Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Avqust 2018 10:50

“Sən qalib gələcəksən!”

Məktub ünsiyyətdir, yazanın istəyinin, niyyətinin daşıyıcısıdır. Müharibə torpaqlarımız işğaldan azad ediləndə başa çatacaq. Hamı o günün tezləşməsini istəyir - oğlu, qardaşı hərbi xidmətdə olanlar da, şəhid atası da anası da, yeniyetmə də, ağlı kəsən uşaq da. Hamı inanır ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Xalq orduya inanır, orduya güvənir. Bu inam, bu güvənc aprel ovqatlıdı.
Orduya məktəblilər, uşaqlar da inanır, güvənir. Onların ön xətdə xidmət edən əsgərlərə yazdığı məktublar ünvanına müxtəlif üsullarla, əsasən Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin xətti ilə çatdırılır. Belə məktublar Azərbaycan əsgərinin mənəvi-psixoloji hazırlığında əhəmiyyətlidir. Məktəbli istəyinin nə olduğunu səngərdə oxuyan əsgərin döyüş əzmi, qələbə ruhu daha da yüksəlir...
Ön xətdə xidmət edən əsgərlərdən birinə çatdırılması üçün redaksiyamıza göndərilən məktəbli məktubunu oxuyunca qürurlandıq. Belə düşünən, belə məktub yazan məktəblinin timsalında ictimaiyyətin orduya ehtiramına, inamına qürurlandıq. Məktubu səngərdə komandirin məsləhət gördüyü əsgərə çatdırdıq. Əsgərin bu məktuba münasibətinə qürurlandıq. Səngərə məktublar da, səngərdən bu məktublara yazılan cavablar da ordu-ictimaiyyət münasibətinin səviyyəsinin təsdiqidir...

 "Azərbaycan Ordusu"  

Səngərə  məktub
Salam, əsgər qardaşım!
Səni tanımıram, sən də məni tanımırsan. Tanımaya-tanımaya səni özümə qardaş bilirəm. Siz torpaqlarımızı qoruyursunuz, bizi qoruyursunuz. Ona görə hər birimizin əzizisiniz.
Atam sizdən, sizin xidmətinizdən danışdıqca tez böyümək istəyirəm. Bəlkə də sənin mən yaşda qardaşın var. Sənin qardaşınla əsgər yoldaşı olacağıq. Onda qardaşın səndən, sizdən, qalib əsgərlərdən ürəklə danışacaq...
2016-cı ilin aprel döyüşlərində siz məktəbdə oxuyurdunuz. Həmin döyüşlərdə iştirak edə bilməmişdiniz. İndi əsgərsiniz. Ali Baş Komandan əmr verəndə döyüşəcəksiniz. Hamı kimi mən də inanıram ki, qələbə qazanacaqsınız. Onda yanınıza gələcəm. Sizi tanıyacam, hər birinizin boynuna sarılacam.
Əsgər qardaşım, mənim məktubumu döyüşdən qabaq qardaş istəyi kimi oxu. Sən qalib gələcəksən!..
Sağ olun!
Qalib ƏLİYEV, İncəsənət Gimnaziyasının V sinif şagirdi


