Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Avqust 2018 09:11

“Rabitədə daim fasiləsiz əlaqə olmalıdır”

Bu gün dünyada baş verən texniki tərəqqi, elmi kəşflər, ixtiralar, kommunikasiya və rabitə sistemindəki sürətli inkişaf xalqları, bəşər övladını bir-birinə yaxınlaşdırmağa, onları sıx birləşdirməyə xidmət edir. Cəmiyyəti daim inkişafa aparan rabitə sahəsində hər gün, hər saat yenilik var. Müasir dünyamızı rabitəsiz təsəvvür etmək olmaz. Bəs günü-gündən müasirləşən rabitə müharibə şəraitində olan ordumuzda necə təşkil olunur? Ordumuzda mükəmməl rabitə təminatının yaradılması və daim onun yenilənməsi diqqət mərkəzindədir. Döyüş aparan ordunun qələbəsinin təmin edilməsində rabitənin rolunu nəzərə alan rəhbərlik onun dayanıqlı, keyfiyyətli və etibarlı rabitə ilə təminatına xüsusi diqqət yetirir. Davamlı rabitə döyüş hazırlığında vacib şərtdir. Burada fasiləsiz əlaqələrin qurulması rabitənin üzərinə düşür. Ərazinin relyefinin hərtərəfli öyrənilməsi peşəkar rabitəçinin əsas fəaliyyət prinsipi sayılır.
Ezamiyyətdə olduğumuz zaman ön xətdə yerləşən "N" hərbi hissənin rabitə xidmətinin təşkili ilə maraqlanırıq. Rabitə otağına daxil olarkən gərgin iş prosesinin şahidi olduq. Əsgər Kamil Babayev rabitə qurğusunu nizamlayır, gələn zənglərə cavab verir və operativ əlaqə yaradırdı. Qurğunu böyük həvəslə idarə edən əsgər deyir ki, əgər sevdiyin sənətlə məşğul olursansa, o zaman özünü təsdiqləyəcəksən. "Mənim də rabitəçi peşəsinə dərin marağım olub. Şamaxı rayonundan hərbi xidmətə çağırılmışam. Ali təhsilliyəm. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunuyam. Fikrimcə, peşəkar rabitəçi texniki elmlərdən xəbərdar olmalı və texnikada nasazlıq yarandığı zaman onu bərpa etməyi bacarmalıdır. Təcrübə göstərir ki, müasir texnologiyanı bilən şəxs rabitəni heç bir çətinlik çəkmədən asanlıqla idarə edəcək."
"Rabitədə daim fasiləsiz əlaqə olmalıdır", - deyən əsgər Kamil Babayev bu peşənin özünəməxsus sirləri olduğunu da diqqətə çatdırır: "Məsuliyyətlə çalışmalı, bütün diqqətin, fikrin gördüyün işin üzərində cəmlənməlidir. Mən də bu sənətin sirlərini təcrübəli rabitəçilərdən öyrənmişəm. Rabitə bölüyündə xidmət edən hər bir əsgər orduda rabitənin əhəmiyyətini dərindən başa düşməlidir".
Hərbi hissənin rabitə xidmətindən bizə onu da bildirdilər ki, bu sahədə işlər peşəkarlar tərəfindən uğurla aparılır. Rabitə qurğuları və avadanlıqları hər zaman saz və işlək vəziyyətdədir. İstismar müddəti başa çatmış, köhnəlmiş texniki qurğular daha müasirləri ilə əvəz olunur. Müharibə şəraitində operativ şəkildə arxa cəbhə ilə rabitənin yaradılması ön xətdə şəxsi heyətin hərtərəfli təminatının yüksək göstəricisidir. Bütün bu üstünlüklər onu deməyə əsas verir ki, rabitə ağır işin asanlaşmasına və zaman tələb edən işin operativ şəkildə həyata keçməsinə xidmət göstərir. Rabitə sistemində nasazlıq yaranarsa, xidmətdə işin səviyyəsi mütləq aşağı düşər. Bu zaman peşəkarların səyi nəticəsində rabitə dayanıqlı təmin olunur və xidmət davam edir. Bəzi ərazilərdə relyefdən və hava şəraitindən asılı olaraq telefon xətlərində nasazlıq baş verərsə də, bu tez bir zamanda aradan qaldırılır.
Şahidi olduqlarımız deməyə əsas verir ki, düşmənlə təmas xəttində ordumuzun rabitə sistemi çox güclüdür. İnanırıq ki, ordumuz tezliklə səbirsizliklə gözlədiyimiz Böyük Qələbəni təmin edəcək və ilk olaraq rabitəçilərimiz tarixi zəfəri şəxsi heyətə, Azərbaycan xalqına çatdıracaq!

Lalə HÜSEYNOVA,  "Azərbaycan Ordusu",
foto N.PƏNAHOVUNDUR