Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Avqust 2018 09:58

Ordu quruculuğu - səmərəli islahatlar, uğurlu nəticələr

Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra dövləti və dövlətçiliyi inkişaf etdirən islahatlara başladı. Qısa müddət ərzində həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmizin həyatının bütün sahələrində, o cümlədən ordu quruculuğu istiqamətində dönüş yarandı.
Ulu Öndər 1993-cü il noyabrın 2-də radio və televiziya ilə çıxış edərək, ölkədə yaranmış vəziyyətlə bağlı Azərbaycan xalqına tarixi müraciət etdi. Azərbaycan oğullarını ordu sıralarına, yurdumuzun müdafiəsinə səslədi. Qısa müddət ərzində yüzlərlə, minlərlə vətənpərvər gənc silaha sarılaraq torpaqlarımızın müdafiəsinə qalxdılar. Təcavüzkar Ermənistanın torpaqlarımızı işğal etməsinə yalnız Heydər Əliyevin Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi cəbhə bölgələrinə səfərlərindən, zabit və əsgərlərlə görüşündən sonra son qoyuldu. Onun cəbhə xəttinə gəlişi, çıxışları, dəyərli və qiymətli sözləri hərbçilərin qələbə əzmini daha da artırdı, döyüş ruhunu yüksəltdi. Yenicə formalaşan Azərbaycan Ordusunun bölmələri bir sıra bölgələrdə uğurlu əməliyyatlar həyata keçirərək düşməni geri sıxışdırdılar. Müharibədə ciddi dönüş yarandı. Doğma yurdlarından didərgin düşmüş vətəndaşlarımız öz ev-eşiyinə qayıtdı. 
Müasir Azərbaycan dövlətinin formalaşması və inkişafı xalqımızın ümummilli lideri, görkəmli sərkərdə  Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Ulu Öndər Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verdi. Təkcə bu gün üçün deyil, qarşıdakı onilliklər, yüzilliklər üçün dövlətimizin inkişaf strategiyasını müəyyən etdi. Başqa istiqamətlərdə olduğu kimi, hərbi təhsil sahəsində də uğurlu islahatlar həyata keçirildi. Atılan inamlı addımlar, göstərilən səylər hədər getmədi. Qısa müddət ərzində müstəqilliyimizin təminatçısına çevrilən, vahid komandanlığa tabe olan güclü və qüdrətli ordu yaradıldı. Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışarkən dövlətimizin etibarlı qoruyucusu, müdafiəçisi olan Azərbaycan Ordusunun qurucusu və yaradıcısı olması faktını dönə-dönə vurğulamalıyıq. Dahi şəxsiyyətin Ali Baş Komandanlığı dövründə ordumuz hərb elminin prinsipləri əsasında  yaradıldı, dövlət səviyyəsində hərtərəfli qayğı və yardımla əhatə olundu, müasir dünya ölkələrinin təcrübəsi əsasında formalaşma yolu keçməyə başladı. Ulu Öndər həmişə çıxışlarında fərəhlə deyirdi: "…İndi bizim hərtərəfli təlim görmüş, yüksək döyüş hazırlığına malik güclü ordumuz var". Bu gün hər birimiz fəxrlə deyə bilərik ki, sıralarında Azərbaycan oğullarının xidmət etdiyi ordu, məhz ümummilli liderimiz Heydər Əliyev kimi böyük bir sərkərdənin əsəridir. Ulu Öndərin arzularının və məqsədlərinin məhsuludur.
Ümummilli Lider dəfələrlə irimiqyaslı təlimlərdə iştirak edərək ordumuzun hər bir zabitinin, əsgərinin döyüş vərdişlərinin artırılmasına xüsusi diqqət yetirirdi. Əbədiyaşar Ali Baş Komandan Heydər Əliyev deyirdi: "Bizim ordumuz, Silahlı Qüvvələrimiz torpaqlarımıza hücum edənlərin qarşısını almağa hər an, hər saat hazır və layiqli cavab verməyə qadir olmalıdır". Məhz onun atalıq qayğısından ruhlanan hərbi hissə komandirləri şəxsi heyətin döyüş ruhunu daha da yüksəltmək üçün səylə çalışırdılar. Təlim və məşğələlərin hər dəqiqəsindən səmərəli istifadə etməyə can atırdılar. Vətənin keşiyində ayıq-sayıq dayanan və düşməni məğlub etməyə qadir olan əsgərlər hazırlayırdılar.  
