Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Avqust 2018 15:57

Əsgər oğullarımız bizə qələbə sevinci yaşadacaqlar

Hər bir insan üçün həyatda elə anlar olur ki, yaddaşımızda silinməz izlər buraxır. Həmin anları isə gülümsəyərək, sevinclə, qürurla xatırlayırıq. Xidməti dövrdə də belə anlar çox olur. Və hər kəsin yaddaşına qızıl hərflərlə yazılır. Kimisi orduya gəldiyi günü, kimisi ilk döyüş növbətçisi çıxdığı günü, kimisi təlimlərdə silahdan ilk dəfə atəş açdığı günü, kimisi də əsgər adı qazanmaq üçün Hərbi andı qəbul etdiyi günü unutmur. Ezamiyyətlərdə olarkən əsgərlərə "Ən yadda qalan günün hansıdır?" sualını ünvanladıqda çoxları Hərbi andı qəbul etdiyi günü söyləyirlər.
"N" hərbi hissəsində əlamətdar bir gündür. Gənc əsgərlərimiz Hərbi andı qəbul edərək ordu sıralarına daxil olurlar. Onlarla söhbətləşmək, fikirlərini bölüşmək, valideynlərin gözlərindəki sevinc qığılcımını görmək üçün səbirsizlənirəm. Budur, mərasim başlayır və adət-ənənəyə uyğun olaraq davam edir. Sıra meydanının kənarında dayanan valideynlərin gözləri öz övladlarını axtarır. Övladlarına baxan valideynlərin  "əsgər balam", "Yaşasın Azərbaycan əsgəri" pıçıltılarını eşidirəm. Mərasim başa çatır və hər kəsin səbirsizliklə gözlədiyi an yetişir. O an gördüyüm mənzərə məni qürurlandırır, gözlərim dolur. Övladını bağrına basıb ağlayan analar, nəvəsinin əllərindən öpüb kövrələn nənələr, əsgər papağını başına qoyub "Ən böyük əsgər bizim əsgər" deyərək səslənən qardaşlar... Yaşanan izdihamda diqqətimi daha çox çəkən gənc əsgərin atasına dediyi sözlər olur. "Əziz atam! Oğlun əsgər Abbasov bu gün Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət edəcəyinə, Vətən torpaqlarını öz namusu kimi  qoruyacağına, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə qanı və canını əsirgəməyəcəyinə and içdi."
Əsgər sözünü bitirdikdən sonra onlara yaxınlaşıb həmsöhbət oluram. Söhbət zamanı Mübariz Abbasov övladıyla qürur duyduğunu bildirdi. "Mən sevinirəm ki, oğlum Vətənin keşiyində dayananlar sırasındadır. Təkcə oğlumla yox, bütün Azərbaycan əsgəriylə fəxr edirəm. Nə xoş bizə ki, bu gün ölkəmiz, o cümlədən ordumuz bu cür Azərbaycan gənclərinin çiyinləri üzərində yüksəlir. Bu gəncliklə nə qədər qürur duysaq azdır. Hər bir valideyni bugünkü gün münasibətilə təbrik edirəm. Arzu edirəm ki, qısa zamanda dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında işğalda olan torpaqlarımızı azad etsinlər. Biz inanırıq ki, övladlarımız bizə qələbə sevinci yaşadacaqlar."
Gənc əsgər İbrahim Abbasov da düşüncələrini bizimlə paylaşdı. O 20 Yanvarda, Xocalı faciəsində şəhid olan soydaşlarımızın qisasının tezliklə alınacağını qeyd etdi.
- Bu gün Azərbaycan əsgəri adını aldıq. Bundan sonra əsas tapşırıqlarımız başlayacaq. Ana Vətənimizin keşiyində qürurla dayanacaq, müdafiə edəcəyik. Xidmətimi ön xətdə davam etdirmək istəyirəm. Çünki düşmənə yaxın olub onun hər addımını izləmək, məqam çatdığı anda isə məhv etmək lazımdır. Onlardan bütün şəhidlərimizin qisasını alacağımız gün üçün tələsirəm.
Bəli, bu gün təkcə əsgər İbrahim Abbasov yox, bütövlükdə millətimiz gecikmiş qisas vaxtını gözləyir. Mən əminliklə deyirəm ki, o vaxt çox uzaqda deyil, lap yaxındadır. Bir gün Ali Baş Komandanımızın əmri ilə ordumuz irəli gedəcək və düşmən tapdağındakı hər qarış torpağımızı azad edəcəkdir.


Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu",
foto  Namiq PƏNAHOVUNDUR