Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Avqust 2018 09:10

İstənilən tapşırığı yerinə yetirməyə hazırıq

Dünyanın aparıcı orduları sırasında olan Azərbaycan Ordusu bu gün istər silah-sursatına, istərsə də şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığına görə istənilən tapşırığı yerinə yetirmək iqtidarındadır. Ordumuzun bu səviyyəyə gəlməsi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və ordu rəhbərliyinin diqqət və qayğısının nəticəsidir. Bu gün şəxsi heyət üçün hər bir şərait yaradılıb. Yeni hərbi hissələr tikilib, bir çoxu yenidən təmir olunub, zabitlərin yaşayışı üçün şəhərciklər salınıb və digər vacib əhəmiyyətli işlər görülüb. İndi hərbi qulluqçularımızı sadəcə döyüşə hazır olmaq və işğalda olan torpaqlarımızı düşməndən azad etmək tapşırığı maraqlandırır. Bu tapşırığı da icra etmək üçün şəxsi heyətin qarşısına müəyyən tələblər qoyulub - dərslərdə fəal iştirak etmək və döyüş hazırlığını yüksək səviyyədə saxlamaq.
Hərbi hissələrdə olarkən əsgərlərin döyüş tapşırığını necə icra etdiyinin tez-tez şahidi oluruq. Ön xətdə yerləşən bölmələrimizdə olduğu kimi, arxa xətdəki bölmələrimizdə də şəxsi heyət daim döyüş hazırlığı ilə məşğul olur. Döyüş əzmində olan və torpaqlarımızı işğaldan azad etmək arzusu ilə alışıb-yanan əsgərlərimizi görəndə Ümummilli Liderimizin bir kəlamını xatırlayıram - "Azərbaycan xalqının özünü, öz dövlətini qoruya bilən əsgərləri, zabitləri, ordusu var. ...Bizim ordumuz indi Azərbaycan torpağını qorumağa və Azərbaycana qarşı hər bir hərbi təcavüzün qarşısını almağa qadirdir".
"N" hərbi hissəsindəyik. Təlim meydançasında bir manqanın dərs prosesini izləmək imkanı qazanırıq. Taqım komandirinin əmrinə əsasən əsgərlər manqa hücumda tapşırığını icra edirdilər. Bir kalonda irəliləyən əsgərlər zəncirvari döyüş düzülüşünə açıldıqca, taqım komandirinin "Döyüşə" komandasını icra etdikcə bir anlıq aprel döyüşləri yadıma düşür. Həmin döyüşlərdə də igidlərimiz verilən tapşırıqları vaxtında və komandalar şəklində icra etdikləri üçün döyüşün qalibi olmuşdular. Qəhrəman oğullarımızın şücaətinin nəticəsidir ki, Bayraqtəpədə, Lələtəpədə üçrəngli bayrağımız dalğalanır. Taqım komandirinin "İrəli" komandası məni xəyallarımdan ayırır. İlk həmsöhbətim leytenant Mais Əsgərov olur. Gənc zabit bildirir ki, təhsil aldığı illərdə qarşısına qoyduğu bir məqsəd olub - müəllimlərin tədris etdiyi fənləri dərindən mənimsəmək və xidmətə başlayanda tabeliyindəkilərə öyrətmək. “Hər gün məşğələyə çıxmamışdan öncə dərsin mahiyyətini və vacibliyini əsgərlərə başa salıram. Gənc əsgərlərimiz də yaxşı bilirlər ki, torpaqlarımızın bir qismi işğal altındadır. Nə qədər sülhsevər bir millət olsaq da vaxtı çatanda döyüş gücümüzdən istifadə edəcəyik. Düşmən bilsin ki, ordumuz daim Ali Baş Komandanımızın əmrini gözləyir və istənilən an torpaqlarımızın azadlığı üçün döyüşlərə atılmağa hazırdır."
Leytenant Mais Əsgərov onu da vurğuladı ki, dərslərdə və döyüşlərdə manqa komandirlərinin rolu danılmazdır. Döyüş tapşırığını icra edərkən ən sonuncu onlara komanda verilir. Manqa komandirləri şəxsi heyətlə birlikdə irəliləyir və onlarla birbaşa ünsiyyətdə olurlar.
"Əsgəri döyüşdə idarə etmək manqa komandirinin əsas vəzifəsidir", - deyə kiçik çavuş Siyavuş Xudaverdiyev söhbətə qoşulur. - Yuxarı komandanlığın döyüş tapşırıqlarının vaxtında və düzgün yerinə yetirilməsi hər birimizdən yüksək nəzəri-hərbi bilik tələb edir. Odur ki, döyüşdə uğur qazanmaq üçün müasir silahlara malik olmaqla yanaşı, bu silahları idarə edən bacarıqlı əsgərlərin də olması vacib şərtdir. Hər birimiz üzərimizə düşən vəzifə borcunun fərqindəyik. Gündəlik dərslərdə şəxsi heyətə arsenalımızda olan silah-texnikanı öyrətməklə bərabər, onların hər birinin döyüşdə istifadə qaydasını da başa salırıq. Əsgərlər məşğələlərdə öyrədilənləri diqqətlə dinləyir və praktiki yerinə yetirirlər. Əminliklə deyə bilərik ki, ordumuz bu gün qarşısına qoyulan istənilən döyüş tapşırığını yüksək peşəkarlıqla yerinə yetirməyə qadirdir.
Məlum olduğu kimi, hər manqanın tərkibində sanitar-atıcı olur. Onun əsas vəzifəsi yaralanan əsgər yoldaşlarına ilkin tibbi yardım göstərmək və dərhal döyüş meydanından təxliyə etməkdir. Bu vəzifədə xidmət edən əsgər Etibar Məmmədovla da söhbət etmək imkanı tapırıq. Əsgər E.Məmmədov müəyyən olunmuş vaxtlarda tibb məntəqəsində ilkin yardımla bağlı dərslərin keçirildiyini qeyd etdi. "Təyin olunmuş vaxtlarda bacarıqlı həkimlərimizin rəhbərliyi altında ixtisasımıza uyğun dərslər keçirilir. Əlbəttə, döyüşdə əsgər yoldaşını itirməyi heç kim istəməz. Ancaq bu  bəzən qaçılmaz olur. Bizim əsas məqsədimiz döyüş vaxtı yaralanan hər bir yoldaşımıza ilkin tibbi yardım göstərərək onu ən yaxın məntəqəyə çatdırmaqdır. Bugünkü dərsdə də manqa hücumda olan zaman yaranacaq hər bir vəziyyətdən çıxış yolunu öyrənirik. Komandirlərimiz bizə lazım olan bütün məşğələləri keçirlər. Biz döyüş əmrini icra etməyə hazırıq. Ali Baş Komandanımızın döyüş əmrini yerinə yetirmək, üçrəngli bayrağımızı Qarabağımıza sancmaq üçün səbirsizlənirik."
Söhbətimizdən də məlum olur ki, Azərbaycan əsgəri artıq öz torpaqlarına qayıtmaq üçün tələsir. Əsgər Etibar Məmmədovun sözlərinə qoşulan Vasif Həmidov, Emin Məmmədov, Nəsimi Əhmədov, Əlihüseyn Babayev, Nəsib Ələkbərov, Ahur Qurbanov da məşğələlərdə öyrəndiklərini döyüş meydanında düşmənə qarşı tətbiq etməyə hazır olduqlarını bildirdilər. "Biz hərbi qulluqçular istənilən tapşırığı icra etməyə hazırıq!".

Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu"