, ordu quruculuğu dövlətimiz üçün prioritetdir. Ordu quruculuğunun bütün istiqamətlərində həyata keçirilən tədbirlər vahid bir sistemin inkişafını təmin edir və bu, dövlətə, dövlətçiliyə xidmət deməkdir. Hər tədbir mahiyyət etibarilə ölkə başçısının prioritet elan etdiyi sahənin dinamik inkişafını bütün parametrlərlə davam etdirir. General-polkovnik Zakir Həsənovun dediyi kimi, "Azərbaycan Ordusunun əldə etdiyi uğurların arxasında, heç şübhəsiz, ölkə Prezidenti, Ali Baş Komandanın gərgin əməyi və davamlı qayğısı dayanır. Bu qayğı əsgər və zabitlərimizin mənəvi-psixoloji hazırlığında, döyüş əzminin, qələbə ruhunun yüksəlməsində olduqca əhəmiyyətli amillərdəndir".
Bu və ya digər hərbi hissənin əsaslı təmir olunması, yenidən inşa edilməsi Müdafiə nazirinin təşəbbüsünə, təsdiq etdiyi plana müvafiq həyata keçirilir. Bu, Ali Baş Komandanın ordu quruculuğu istiqamətində apardığı siyasətin məntiqi davamıdır. Düşmənlə təmas xəttində, döyüş bölgəsində, səngərlərdə Ali Baş Komandanın, Müdafiə nazirinin əsgər və zabitlərlə görüşləri, tövsiyələri, bütün infrastrukturlarla təchiz olunan hərbi hissələrin açılışında Müdafiə Nazirliyi rəhbərliyinin çıxışı şəxsi heyətin hərbi xidməti üçün əlavə stimul olur. Belə tədbirlərdə onların keçirdiyi hissləri, ürəyindən keçənləri duymaq çətin deyil: “Belə qayğı hər birimizdən Böyük Qələbə istəyir. Biz etimadı doğruldacağıq, Böyük Qələbəni qazanacağıq!”
Hərbi hissələrdə çox da uzaq olmayan dünənki şəraitlə bugünkü şərait müqayisəyəgəlməz dərəcədə fərqlidir. Hərbi hissələrdə qərargahlar, əsgər yataqxanaları, yeməkxana, camaşırxana və digər gərəkli obyektlər ya əsaslı təmir edilib, ya da yenidən inşa olunub. Bunlar şəxsi heyətin rahatlığı, xidməti üçündür və nəticə etibarilə ordu üçündür. Hər zabitimiz, hər gizirimiz, hər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçumuz, hər mülki işçimiz Azərbaycan Ordusunun gücünün artmasında müəyyən vasitə olan bu yenidənqurmaların, bu yeni inşaların iştirakçısı olmasıyla haqlı olaraq qürurlanır.
Mənzil-İstismar İdarəsinin əsaslı təmir edilən inzibati binasının açılışında Müdafiə nazirinin hərbi qulluqçuların sosial-məişət, mənzil-istismar və kommunal şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı tövsiyələrini məsuliyyətlə yerinə yetirəcəyik. Bu, bizim hər birimizin hərbi xidmət borcumuzdur.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əminliklə, qətiyyətlə dediyi fikri mənzil-istismar sahəsində xidmət edən hərbi qulluqçuların xidmətinin, mülki işçilərin fəaliyyətinin başlıca mənəvi stimulu bilirik. "Əminəm ki, Azərbaycan Ordusunun bütün şəxsi heyəti göstərilən etimadı daim doğrultmağa, torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyünün təmin edilməsinə tam hazırdır. Qələbə əzmi ilə xidmət edən ordumuz xalqımızı gələcəkdə də əldə edilən uğurlar və nailiyyətləri ilə daim sevindirəcəkdir".
Bu, böyük inamdır, böyük etimaddır. Azərbaycan Ordusunun bütün şəxsi heyətinə ünvanlanan bu inam, bu etimad Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin şəxsi heyətinə də aiddir və biz vəzifə borcu olaraq bundan sonra da bu amalla xidmət edəcəyik.