Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Avqust 2018 09:13

Məğlubedilməz ordunun əsgəriyəm!

"N" hərbi hissəsində olduğumuz zaman nümunəvi xidmət rubrikasına yazı hazırlamaq istəyimizi bildirdikdə zabit Əbülfət Xəlilov xidməti vəzifələrinin öhdəsindən layiqincə gələn əsgər Nurid Səlimlini məsləhət gördü. Zabit qeyd etdi ki, o, hərbi hissəyə gəldiyi ilk gündən bacarığı ilə seçilib, əsgər yoldaşlarının və komandirlərinin böyük hörmət və rəğbətini qazanıb. Bir qayda olaraq xidmətinə çox böyük məsuliyyətlə yanaşıb.
"Qarabağımıza Azərbaycan bayrağını sancanların sırasında olmaq ən böyük arzumdur", - deyə əsgər Nurid Səlimli söhbətə başlayır.
- Vətənə xidmət etmək hamımızın vətəndaşlıq borcudur. Hər birimiz Vətənin keşiyində dayanırıq. Düzdür, biz 18 ay xidmətimizi başa vurduqdan sonra ehtiyata buraxılırıq. Harada olmağımızdan asılı olmayaraq Vətənlə yaşayırıq, Vətən üçün yaşayırıq. Allahın bəxş etdiyi  ömrü Vətənə xidmətdə keçirməkdən gözəl bir hiss ola bilməz. Bizim müqəddəs borcumuz Vətənimizin çiçəklənməsinə xidmət etmək, onun hər qarış torpağına sinəmizi sipər edib qorumaqdır. Torpaqlarımızın bir hissəsinin düşmən tapdağında olduğu bir vaxtda Vətən bizdən daha böyük hünərlər gözləyir. Bu gün mən də qanım və canım bahasına olsa belə Vətənimi qorumaq, hər qarışı üçün vuruşmaq amalıyla xidmət edirəm.
- Vətən torpaqlarının keşiyində dayanmaqdan qürur duyuram, - əsgər Səlimli deyir. - Bu gün yurdumuzu qorumaq məsuliyyəti düşüb çiyinlərimizə. Torpaqlarımızın hər qarışı bizim üçün doğma və əzizdir. Qüdrətli Azərbaycan Ordusunun əsgəri olmaq isə qürurvericidir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında regionun ən güclü ordusu formalaşdırılıb. Ordumuzun qüdrəti günü-gündən güclənir. Biz müntəzəm olaraq keçirilən təlimlərdə peşəkarlığımızı daha da artırırıq. Erməni qəsbkarları hər addımda gücümüzü, qüdrətimizi hiss edir. Aprel döyüşlərindən sonra düşmən anladı ki, yenilməz Azərbaycan Ordusu qısa bir vaxt ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad edəcəkdir. Aprel zəfərindən sonra ordumuzun ikinci ən böyük qələbəsi Günnüt zəfəri oldu. Belə bir orduda xidmət etdiyim üçün qürurluyam.
Əsgər Nurid Səlimli onu da bildirdi ki, şəxsi heyətin təminatı çox yüksək səviyyədədir. "Yataq dəstlərimiz hər həftə təmizləri ilə əvəz olunur. Həftə sonu camaşırlarımız yığılıb camaşırxanaya təhvil verilir. Müasir standartlara cavab verən yataqxana, yeməkxana, tibb məntəqəsi biz əsgərlərin yüksək səviyyədə xidməti üçün nəzərdə tutulub. Heç nədən korluq çəkmirik. Yaradılan şəraitə görə yuxarı komandanlığımıza minnətdarlığımızı bildiririk. Bir əsgər olaraq üzərimizə düşən vəzifənin məsuliyyətini dərk edirik. İnanırıq ki, işğal altında olan torpaqlarımızı azad edib xalqımıza qələbə sevinci bəxş edəcəyik. O gün isə çox yaxındadır".

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"