Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Avqust 2018 15:55

“Hər cür şəraitlə təmin olunmuşuq”

Şəxsi heyətin sağlam mənəvi-psixoloji durumu və döyüş  ruhu qələbəni təmin edən ən başlıca amillərdəndir. Müasir dövrdə Azərbaycan əsgərinə göstərilən diqqət və qayğı, yaradılan yüksək məişət şəraiti onların əsgəri xidmətlərini uğurla başa vurmaları üçün zəmin yaradır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun diqqət və qayğısı hər an əsgərlərin üzərindədir. Bu qayğının nəticəsidir ki, əsgərlərin məişət şəraiti və təminatları yüksək səviyyəyə çatdırılıb. Hərbi hissələrimizdə yeni yeməkxanalar, yataqxanalar, hamam və camaşırxanalar şəxsi heyətin istifadəsinə verilib. 
"N" hərbi hissəsində  ezamiyyətdə olarkən bir daha bunun şahidi olduq. Hərbi hissədə olduğumuz müddətdə əsgərlərin gündəlik fəaliyyəti, keçirilən məşğələlər və  məişət şəraitləri ilə tanış olduq. Hərbi hissənin şəxsi heyətlə iş üzrə zabiti ilə əsgər yataqxanasına yollandıq. Yataqxananın təmizliyi və səliqəsi göz oxşayırdı. Divarları ordu quruculuğundan bəhs edən foto-stendlər, həmçinin divar qəzeti, Milli qəhrəmanlar və şəhidlərimizin guşəsi bəzəyirdi. Gördüklərimiz hərbi hissədə ideoloji işin aparılmasına, təbliğat və təşviqat vasitələrinin daim qaydasında olmasına ciddi nəzarət olunduğunun nəticəsidir.
Əsgər yataqxanasına daxil olduq. İkimərtəbəli çarpayılar, təmiz mələfələr, əl-üz dəsmalları  əsgərlərin yüksək sosial-məişət şəraitindən xəbər verirdi. Hər əsgər üçün fərdi ayrılmış tumbada isə hər cür ləvazimat gözə dəyirdi. Bunların hamısı ordu quruculuğunda aparılan islahatların, şəxsi heyətin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində  görülən məqsədyönlü  işlərin nəticəsidir.
"Gördüyünüz yataq dəstləri hər həftə təmizləri ilə əvəz olunur. Həftə sonu köhnə camaşırlar  yığılaraq camaşırxanaya təhvil verilir, yuyulub ütüləndikdən sonra bölmələrə qaytarılır. Həmçinin mütəmadi olaraq yataqxanada həkimlərimiz tərəfindən dezinfeksiya işləri də  aparılır. Əsgərlərimizin hər biri bizim doğma övladlarımızdı. Onlara diqqət göstərir, qayğıları ilə yaxından maraqlanırıq. Gördüyünüz kimi heç nədən korluq çəkmirlər.  Bütün təminatları da qaydasındadır. Yüksək əhval-ruhiyyə ilə xidmət edirlər", - mayor Süleyman Vəliyev deyir.
Yataqxanada olan əsgərlər Elşad İsazadə, Ayaz Ömərov və Şahin Əhmədovla  həmsöhbət oldum. Onlar yataqxananın səliqə-sahmanı ilə məşğul olurdular. Hərbi xidmətə Xaçmaz rayonundan çağırılmış Ayaz söhbətə başladı:
- Hərbi xidmətə gələn hər gənc kimi mənim də arzum Vətənə borcumu layiqincə yerinə yetirməkdir. Hərbi xidmətə çağırıldığım gün çox həyəcanlı idim. Əsgəri formamı geyinib, Vətən keşikçisi olmağın qürurunu yaşayırdım. Hərbi hissədə hər cür şəraitlə təmin olunmuşuq. Yataqxanamız kimi, yeməkxanamız və digər  təminatlarımız da  qaydasındadır. Üzərimizə yalnız bir vəzifə düşür - nizam-intizamlı olmaq, nümunəvi xidmət etmək, şanlı ordumuzun adına layiqli əsgərlər olaraq bizə olan etimadı doğrultmaq.
Digər  həmsöhbətim Elşad isə hərbi xidmətə Yardımlı rayonundan çağırılıb.
"Vəzifələrimizin  öhdəsindən layiqincə gəlib, valideynlərimizin yanına alnıaçıq, başıuca qayıtmaq üçün var qüvvəmizlə çalışırıq. Torpaqlarımızın bir qisminin işğalda olduğu bir vaxtda hərbi xidmətin vacibliyini mən də yaxşı başa düşürəm. Vətənin bu dar günlərində bizim üzərimizə böyük məsuliyyət düşür. Xidmətimiz uğurla keçir, hərbi bilikləri, silahlardan istifadə etməyi, döyüş taktikasını dərindən öyrənirik. Hər an Ali Baş Komandanın döyüş əmrinə hazır olan əsgərlər kimi formalaşırıq. Bunun üçün hər cür şəraitimiz və savadlı komandirlərimiz var. Yaradılan yüksək məişət şəraiti və təminat da ruh yüksəkliyimizi daha da artırır və bacarıqlı əsgərlər kimi formalaşmağımıza zəmin yaradır. Əsgəri xidməti uğurla keçmək bizim mənəvi borcumuzdur", - əsgər E.İsazadə deyir.
- Hərbi hissəyə ayaq basdığım ilk gündən doğma münasibət görmüşəm -  əslən Tovuz rayonundan olan əsgər Şahin Əhmədov söhbətə qoşulur. - Hər gənc kimi mən də Vətən qarşısında övladlıq borcunun öhdəsindən uğurla gəlmək üçün var qüvvəmlə çalışıram. Hərbi hissəyə gəldiyim gündən qarşılaşdığım doğma münasibət, qayğı  ordumuza olan rəğbətimi daha da artırdı. Günlər keçdikcə bu qayğını daha çox hiss etdim. Yataqxanamızda hər cür şəraitimiz var. Bir sözlə, heç nədən korluq çəkmirik. Mən bütün əsgər yoldaşlarım adından Ali Baş Komandanımıza, Müdafiə nazirimizə təşəkkürümü bildirirəm ki, bizim üçün belə yüksək şərait yaradıblar.
Şahidi olduğum yüksək məişət şəraiti bir daha sübut edir ki, ölkə rəhbərliyi tərəfindən hər bir zabitə, gizirə, əsgərə yüksək diqqət və qayğı göstərilir. Şəxsi heyətin məişət şəraitinin ən yüksək səviyyəyə çatdırılması istiqamətində daim işlər aparılır. Bu da hər bir valideyni bir daha  əmin edir ki, övladlarının uğurlu xidmət etməsi üçün Azərbaycan Ordusunun bütün bölmələrində yüksək məişət  şəraiti mövcuddur və onlar komandir qayğısı ilə əhatə olunublar.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"