Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Avqust 2018 15:53

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: Silahlı münaqişələr zamanı tətbiq olunan beynəlxalq hüquq normaları.

Suallar:
1. Silahlı münaqişələr zamanı tətbiq olunan beynəlxalq hüquq normaları.
2. Silahlı münaqişələr zamanı tətbiq olunan beynəlxalq hüquq normalarını pozmağa görə məsuliyyət.
    
Silahlı münaqişələr zamanı tətbiq olunan beynəlxalq hüquq normaları

Müharibə - dövlətlər, xalqlar və sosial qrupların münasibətinin dəyişməsi, siyasi-iqtisadi və digər məqsədlərə nail olmaq üçün zorakılıq vasitələrinin tətbiqi ilə bağlı mürəkkəb və çoxcəhətli ictimai-siyasi hadisədir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəşəriyyət tarixi müharibələrlə zəngindir və bu gün də müasir dünyada bəzən siyasi qərarların həllində zor tətbiq edilməsi hallarına rast gəlmək olur. Müharibələrin qarşısını almaq mümkün olmasa da, dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul edilmiş, beynəlxalq konvensiyalarda öz əksini tarmış hüquq qaydaları mövcuddur. Bu qaydalar beynəlxalq humanitar hüququn əsasını təşkil edir.
Beynəlxalq humanitar hüquq beynəlxalq hüququn bir sahəsi olub, həm beynəlxalq silahlı münaqişələr, həm də qeyri-beynəlxalq silahlı münaqişələrlə əlaqədar beynəlxalq hüququn subyektləri arasında yaranmış münaqişənin zərər vurduğu və ya zərər vura biləcəyi insanların və əmlakın mühafizəsi və müharibənin ararılmasının üsul və vasitələrinin məhdudlaşdırılması sahəsindəki münasibətləri tənzimləyən, həmçinin onun norma və prinsiplərinə görə məsuliyyəti müəyyənləşdirən beynəlxalq hüquq normalarının məcmusudur. Beynəlxalq humanitar hüquq silahlı münaqişə yarandıqda fəaliyyətə başlayır. Beynəlxalq humanitar hüququn obyektini silahlı münaqişənin gedişində döyüşən tərəflər arasında yaranan ictimai münasibətlər təşkil edir.
Beynəlxalq humanitar hüquq - silahlı münaqişələr zamanı tətbiq olunan, döyüş aparılmasının müəyyən üsul və metodlarının tətbiqini qadağan edən və ya məhdudlaşdıran və silahlı münaqişə dövründə fərdin hüquqlarının qorunmasına yönəlmiş beynəlxalq-hüquqi normaların məcmusuna deyilir. "Beynəlxalq humanitar hüquq" görkəmli alim Yan Pikte tərəfindən beynəlxalq-hüquqi leksikona daxil edilmiş yeni termindir. Beynəlxalq hüququn bu mühüm sahəsi müxtəlif cür adlandırılır: silahlı münaqişələr dövründə tətbiq edilən hüquq; müharibə hüququ; silahlı münaqişələr hüququ; müharibə qanunu və s. Xüsusi vurğulamaq lazımdır ki, beynəlxalq humanitar hüquq müharibəni qadağan etmir. O, obrazlı desək, birbaşa döyüş meydanına gəlir və sırf humanist mövqedən çıxış edərək, artıq başlamış müharibəni, onun xarakterindən və başlama səbəblərindən asılı olmayaraq, müəyyən normativ çərçivəyə salmağa can atır. Bundan çıxış edərək, beynəlxalq humanitar hüququn iki başlıca məqsədini göstərmək olar:
1. Kombatant olmayanları, yəni mülki şəxsləri  və sıradan çıxmış hərbi qulluqçuları müdafiə etmək və onlarla humanist rəftarı təmin etmək. Bu məqsədi beynəlxalq humanitar hüququn bir hissəsi olan "Cenevrə hüququ" həyata keçirir. "Cenevrə hüququ" termini, əsas etibarilə, müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyalarına istinad edilərək götürülmüşdür.
2. Seçimsiz zorakılığın, artıq əzab-əziyyətin qarşısını almaq üçün, döyüş aparılmasının müəyyən metod və vasitələrini məhdudlaşdırmaq və ya qadağan etmək. Beynəlxalq humanitar hüququn bu məqsədinin həyata keçirilməsinə yönəlmiş hissəsi "Haaqa hüququ" adlandırılır (1899 və 1907-ci illərdə Haaqa sülh konfranslarında qəbul olunmuş müvafiq sənədlərə istinadən).
Beynəlxalq humanitar hüquq, əsas etibarilə, müqaviləyə söykənir. Bu sahədə aşağıdakı sazişləri göstərmək olar:
- partlayıcı və yandırıcı güllələrin istifadəsinin ləğv edilməsi haqqında Sankt-Peterburq Bəyannaməsi (11 dekabr 1868);
- asanlıqla dönə bilən və yastılanan güllələrin istifadə olunmaması haqqında Haaqa Bəyannaməsi (29 iyul 1899);
- quru müharibəsinin qanun və adətləri haqqında IX Haaqa Konvensiyası  (18 oktyabr 1907);
- boğucu, zəhərli və ya digər belə qazların və bakterioloji vasitələrin müharibədə tətbiqinin qadağan olunması haqqında Cenevrə Protokolu (17 iyun 1925);
- genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya (9 dekabr 1948);
- müharibə qurbanlarının müdafiəsinə dair Cenevrə Konvensiyaları (12 avqust 1949);
- quruda döyüşən silahlı qüvvələrdə yaralı və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında  Cenevrə Konvensiyası (I Konvensiya);
- dənizdəki silahlı qüvvələrdə yaralı,  xəstə və gəmi qəzasına uğramış üzvlərinin vəziyyətinin yaxşılaşdırılması haqqında  Cenevrə Konvensiyası (II Konvensiya);
- hərbi əsirlərlə rəftara dair Cenevrə Konvensiyası (III Konvensiya);
- müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair Cenevrə Konvensiyası (IV Konvensiya);
- silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında Haaqa Konvensiyası (14 may 1954);
- bakterioloji (bioloji) və zəhərli (toksinli) silahların işlənib hazırlanması, istehsal edilməsi və ehtiyata toplanılmasının qadağan olunması və onların məhv olunması haqqında Konvensiya (10 arrel 1972);
- ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında Konvensiya (10 dekabr 1976);
- 12 avqust 1949-cu il Cenevrə Konvensiyalarına əlavə Protokollar;
- Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair Protokol (I Protokol) 8 iyun 1977;
- qeyri-beynəlxalq xarakterli silahlı münaqişə qurbanlarının müdafiəsinə dair Protokol     (II Protokol) - 8 iyun 1977;
- hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında Konvensiya (10 oktyabr 1980).
Sadalanmış bu beynəlxalq müqavilələr içərisində beynəlxalq humanitar hüquq üçün ən əhəmiyyətlisi, şübhəsiz ki, müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyaları və onlara 1977-ci il Əlavə Protokollarıdır.
Beynəlxalq humanitar hüququn əsas prinsirləri:
- hərbi zərurət və ictimai qaydanın qorunması həmişə insana hörmətlə uzlaşdırılmalıdır;
- sıradan çıxarılmış şəxslər, həmçinin bilavasitə döyüşlərdə iştirak etməyənlər hörmət, müdafiə və humanitar hüquqa malikdirlər;
- döyüş aparılmasının metod və vasitələrinin seçilməsində vuruşan tərəflərin üzərinə məhdudiyyətlər qoyulması.
Beynəlxalq humanitar hüququn tətbiqi prinsipləri:
Toxunulmazlıq prinsipi.
Bu prinsipə əsasən:
- döyüş meydanında həlak olan toxunulmazdır; əsir düşənlərin həyatının mühafizə olunmaq hüququ vardır. Açıq surətdə tabe olan (əsir düşən) şəxsləri öldürmək olmaz;
- işgəncə, alçaldıcı və qeyri-insani cəza qadağan olunur;
- hər bir kəsin qanun qarşısında insan hüquqlarının tanınması hüququ vardır;
- hər bir kəsin onun şərəfinə, ailə hüquqlarına, əqidəsinə və adətlərinə hörmət hüquqları vardır;
- əzab çəkən hər kəsə və onun konkret fiziki-psixoloji vəziyyətində zəruri olan qulluq göstərilməlidir;
- hər bir kəsin ailəsi ilə əlaqə saxlamaq və kömək almaq hüququ vardır;
Müdafiə prinsipi.
Dövlət onun əlinə keçmiş şəxsin istər milli, istərsə də beynəlxalq səviyyədə hüququnu təmin etməlidir. Əsir onu tutmuş qoşunların deyil, onların tabe olduqları dövlətin ixtiyarındadır. Düşmən dövlət əsir götürdüyü şəxslərin şəraiti və saxlanmasına görə, işğal etdiyi ərazidə isə ictimai asayişin və xidmət sahələrinin qorunmasına görə məsuliyyət daşıyır.
Müharibə hüququna aid prinsiplər
- müharibə edən tərəflər mülki əhali və mülki obyektləri qorumaq üçün həmişə mülki əhali və döyüşənləri fərqləndirməlidir;
- əsas məqsədi mülki əhalini qorxuya salmaq olan zorakılıq aktları ilə hədələmə qadağan olunur;
- münaqişə edən tərəflər mülki əhalini qorumaq və ya heç olmazsa, mülki əhali arasında təsadüfi itkilər və ya təsadüfi zərərdən imkan daxilində qaçmaq üçün mümkün olan bütün ehtiyat tədbirlərini görməlidir;
- yalnız Silahlı Qüvvələrin heyətinə daxil olan şəxslər düşmən üzərinə hücum edə və ona müqavimət göstərə bilərlər;
- mülki obyektlər hücum obyekti ola bilməz. Mülki əhalinin yaşaması üçün zəruri olan obyektləri məhv etmək və ya başqa yerə köçürmək qadağandır;
- qarət qadağandır.
Hərbi əməliyyatlar aparılmasının metod və vasitələrinə əsasən:
- hədəflərə fərq qoymadan edilən hücumlar qadağandır;
- mülki əhali arasında itkilərə səbəb olacaq və mülki obyektlərə zərər vura biləcək hücumlar qadağandır;
- mülki əhali arasında müharibə ararmaq metodu kimi aclıqdan istifadə etmək qadağandır;
- xəyanətə əsaslanan hərbi əməliyyatlar qadağandır.
   
