Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Avqust 2018 10:25

Şəxsi heyətin sağlamlığının keşiyindəyik

"N" hərbi hissəsində olarkən tibb məntəqəsində yaradılan şəraitlə tanış olduq. Məntəqənin xaricdən görünüşü daxilinin də müasirliyindən xəbər verirdi. Geniş otaqlardan ibarət bölmələr və palatalarda təmin olunan gigiyenik şərait, səliqə-sahman nizam-intizamın səviyyəsinin yüksək olmasını göstərirdi.
Tibb məntəqəsində bizi qarşılayan baş leytenant Vüsal Qafarov yaradılan şəraitlə bağlı fikirlərini bölüşdü: "Səhiyyə ordu quruculuğunda ən mühüm sahələrdən biridir. Sosial-məişət şəraitinin, maddi-texniki bazanın yaxşılaşdırılması, ixtisaslı kadr potensialının təmin edilməsi rəhbərliyin qarşıya qoyduğu ən vacib məsələlərdəndir. Məhz rəhbərliyin yüksək diqqətinin təcəssümüdür ki, hərbi hissələrin tibb müəssisələri müasir standartlara uyğun təmir olunur və yeni tibb məntəqələri istismara verilir."
 Müasir tibbi avadanlıqlar barədə bizi məlumatlandıran zabit Vüsal Qafarov, ixtisasartırma kurslarının vacibliyini də qeyd etdi. “Gördüyünüz kimi, tibb məntəqəmiz müasir avadanlıqlarla təchiz olunub. Müasir tibbi avadanlıqlardan istifadə qaydalarını öyrənmək üçün gənc kadrlar ixtisasartırma kurslarına göndərilirlər. Kursları müvəffəqiyyətlə başa vurduqdan sonra ixtisaslaşmış hərbi həkim kimi fəaliyyətimizə davam edirik.”
Kiçik çavuş Rəna Əliyeva söhbətində bildirdi ki, peşəmiz müqəddəs bir peşədir. "Hər birimiz Vətənimizin müdafiəçilərinin sağlam olmasına çalışırıq. Qarşımıza qoyulan əsas tapşırıq şəxsi heyətin sağlamlığını yüksək səviyyədə saxlamaqdır. Biz hərbi tibb mütəxəssisləri şəxsi heyətin sağlamlığının keşiyindəyik. Xəstəliklərin qarşısını almaq üçün əsgərlərlə təlimatlandırma və maarifləndirmə işləri aparılır, həmçinin həkimlərimiz tərəfindən müvafiq profilaktik tədbirlər görülür. Yarana biləcək hər hansı xəstəliyin qarşısını alan əsas amillərdən biri gigiyena qaydalarına əməl olunmasıdır. Əsgərlərin vaxtlı-vaxtında yuyunması, paltar, yataq dəstlərinin dəyişdirilməsi xəstəlik hallarını sıfıra endirir."
Apardığımız müşahidələr onu deməyə əsas verir ki, Azərbaycan Ordusu təkcə hərbi gücünə görə deyil, həmçinin  hərbi tibb sahəsində də inkişaf etmiş regionun lider ölkəsidir.

Fuad CƏFƏROV,  "Azərbaycan Ordusu"