Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Avqust 2018 15:51

İşgəncələrə qarşı Azərbaycan komitəsi hauptvaxtda monitorinq keçirdi

İşgəncələrə qarşı Azərbaycan komitəsi nümayəndəliyinin iştirakı ilə Müdafiə Nazirliyi Bakı Qarnizonu Hərbi Polis İdarəsinin tabeliyində olan hauptvaxtda monitorinq keçirildi. Komitənin sədri Tural Hüseynov, sədr müavini Elçin Şirinov, hüquqşünaslar Qartal Hüseynov və Anar Cavadov hauptvaxtda saxlanılan hərbi qulluqçular üçün yaradılan şəraitlə tanış oldular.
Monitorinqin keçirilməsində məqsəd hərbi qulluqçuların saxlanma şəraiti, onlarla rəftar qaydaları, qidalanma rejimi və günün nizam qaydası ilə maraqlanmaqdı.
İşgəncələrə qarşı Azərbaycan komitəsinin sədr müavini Elçin Şirinov buradakı şərait və zabit heyətinin saxlanılan hərbi qulluqçularla münasibətindən razı qaldıqlarını bildirdi. "Kameralarda saxlanılan hər bir hərbi qulluqçu müasir yataq dəstləri, sanitar qovşaqlarla təmin olunub. Saxlanma kameralarında təbii havalanma və işıqlandırma yüksək səviyyədədir. Həmçinin hauptvaxtda hərbi qulluqçular üçün müasir standartlara uyğun sinif otağı və istirahət otaqları var. Hauptvaxtın zabit heyəti ilə saxlanılan hərbi qulluqçular arasındakı münasibət  təqdirəlayiqdir."
Komitə sədrinin müavini Elçin Şirinov məlumat üçün bildirdi ki, saxlanılan hərbi qulluqçular gün ərzində 3 dəfə yeməklə təmin olunur, sinif otaqlarında tədris işləri ilə məşğul olurlar. "Günün qalan hissəsində hərbi qulluqçularla hərbi təlim və sıra hazırlığı keçirilir. Keçirilən monitorinq zamanı məlum oldu ki, hauptvaxtda iş prosesi beynəlxalq norma və standartlara uyğun aparılır. Hərbi qulluqçular da öz növbəsində, saxlanma şəraitindən və onlarla rəftardan razılıqlarını ifadə etdilər".
Ümumilikdə monitorinqin nəticələrinə görə vəziyyət qənaətbəxş qiymətləndirildi.

Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"