Səngərdən məktub

Salam, məktəbli qardaşım Qalib!
Məktubun məni həm sevindirdi, həm də duyğulandırdı. Sən də hamı kimi bizə inanırsan. İnanırsan ki, torpaqlarımız işğaldan azad ediləcək. Biz azad edəcəyik. Bizdən sonra xidmətə çağırılanlar dövlət sərhədlərimizdə xidmət edəcəklər. Sən də bunu arzulayırsan.
Biz Nizamnamələrin tələblərinə uyğun xidmət edir, komandirlərimizin, zabitlərimizin hər bir əmrini sözsüz və məsuliyyətlə yerinə yetiririk. Bu, bizim vəzifə borcumuzdur. Döyüş növbətçiliyində daha diqqətli oluruq. Bilirik ki, bizim döyüş növbətçiliyimiz torpaqlarımızın işğaldan azad edilməsində olduqca gərəklidir. Düşmənin təxribatlarının qarşısını almaq gələcək döyüşlərdə qələbə ruhu deməkdir.
2016-cı ilin aprel döyüşlərində biz də məktəbli idik. Onda mən də, sinif yoldaşlarım da döyüşlərə getmək istədik. Məktəbli olduğumuza görə icazə verilmədi. İndi hərbi xidmətdəyik. Aprel döyüşləri haqqında komandirlərimizin, zabitlərimizin təəssüratları, məlumatları hər birimizin döyüş əzmini, qələbə ruhunu yüksəldib. Burada zabitlərdən, təcrübəli əsgərlərdən çox şey öyrənmişik, öyrənirik. Ali Baş Komandanın əmrinə hazırıq. Hər birimiz torpaqlarımızı işğaldan azad edəcək əsgərlərin sırasında olmaq istəyirik. Yazırsan ki, qələbə günü yanımıza gələcəksən. Hansı əsgərlə görüşsən, elə bilərsən ki, o mənəm.
Sağ ol, Qalib. Sağ ol ki, ürəyin bizim yanımızdadı, sağ ol ki, bizə güvənirsən.
Hələlik. Qələbə gününün təntənəsində görüşənədək.
Əsgər Kənan ƏKBƏRLİ, “N” hərbi hissəsi

* * *
Vətəndaş olaraq cəmiyyətdə baş verən hər bir hadisə bizi maraqlandırır. Dövlətə, dövlətçiliyə bağlı olanlardan həmişə qürur duyuruq.
Müharibə şəraitində yaşayırıq və bu müharibə hər bir vətəndaşın taleyindən keçir. Hər bir vətəndaş vaxtilə torpaqlarımızın işğaldan azad edilməsini işğal olunmuş rayonlarda yaşamışlar qədər arzulayır, həmin günün həsrətindədi.
Son illər həyata keçirilən irimiqyaslı islahatlar ordumuzun döyüş qabiliyyətini, şəxsi heyətin döyüş əzmini, qələbə ruhunu yüksəldib.
"Açıq qapı" günü son illər ordu-ictimaiyyət münasibətlərini daha da şəffaflaşdırır.
Müdafiə nazirinin əmrilə keçirilən bu tədbir ictimaiyyətə kifayət qədər geniş informasiya verir və bu informasiyalar ictimaiyyətin ordu haqqında bilgilərini dərinləşdirir.
Yaxın qohumlarımdan biri hərbi xidmətdədi. "Açıq qapı" günü mən də getmişdim. Gördüklərim, müşahidə etdiklərim ordumuz haqqında bildiklərimi xeyli zənginləşdirdi: səliqəli əsgər yataqxanaları, hər cür avadanlıqlarla təchiz olunmuş idman meydançası, geniş, işıqlı yeməkxana,... əsgər analarının, atalarının baxışlarında gördüyüm şükranlıq mənim təəssüratlarımı daha da dönməzləşdirdi.
Ana əsgər oğluna baxırdı, əsgər anasına. Heç biri dinib-danışmırdı. Baxışları danışırdı. Və az sonra ana oğlunu bağrına basdı. Əsgər anasına nəsə dedi. Ananın qolları bir anlığa oğlunun boynundan üzüldü. "Boyuna qurban olum, ay  oğul, əlbəttə, qəhrəman olacaqsan. Sən də qalib əsgərlər sırasında olcaqsan!", - dedi ana. Ana həm də oğlunun düşüncələrinə sevinirdi, oğlunun inamla dediyi kəlmələr ananın ürəyini dağa döndərmişdi...
"Açıq qapı" günü təkcə analarla, atalarla əsgər oğulun görüş günü deyil. "Açıq qapı" günü həm də inamın, etibarın təsdiqi günüdü.
"Açıq qapı" günündə bir həqiqətin təsdiqini gördüm: analar belə anadı, əsgərlər belə əsgərdi...

Şəbnəm BEHBUDZADƏ, Bakı şəhəri