1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəs haqqında razılaşma imzalandıqdan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi. Uğurla həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Ordusunun maddi-texniki təminatı getdikcə yaxşılaşdı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı daha da artdı, döyüş ruhu, qələbə ovqatı yüksəldi. Bu gün inamla demək olar ki, müasir, müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır.
Ümummilli liderimiz Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı. 1997-2001-ci illərdə zabit heyətinin təkmilləşdirmə kurslarının, C.Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının (27 fevral 2004-cü ildən Heydər Əliyev adına Hərbi Lisey), ehtiyat zabitlərin hazırlıq kursunun və Azərbaycan Tibb Universitetində hərbi tibb fakültəsinin yaradılması da Azərbaycan Ordusunun peşəkar, bilikli, Vətəninə, xalqına sadiq hərbçilərlə təmin edilməsində böyük əhəmiyyət kəsb edir. 
Məhz ulu öndər Heydər Əliyev dövlətimizin imicini beynəlxalq aləmdə yüksəltdikdən sonra Azərbaycan Ordusunun da dünya ölkələrinin ordularına inteqrasiya etməsinə şərait yarandı. Həyata keçirilən uğurlu islahatlar nəticəsində ordumuzun beynəlxalq əlaqələri qısa müddət ərzində möhkəmləndi və proses bu gün də sürətlə davam etməkdədir. Ümummilli Liderimizin təşəbbüsü ilə Azərbaycan Ordusunun tərkibində formalaşan sülhməramlı taborun şəxsi heyəti Kosovoda, Əfqanıstanda və İraqda sülhün qorunmasında fəal iştirak edib. Bu gün isə Azərbaycan əsgəri Əfqanıstan torpağında sülhyaratma əməliyyatlarında xidmətini uğurla davam etdirir. Bütün bunlar ordumuzun beynəlxalq aləmdə artan nüfuzunun bariz nümunəsidir. Ordumuzun zabit və əsgərləri xidmətləri ilə belə dəyərli nümunələrin sayını artırmağa çalışırlar. 2016-cı ilin aprel döyüşləri ordumuzun gücünü və qüdrətini bir daha göstərdi. Aprel döyüşlərindən sonra ordumuz daha da güclənib. Müntəzəm olaraq təlim və məşğələlərdə iştirak edən zabit və əsgərlərimizin döyüş təcrübəsi və peşəkarlığı daha da artıb. Daim artan bu döyüş hazırlığı isə onları sonda qələbəyə qovuşduracaq. 
Ümummilli Liderimizin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında başqa sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də uğurlu islahatlar həyata keçirilir. Ordumuzun döyüş hazırlığının daha da artırılması ilə bağlı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin verdiyi bütün əmr və tapşırıqlar Müdafiə Nazirliyi rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır və yüksək səviyyədə icra olunur. Günü-gündən gücünü, qüdrətini artıran ordumuz torpaqlarımızı erməni işğalçılarından azad etməyə hər an hazırdır.
Dünyanın hər bir xalqının öz xilaskar ordusu ilə öyünməyə, qürur duymağa haqqı var. Qəhrəman Azərbaycan xalqı da öz qüdrətli ordusu ilə öyünür, fəxr edir. Əminlik hissi ilə qeyd etmək olar ki, zabit və əsgərlərimiz döyüş meydanlarında böyük hünər və rəşadət göstərərək, adlarını xalqımızın qəhrəmanlıq tarixinə böyük hərflərlə yazacaqlar.
Xalqımızın tarixində layiqli yer tutan dahilər, bacarıqlı sərkərdələr və dövlət xadimləri çox olub. Onların xalqımıza olan misilsiz və əvəzsiz xidmətləri həmişə dönə-dönə xatırlanır, heç vaxt yaddan çıxmır. Xalq belə böyük və rəşadətli oğullarını zaman-zaman xatırlayıb hörmətlə yad edir.  XX yüzillikdə xalqımızın böyük və nəhəng tarixi şəxsiyyətlərindən biri də ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevdir. Nə qədər ki, Azərbaycan xalqı var, Heydər Əliyev də yaşayacaq. Azərbaycan xalqı isə həmişə var olacaq, tarix durduqca yaşayacaq. Xalqımız daim ulu öndər Heydər Əliyevin irsini öyrənir və bundan sonra da öyrənməkdə davam edəcək. Çünki Ulu Öndərin irsi xalqımıza xoşbəxtlik gətirib.

Vahid MƏHƏRRƏMOV