Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Avqust 2018 09:08

Vətənə gedən yol səngərdən keçir

Yollar sonsuzdur, bitib-tükənmir... Getdikcə gedirsən. Yollar da var digər yollara ayrılır, səni gedəcəyin ünvana çatdırmaq üçün. O yollar  bizi mənzil başına gec, ya tez çatdırır, məqsədimizə yaxınlaşdırır. Vətənimizin müdafiəsində gecə-gündüz, soyuq-isti bilmədən əzmlə dayanan hərbçilərimizin arzu və istəklərini qələmə almaq üçün sərnişini olduğumuz qatar da bizi məqsədimizə lap yaxınlaşdırır...
Qatar dəmir yol stansiyasında səhərin ala-toranında dayanır. Mənzil başına tələsənlərin sırasında biz də varıq. Yolumuz zamanında erməni işğalçılarına qarşı sinəsini sipər edən cəngavər oğulların ruhunun qərar tutduğu bir məkanadır. Bu yerlərdə erməni faşistləri ilə mübarizədə Vətən oğulları qeyrət qalası tikib, güclü müdafiə istehkamı yaradıblar. Burada o  oğulların torpaq qoxusu ciyərinə çəkilib, yurd sevgisi qəlblərinə hopub. Onların tək istəyi, tək amalı erməni işğalçılarını torpaqlarımızdan qovub çıxartmaq və xalqımıza əmin-amanlıq, firavan həyat bəxş etməkdir.
... Qızmar yayın səhər mehi ağacların yarpağını xəfifcə əsdirir. Yol boyu yaşıllığa qərq olmuş bağça-bağlarda, uzandıqca uzanan  taxıl zəmilərində çalışan insanlarımızın əməksevərliyi, işgüzarlığı bizə xoş ovqat bəxş edir. O anda fikirləşirsən ki, Azərbaycanımızın necə zəngin təbiəti, necə barlı-bərəkətli torpaqları var. Neçə illərdir ki,  erməni qəsbkarları  cəbhə xəttində yerləşən bu ərazilərin sakitliyinə qənim kəsilib. Düşmən təkcə döyüş mövqelərimizi deyil, dinc əhalimizi, yaşayış məntəqələrimizi atəşə tutmaqdan çəkinmir, insanları səksəkə, qorxu altında saxlamağa cəhd göstərir.
Səngər yolu Vətən  yoludur. Hər səngər bir qaladır. Bu gün o səngərlərdə Cavanşir, Babək, Xətai, Cavadxan, Mehdi, Həzi, Mübariz, Fərid, Murad, Samid ruhlu mərd oğullar Vətənimizin - doğma Azərbaycanımızın müdafiəsində igidliklə dayanaraq  qəhrəmanlıq ənənələrimizi yaşadırlar. İllərdir o səngərlərdə xalqımızın cəsur övladları düşmənin gün ərzində dəfələrlə açılan atəş nöqtələrini susdururlar. Bu gün o səngərlərdə xalqımızın qəhrəmanlıq ənənələrini yaşadan igid oğulları qüdrətli Azərbaycan Ordusunun uğurlu aprel döyüşlərindən, Günnüt əməliyyatından daha da ruhlanaraq Vətənin müdafiəsində əzmlə dayanıblar.
...Maşın torpaq yolla irəliləyir. Artıq müşahidə zolağına yaxınlaşırıq. Nəhayət, ana Vətənin gecə-gündüz keşiyini çəkən xalqımızın mərd, cəsur övladlarının görüşünə gəlib çıxırıq. Düşmənlə üzbəüz  barmağı daim tətikdə olan ölməz Mübarizin dağ vüqarlı silahdaşları gəlişimizə sevinirlər. Onlara baxdıqca qürur, fəxr hissi keçiririk. Biz ön xəttə daxil olanda bir qrup hərbçi səngərdə  zəruri tədbirlər həyata keçirirdi. Döyüş növbəsi aparan əsgərlər də öz mövqelərində möhkəm dayanaraq düşməni izləyirdilər. Digər əsgərlər isə xidmət yerlərində sıraya düzülərək komandirlərinin növbəti əmrlərini gözləyirdilər. Yəqin ki, bir azdan döyüş növbəsinə hazırlaşan əsgərlər təlimatlandırılaraq müşahidə məntəqəsinə yollanacaqlar.
Səngər yolu çınqıl daşlarla döşənib. Şəxsi heyətin məişət qayğıları ilə maraqlanırıq. Postda yaradılan kiçik əsgər yataqxanasında səliqə-sahman, təmizlik ürəkaçandır. Rəfdə düzülmüş kitablar, divardan asılan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəkli diqqətimi çəkir. Öyrənirəm ki, burada əsgərlər asudə vaxtlarında kitab oxumağı xoşlayırlar. İnanırıq ki, milli dəyərlərimizi yaşadan, ata-babalarımızın, əcdadlarımızın qəhrəmanlıq ənənələrini örnək hesab edən  hərbçilərimiz tezliklə torpaqlarımızı erməni işğalçılarından azad edəcək, şəhidlərimizin qisasını alacaqlar.
Günün nizam qaydalarını pozmadan hərbçilərimizlə söhbətə başlayırıq. Döyüş növbətçiliyi necə aparılır? sualımızı cavablandıran bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini leytenant Nurlan Əliyev bildirir ki, sakitlikdir. "Düşmən tərəfimizdən ayıq-sayıqlıqla izlənilir. Müşahidə məntəqəsində düşmənin bir hərəkətini belə gözdən qaçırmırıq, daima nəzarətimiz altında saxlayırıq. Düşmən heç bir fəaliyyət göstərə bilmir. Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir. Qeyd edim ki, əsgərdə mənəvi-psixoloji hazırlıq yetərincə olmasa, o, döyüş hazırlığına da tam yiyələnə bilməz. Bu amillər bir-birini tamamlamalıdır. Biz bu gün bütün hazırlıqlarımızı müharibə qanunlarına uyğun olaraq qurur və düşmənlə üzbəüz mövqelərdə xidmət apardığımızı yaddan çıxartmırıq."
Sonra müşahidə məntəqəsində döyüş növbəsi aparan əsgərlərə yaxınlaşırıq. Bu gənclərə baxdıqca qəlbimiz dağa dönür. Düşmən tərəfi müşahidə edən əsgərin qorxmazlığı, cəsarəti, mərdliyi, igidliyi bizi düşündürür: bu əsgər ölümün də gözünə beləcə dik baxar. Onu nə düşmən gülləsi, nə də atəş səsləri qorxudar. Bax, beləcə Ana, Vətən, Torpaq uğrunda şəhid olmağa hər an hazırdır qəhrəman Azərbaycan əsgəri!
Həmsöhbətim leytenant Elşad Mirzəyev Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olduğunu deyir: "Aprel döyüşləri zamanı "N" hərbi hissəsində rabitəçi vəzifəsində xidmət edirdim. Aprel  şəhidi Tural Dadaşovla 4 il bir yerdə təhsil almışıq. Hərbi xidmət müddətində də bir yerdə qulluq edirdik. O, çox vətənpərvər oğul idi. Erməni qaniçənlərinin Qarabağda törətdikləri vəhşiliklərdən danışanda qaşları çatılar, yumruqlarını düyünləyər, onlardan qisasımızı almalıyıq deyərdi. Aprel döyüşlərindən sonra hərbi xidmətimi başa vurub zabit kimi ordu sıralarına daxil olub Vətənimizin müdafiəsinə, torpaqlarımızın azadlığı uğrunda döyüşlərə hər an hazır olacağıma and içdim."
Gizir Məhəbbət Şahməmmədov isə tariximizə nəzər salaraq, mənfur ermənilərin məqam düşdükcə xarici havadarlarının dəstəyi ilə xalqımızın başına gətirdikləri bəlalardan, müsibətlərdən söhbət açır. Bildirir ki, vaxtaşırı tabeliyində olan şəxsi heyətə erməni vandallarının törətdiyi faciələrdən, terror aktlarından, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımından danışmağı özünə borc bilir.
- Biz tariximizin qan yaddaşını unutmamalıyıq, - gizir deyir. - Hazırda torpaqlarımızın 20 faizi erməni qəsbkarlarının işğalı altındadır. Lakin özlərini dünyaya məzlum millət kimi nümayiş etdirən ermənilər bu arzularını heç vaxt gerçəkləşdirə bilməyəcəklər.
Söhbətimi döyüş növbəsi aparan əsgər Anar Əliyevlə davam etdirirəm. Öyrənirəm ki, Anar  əslən Astara rayonundandır. Vətənə övladlıq borcunu ləyaqətlə yerinə yetirir. O, silahlardan istifadə qaydalarını çox yaxşı bilir. Düşmənin atəş mövqelərinin susdurulmasında fəallıq göstərib. Barmağı tətikdə, gözləri düşmənin mövqelərini dəqiqliklə izləməkdə olan igid əsgər torpaqlarımızın müdafiəsinə həmişə hazır olduğunu  söyləyir.
Digər döyüş növbəsində olan  əsgər Hikmət Qasımov düşmən mövqelərini müşahidə edir. Manqa komandiri olan Hikmət  Zaqatala rayonundan hərbi xidmətə çağırılıb. O pulemyotçu kimi döyüş növbətçiliyini həmişə uğurla aparıb. Özünün dediyi kimi, hələ orta məktəb illərindən ibtidai hərbi hazırlığa  böyük maraq göstərib. Silahlardan istifadə qaydalarını ibtidai hərbi hazırlıq dərslərində mənimsəyən Hikmət bu gün düşmənlə mövqedə əzmlə dayanıb, barmaqlarını tətikdən çəkmir.
Əsgər Emil Nuriyev isə təlimlərdə qazandığı bilik və təcrübəsindən danışır:
- Belə bir deyim var: təlimdə tər tökməsən, döyüşdə qələbə qazana bilməzsən. Bu gün silahlardan bacarıqla istifadə edə bilməyimizdə komandirlərimizin böyük zəhməti var. Hər addımda onların diqqət və qayğılarını hiss edirik.
Əsgərlərdən İman İmanov, İsmayıl Tomarov, Aqşin Mirzəyev, Fərhad Məmmədov hazırda ön xətdə xidmətlərini davam etdirirlər. Onlar səngərdə bir amal, bir məqsəd üçün birləşirlər - yalnız Vətənin bütövlüyünə, torpaqlarımızın azadlığına və düşmən üzərində Böyük Qələbəyə nail olmaq!..
Cəbhə xəttində şərəflə xidmət edən hərbçilərimizə "Allah sizləri qorusun, Vətənin mərd oğulları. Vətən torpağı sizə əmanətdir", - deyib onlarla sağollaşırıq.
Yenə də yolumuz növbəti döyüş postuna - ana Vətənin qəhrəman müdafiəçilərinin qərar tutduğu digər məkanadır...

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu",
fotolar  Namiq PƏNAHOVUNDUR