Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Avqust 2018 10:41

Sağlamlıq döyüş ruhu deməkdir


Fiziki hazırlıqla məşğul olmaq günün nizam qaydasının mühüm tərkib hissələrindəndir. Döyüş hazırlığının tərkib hissəsi kimi, idman şəxsi heyətin sağlamlığının möhkəmləndirilməsinə və fiziki göstəricilərinin inkişafına güclü təsir göstərir.
"N" hərbi hissəsində də şəxsi heyətin idman sağlamlığının möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir. Hərbi hissənin idman şəhərciyində fiziki hazırlıq məşğələlərinin səmərəli təşkili üçün hərtərəfli şərait var.
Leytenant Elsevər Əliyev çalışmanın icrasını mərhələlərlə nümunəvi şəkildə əsgərlərə nümayiş etdirirdi. Əsgərlər çalışmanı istəklə yerinə yetirməyə səy göstərirdilər. Hiss olunurdu ki, əsgərlərin fiziki hazırlığa marağı yüksəkdir.
Zabit bildirdi ki, idman sağlam bədəndə sağlam ruhun qorunub saxlanmasına xidmət edir. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini 2016-cı ildə bitirən zabit qeyd etdi ki, təhsil aldığı dövrdə idmana xüsusi önəm verib. "Qarşıya qoyulan tapşırığın vaxtında, uğurla yerinə yetirilməsi üçün hərbi qulluqçunun nəzəri biliklərlə yanaşı, fiziki cəhətdən hazırlıqlı olması da vacibdir. Çünki döyüşlərdə düşmənə qalib gəlmək üçün dözümlü olmalı, cəld və çevik hərəkət etməlisən. Əsgərlərin fiziki hazırlığının artırılmasını diqqətdə saxlayırıq. İdman məşğələlərinin səmərəli keçirilməsi üçün  bütün imkan və vasitələrdən istifadə edirik. Bölmənin şəxsi heyəti təyin olunmuş vaxtlarda idmanla məşğul olur. Məşğələlərdə fiziki güc tələb edən çalışmalara daha çox üstünlük veririk. Əsasən dözümlülük, güc, cəldlik və çeviklik çalışmaları yerinə yetirilir. Hərbi hissəmizdə vaxtaşırı müxtəlif idman yarışları keçirilir. Qalib gələnlər komandanlıq tərəfindən mükafatlandırılır."
Elsevər Əliyevlə söhbətləşdikdən sonra əsgərlərə nəzər yetirdik.  Quba rayonundan hərbi xidmətə çağırılan Mircəlal Ağalarovun uşaqlıqdan idmana xüsusi sevgisi olub. Gənc karate ilə məşğul olub. O, torpaqlarımızı işğaldan azad etmək üçün döyüşlərə atılmağa hər zaman hazır olduğunu qeyd etdi. "İdman sağlamlığımız üçün vacibdir. Hərbi xidmət keçən hər kəs bilir ki, idman onun həyatında vacib amillərdəndir. Fiziki cəhətdən hazırlıqlı olmayan əsgər döyüşdə uğur qazana bilməz."
Əsgərlər Sahil Abdullayev, İslam Hacıyev, Elgün Həsənov, Tofiq Bayramov və başqaları da eyni fikirləri bildirdilər. Ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında işğalda olan torpaqlarımızı azad etməyə hazır olduqlarını dedilər.
 

Samir HÜSEYNOV,  "Azərbaycan Ordusu"