Silahlı münaqişələr zamanı tətbiq olunan beynəlxalq hüquq normalarını  pozmağa görə məsuliyyət
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra bütün qanunvericilik aktları beynəlxalq hüququn normalarına uyğunlaşdırılmışdır. O cümlədən də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 116-cı maddəsilə silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüquq normalarını pozmağa görə cinayət məsuliyyəti müəyyən edilib.
Silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüquq normalarını pozmaq dedikdə aşağıdakılar nəzərdə tutulur:
- mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etmə;
- ətraf mühitə qəsdən geniş, uzun sürən və ciddi ziyan vurma;
- sülhməramlı tədbirlərin həyata keçirilməsinə və ya humanitar yardım göstərilməsinə cəlb olunmuş şəxsi heyətə, o cümlədən Qırmızı Xaç və ya Qızıl Ayrara fərqləndirici emblemləri olan heyətə, tikililərə, qurğulara, nəqliyyat vasitələrinə hücum etmə;
- hərbi əməliyyatların aparılma üsulu kimi mülki əhali arasında yaranmış aclıqdan istifadə etmə;
- yetkinlik yaşına çatmayanları Silahlı Qüvvələrə cəlb etmə;
- hərbi zərurətdən irəli gəlməyən genişmiqyaslı dağıntılar törətmə;
- müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və silahsızlaşdırılmış zonalara hücum etmə;
- hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən, o cümlədən, xüsusi mühafizə olunan tarixi, dini, təhsil, incəsənət, xeyriyyə, tibb obyektlərinə, xəstə və yaralıların yerləşdirildiyi yerlərə hərbi zərurət olmadan hücum etmə;
- mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etmə;
- hərbi əməliyyat bölgələrində əhaliyə qarşı zorakılıq göstərmə, quldurluq etmə, əmlaklarını məhv etmə, habelə hərbi zərurət bəhanəsi ilə əmlakı qanunsuz olaraq alma;
- dağıdılması mülki əhali arasında böyük itkilərə səbəb ola bilən və mülki obyektlərə əhəmiyyətli zərər vura bilən qurğulara hücum etmə;
- Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə qadağan edilmiş silahları, müharibə vasitələrini və üsullarını silahlı münaqişələrdə tətbiq etmə.
Yuxarıda göstərilən hüquq pozuntularına görə yeddi ildən on beş ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası müəyyən edilmişdir.

İctimai-siyasi hazırlıq qrupunun rəhbəri mövzunu yekunlaşdırarkən dinləyicilərə bir daha xatırlatmalıdır ki, ermənilərin Azərbaycana qarşı işğalçılıq planlarını həyata keçirərkən həm dinc əhaliyə, həm də yaralanmış və əsir düşmüş döyüşçülərimizə qarşı törətdikləri vəhşiliklər II Dünya müharibəsində faşistlərin törətdikləri vəhşiliklərlə müqayisədə daha dəhşətlidir.
                                                                
         Müdafiə Nazirliyi Mənəvi-Psixoloji
Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi