Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Avqust 2018 09:05

Möhtəşəm azərbaycançılıq paradı

Ali Baş Komandan İlham ƏLİYEV:
Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək.

Gün var, gəlişini həsrətlə gözləyirsən...
Gün var, gətirəcəyi sevinci sonrakı günlərin uğurunun başlanğıcı bilirsən, həmin günün saatları, dəqiqələri ömrünə yazılır, o xoş ovqat zaman-zaman yaddaşlarda yaşadılır, yaşayır. Dövlətçiliklə, dövlətlə bağlı olan belə günlərin ovqatı bu gün üçün deyil, sabahlar üçündü. 100 il əvvəlin tarixi günü bu gün o qədər qürurla, o qədər istəklə, o qədər həssaslıqla yaşanıldı ki! 26 iyun günü dövlətçiliyimizin günüdü, dövlətsevərlərin günüdü - Azərbaycanımızın dövlətçilik tarixinin ululuq mərtəbəsində yaşadılan, zamanında tarixin axarını dəyişən, yaşadılmaqla tarixin sonrakı dövrlərinə təsir göstərən gündü...
Silahlı Qüvvələr Günü, Silahlı Qüvvələr gününün mahiyyəti deyir ki, 26 iyun "Mən azərbaycanlıyam" - deyənlərin günüdü.
100 yaşlı ordumuzun bugünkü qüdrətinin, gücünün başlanğıcı 1918-ci ilin 26 iyu-nuyla bağlıdı. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Ordusu Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun hüquqi varisidi; hər bir vətənsevər "Ordum da var, yurdum da!" - qüruruyla xatırlayır döyüş növbətçiliyi aparanlarımızı, Ali Baş Komandanın əmriylə səngərləri sərhədlərə köçürəcək əsgərlərimizi, hava sərhədlərimizi qoruyanları. Bu gün onların ana südü kimi halalı olan gündü. Soruşsaq da, soruşmasaq da, onların amalının nə olduğunu hamımız bilirik - Ali Baş Komandanın əmri, döyüşlər və Böyük Qələbə!..
26 iyunda Bakıda keçirilən hərbi parad bu amalın paradıydı...
Tariximizin zaman anlamında dünənini unutmuruq, unutmarıq. O tarix tarix yazıbsa, yazılan tarix yazılacaq tarixlərin başlanğıcı olubsa, əbədiyyətəcən unudulmayacaq. 100 il əvvəl yazılan tarix kimi - 100 il əvvəlin 28 mayı kimi, 100 il əvvəlin 26 iyunu kimi. Bu tarixlər Azərbaycan dövlətçiliyinin qürur, sevgi, ehtiram tarixləridi: 26 iyunda Bakıda keçirilən hərbi parad bu qürurun, bu sevginin, bu ehtiramın paradıydı.
Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski, Məmməd bəy Sulkeviç, Cəmşid Naxçıvanski, Şeyxzamanov qardaşları, Şıxlinski qardaşları, ... bu günün nurunu, işığını 100 il əvvəl hiss etmişdilər, bu günün qüdrətini, gücünü 100 il əvvəl duymuşdular, Azərbaycan üçün yaşamışdılar, azərbaycançılığı yaşatmaq üçün yaşamışdılar. Yüksələn bayrağımızın yaşarılığı üçün yaşamışdılar; 26 iyunda Bakıda keçirilən hərbi parad bu ünlü sərkərdələrin ruhunun paradıydı...
1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi, Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Hakimiyyət səriştəsizliyi, yerli müdafiə batalyonlarının məhəlli fəaliyyəti, kimlərinsə iradəsinin icraçısı olması müqayisəyəgəlməz itkilərlə nəticələndi. Xalqın təkidli tələbiylə hakimiyyətə qayıdan böyük tarixi şəxsiyyət Heydər Əliyev ordumuzu nizami ordu kimi formalaşdırdı; 26 iyunda Bakıda keçirilən hərbi parad ulu öndər Heydər Əliyevin ideyalarının paradıydı...
Ərazi bütövlüyümüz uğrunda şəhid olanların hər biri hər birimizin əzizidi. Əzizlərimizin ruhu torpaqlarımız işğaldan azad ediləndə narahatçılıqdan xilas olacaq; 26 iyunda keçirilən hərbi parad şəhidlərimizin - Şikarların, Yusiflərin, Vəzirlərin, Mübarizlərin, Samidlərin, Raqufların, ..., Çingizlərin yaşarı ruhunun paradıydı, şəhid analarına təsəlli paradıydı...
2016-cı ilin aprel zəfəri  Azərbaycan Ordusunun qüdrətini, ordu ilə xalqın birliyinin səviyyəsini təsdiqlədi, dərsliklərə salınmalı tarix yazdı. O da təsdiqləndi ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan tamamilə azad etməyə qadirdi; 26 iyunda keçirilən hərbi parad bu zəfərin, bu qüdrətin, bu birliyin paradıydı...
26 iyunda keçirilən hərbi paradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış etdi. Bu çıxış mahiyyəti etibarilə dövlətçiliyə sədaqət, orduya inam kimi izlənildi, dinlənildi. 26 iyunda keçirilən hərbi parad ölkə Prezidentinin "Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirdi, bir daha Azərbaycan xalqını əmin etdi ki, ... Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdi və buna hazırdı" - inamının paradıydı...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında dedi: "2016-cı ilin aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq" - 26 iyunda keçirilən hərbi parad Ali Baş Komandanın dönməz əminliyinin paradıydı...
Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətini görüncə Ulu Öndərin bir kəlamını xatırladım: "Bir millət, iki dövlət". 26 iyunda keçirilən hərbi parad bu kəlamın paradıydı; 100 il əvvəl Qafqaz İslam Ordusu erməni-bolşevik qüvvələrinə qarşı döyüşmüşdü, Bakının azad edilməsində şücaət göstərmişdi. Bu, həmin tarixin unudulmadığının, mənəvi birliyin məfkurə eyniliyinin təsdiqi kimi izlənildi; mənə elə gəldi ki, Qara dənizin də dalğaları Xəzərin dalğaları kimi kükrədi, coşdu, sahilini döyəclədi...
Tribuna önündən Sülhməramlı, Əməliyyat İmkanları Konsepsiyası və Əməliyyat Ehtiyatları taborlarını təmsil edən hərbi qulluqçular keçir. Baxırsan nə göz doyur, nə könül əl çəkir (M.İlqar)...
Tribuna önündən Xüsusi Təyinatlı Qüvvələrin və Dəniz Piyadaları bölmələrinin hərbi qulluqçuları keçir. Baxırsan, qətiyyət görürsən, qürur görürsən, döyüş əzmi görürsən, qələbəyə təşnəlik görürsən...
Tribuna önündən zirehli avtomobillərin üzərində quraşdırılmış "SPAYK-LR", silahlanmaya yeni qəbul edilmiş daha güclü "SPAYK-ER" tank əleyhinə idarəolunan raket kompleksləri keçir. Aparıcı onu da qeyd edir ki, bu silahlar vasitəsilə 2016-cı ilin aprel döyüşlərində onlarla düşmən tankı və digər zirehli döyüş texnikası bu komplekslərlə məhv edildi. Baxırsan, eşidirsən, ürəyin dağa dönür. Bu paradı Böyük Qələbənin paradının başlanğıcı bilirsən...
Tribuna önündən Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin zavodlarında istehsal olunmuş mina əleyhinə yüksək müdafiə sistemi ilə təchiz olunmuş "MARAL-1" və "MARAL-2" zirehli avtomobillər keçir. Ürəyindən keçənlər himnimizin sözlərinə sarılır "...Ey qəhrəman övladın şanlı Vətəni!"...
Tribuna önündən yüksək mobillikli "BUK-MB" zenit-raket kompleksi, "S-300 FAVORİT" çoxkanallı universal mobil zenit-raket sistemi, ... keçir. Ürəyindən nələr keçir, nələr, nələr!...
Və bir qədər uzaqlardan gələn səsə sarı boylanır hamı, tər-təmiz, dumduru göy üzündə sevgimizin uçuşları görünür - çoxfunksiyalı hərbi nəqliyyat təyinatlı "Mİ-24 QRİFİN", "Mİ-17-1V" döyüş nəqliyyat, "LAHAT", "SPAYK NLOS" tipli raketlərlə silahlanmış "Mİ-17", "Mİ-35", "Mİ-24" helikopterləri, döyüş təyyarələri. Baxırsan və "Uçun, ey mavi göylərin azərbaycançılıq heyrəti. Uçun, uçuşunuz ürəyimizə yük olan intizara ölüm hökmü olacaq!" - pıçıldayırsan...
... Paradı izləməyə yaşlılar da gəlmişdi, cavanlar, yeniyetmələr, uşaqlar da; hər baxışda qədərsiz sevgi, hər baxışda çırpınan istək, hər baxışda inam, etibar, ehtiram... Atasının çiyinlərində bayraq dalğalandıran körpənin fərəhini bu möhtəşəmliyin göyqurşağı bilən minlərdən biriydim; əsgər və zabitlərin mətin yerişi, döyüş texnikalarının əzəməti bu uşağı ata çiyinlərində bir boy da dikəltmişdi, dalğalandırdığı bayraq bir boy da ucalıqda dalğalanırdı. İmkanım olsaydı, o uşağı bağrıma basardım, atasının çiyinlərini çiyinlərimlə əvəzləyərdim...
Parad başa çatdı...
Paradın davamı izlənilənlərin nəyə söykəndiyinin, nələrlə tamamlandığının görüntüləriydi - Türkiyənin "Solo Türk" və "Türk Ulduzları" aviaqrupuna daxil olan "F-16", "F-5" tipli təyyarələrin nümunəvi uçuşları da eyni sevgilərlə izlənildi. Bu uçuşların möhtəşəmliyi hərbi paradın möhtəşəmliyini möhtəşəmliklə tamamladı...
Azərbaycanda nizami ordu quruculuğu böyük tarixi şəxsiyyət Heydər Əliyevin adıyla bağlıdı. Ordumuzu Ulu Öndər formalaşdırdı, ordumuz  Ulu Öndərin sərkərdəliyiylə Horadiz əməliyyatında böyük qələbə qazandı. Bu qələbə həm ordunun gücünü təsdiqlədi, həm də şəxsi heyətin qələbə ruhunu kükrətdi. Ordumuz Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyiylə Lələtəpə, Bayraqtəpə qələbələrini qazandı. Bu parad Azərbaycanda ordu quruculuğunun paradıydı...
Bu möhtəşəm parad şəhid atalarına, şəhid analarına, şəhid balalarına təsəlli paradıydı...
Bu parad dövlətə, dövlətçiliyə sədaqətin paradıydı...
Paradı izləyən uşaqların, yeniyetmələrin, gənclərin Dövlət himnimizi necə həvəslə ifa etdiklərini də gördüm; bu parad Dövlət himnimizin əzəmətinin paradıydı...
Bu möhtəşəm parad azərbaycançılığın paradıydı...
....Böyük Qələbədən sonra keçiriləcək parad daha möhtəşəm olacaq!..

Rəşid HÜSEYNOV, əməkdar jurnalist