Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Avqust 2018 09:45

Vətənim Azərbaycana xidmət edirəm!

Bütün birləşmə və hissələrdə müasir dizaynlı binaların inşa olunması layihəsi çərçivəsində ön xətdə yerləşən hissə və bölmələrdə də abadlıq-quruculuq işləri aparılır. Hətta hərb tariximizə qızıl hərflərlə yazılan uğurlu "Günnüt əməliyyatı" nəticəsində işğaldan azad edilmiş yeni mövqelərdə qısa müddət ərzində hərbi qulluqçularımız üçün yaradılmış şərait düşmənlərimizə göz dağıdır.
Əsgərlərimizin döyüş ruhu və xidməti şəraiti ilə tanış olmaq üçün yenə də yol aldım ön xətdə yerləşən hərbi hissələrimizdən birinə. Qonağı olduğum hərbi hissədə hərtərəfli  şəraitin yaradılması hərbi qulluqçuların ən çətin hava və relyef şəraitində belə rahatlıqla xidmət aparmalarına hesablanıb. Düşmən mövqelərinin bir addımlığında müasir şəraitə, hərtərəfli təminata malik kompleksin tikilməsi Azərbaycan dövlətinin qətiyyətindən, ordumuzun güc və qüdrətindən xəbər verir. Hərbi hissədə əsgər və zabitlər üçün yataq yerləri, hərbi tədris proqramlarının nəzəri cəhətdən daha keyfiyyətlə mənimsənilməsinə xidmət edən sinif otaqları, zabitlər üçün iş otaqları, yeməkxana, ərzaq və əşya anbarları, qazanxana, hamam-camaşırxana, şəhər mərkəzindəki idman zallarından heç də geri qalmayan və müxtəlif idman qurğuları ilə təmin edilmiş fiziki hazırlıq otağı, silah otağı mövcuddur. Hərbi hissədə idman şəhərciyinin mövcud olması şəxsi heyətin fiziki sağlamlığına müsbət təsir göstərir. Bir məqamı da qeyd edim ki, ön xətdə yerləşməsinə baxmayaraq Naxçıvan şəhərindən hərbi hissəyə kimi asfalt yol, qaz və elektrik xətti çəkilib.
Bu gün səngər və mövqelərdə ayıq-sayıq döyüş növbətçiliyi aparan əsgərlərimiz yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdirlər. Çünki, komandirləri tərəfindən yenilməz döyüşçü keyfiyyətləri aşılanan əsgərlərimiz taktiki məşğələ və təlimlərdə daha da mətinləşirlər. Zabitlərdən Şahin Abbasov, Elsevər Kərimov, Nəsib Nəsibov, Məhəmməd Qulubəyli, Emin Namazlı, Fariz Paşabəyli və digərləri bildirdilər ki, əsgərlərimiz döyüş hazırlığı dərslərində həvəslə iştirak etdikləri üçün ən çətin tapşırıqların öhdəsindən layiqincə gəlməyə və düşmənin istənilən təxribatının qarşısını almağa hər an hazırdırlar və buna da qadirdirlər.
Əsgərlər arasında dostluq-qardaşlıq münasibətlərinin simvoluna çevrilmiş "Bir nəfər hamı, hamı bir nəfər üçün" şüarı şəxsi heyətin nümunəvi xidmətinə təkan verir. Ağasəlim, Şahlar, Məzahir, Ramil, Elman, Zabil, İbrahim, Fəttah, Qorxmaz, Balakişi, Kamran, Əfqan, Allahverdi, Əli, Əkbər və digərlərinin hər biri ölkəmizin müxtəlif bölgələrindən olsalar da onları birləşdirən dəyər azərbaycançılıq məfkurəsidir. Təbii ki, şəxsi heyətin yüksək döyüş qabiliyyətinə, mənəvi-psixoloji keyfiyyətlərə, fiziki dözümlülüyə malik olması xidmətin uğurlu təşkilinə imkan verir.
Bu gün xalq-ordu birliyini özündə əks etdirən və hərbi hissələrdə keçirilməsi artıq ənənə halını alan mədəni-kütləvi tədbirlər şəxsi heyətdə böyük ruh yüksəkliyi yaradır. Ön xətdə yerləşən bu hərbi hissəmizdə də konsert proqramları təşkil olunur, şəxsi heyət mədəniyyət kollektivləri, ictimaiyyət nümayəndələri, müharibə veteranları, elm adamları, ziyalılar və tələbə gənclərlə birlikdə mədəni-kütləvi tədbirlərdə fəal iştirak edirlər. Növbəti dəfə hərbi hissənin qonaqları şəxsi heyətin sosial-məişət şəraiti ilə yaxından tanış oldular. Hərbi hissənin idman şəhərciyində fiziki hazırlıq dərsləri praktiki olaraq göstərildi. Həmçinin minaatanlar, tankəleyhinə vasitələr, snayper tüfəngləri və müxtəlif atıcı silahlar haqqında ətraflı məlumat verildi. Daha sonra qonaqlar şəxsi heyətlə birgə nahar etdilər.
Düşmən ordusundan fərqli olaraq bizim ordumuzun hərtərəfli təminata, ən müasir silah-sursata və yenilməz, qətiyyətli, peşəkar şəxsi heyətə malik olması günümüzün reallığıdır. Bu gün hərtərəfli dövlət qayğısı ilə əhatə olunan Azərbaycan əsgəri xalqdan güc alaraq torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanır. Ön xətdəki mövqelərimizdə olan zaman hərbi qulluqçularımızın Vətən sevgisi, ordumuzun qüdrəti hər birimizi daha da qürurlandırır. Xalqımızın ordumuzu güvənc yeri bilməsi qəlbi Vətən eşqi ilə döyünən vətəndaşlarımızın torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanan əsgərlərimizə sevgi və ehtiramının göstəricisidir. Deməli, əldə olunan uğurların, qazanılan zəfərlərin arxasında dövlət-xalq-ordu birliyi dayanır.


Nəriman NƏCƏFOV, “N” hərbi hissəsi,
fotolar Turqut KƏRİMZADƏNİNDİR