Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Avqust 2018 15:45

“Biz qalib gələcəyik!”

Motoatıcılar, tankçılar, artilleriyaçılar, bir sözlə, bütün hərbi qulluqçular Vətənimiz Azərbaycanın müdafiəsində əzmlə dayanıblar. Azərbaycan Ordusunun fəaliyyətində və döyüş potensialında öz yeri, öz çəkisi olan artilleriyaçılarımızın peşəkarlığı gündən-günə artmaqdadır. Dünya hərb tarixində ağırlığı və geniş imkanları ilə seçilən bu qoşun növündə xidmət etmiş çar ordusunun tanınmış generalları olan Səməd bəy Mehmandarov və Əlağa Şıxlinski artilleriya elminin mahir biliciləri sayılıblar. Rus topunun Allahı hesab edilən Ə.Şıxlinskinin artilleriya elminə gətirdiyi yeniliklər bu gün də tətbiq edilir. "Şıxlinski üçbucağı" artilleriya nəzəriyyəsində ən unikal kəşflərdəndir. Qarabağ müharibəsində peşəkarlığı ilə tanınan topçularımız da az olmayıb.  Azərbaycanımızın ərazi bütövlüyü uğrunda fədakarlıq göstərən artilleriyaçılarımız dünya şöhrətli azərbaycanlı generalların davamçıları kimi bu şanlı ənənəni şərəflə davam etdirirlər.
Ezam olunduğumuz ön xətdə yerləşən hərbi hissənin artilleriya divizionu daim səhra çıxışlarında olur, döyüş hazırlıqlarını artırır. Onların budəfəki döyüş hazırlığına biz də  şahid oluruq.Təlim meydanında canlanma var idi. Topçularımızın növbəti səhra çıxışına ciddi hazırlığı gedirdi. Daim təlimlərdə döyüş hazırlıqlarını artıran artilleriyaçılarımız düşmənlə üzbəüz mövqedə ayıq-sayıqdırlar, eyni zamanda, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir. Onlar bu yaxınlarda başa çatan taktiki təlimdə öz məharətlərini göstəriblər və bacarıqlı döyüşçü olduqlarını bir daha təsdiq ediblər. 
Öyrənirəm ki, artilleriya bölməsinin manqa komandiri müddətdən artıq həqiqi  hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Yasin Alıyevin rəhbərlik etdiyi top heyətinin uğurları zəngindir.  Heyət mart ayında bölmələr arasında ən yaxşı top heyəti üzrə keçirilən yarışlarda 3 dəfə, keçən ilki yarışlarda isə 2 dəfə birinci yeri qazanıb. Hazırda növbəti yarışlara hazırlaşırlar. Mənəvi dəyərlərlə silahlanan bu mübariz top heyətinin vətənsevərliyi hər birinin xarakterində öz əksini tapıb.
Bölmədə bacarıqlı top komandiri kimi ad-san qazanan Yasin Alıyev əslən Füzuli rayonunun Alxanlı kəndindəndir. Beş ildən artıqdır ki, Azərbaycan Ordusunun sıralarında xidmət edir. Yüksək hazırlıqlı manqa komandirinin gizir hərbi rütbəsi alması üçün gizirlik kursuna təqdimatı göndərilib. Aprel döyüşlərinin fəal iştirakçılarından olan, ata-baba yurdunun düşmən işğalında olduğunu deyən Yasin bildirdi ki, keçən il Alxanlı kəndi istiqamətində erməni faşistləri balaca Zəhranı nənəsi ilə birlikdə öldürməklə növbəti dəfə vəhşi əməllərini dünyaya nümayiş etdirdilər. “Düşmən insanlığa sığmayan bu əməlinə görə lazımi cavabını aldı. Biz torpaqlarımızın azadlığı uğrunda döyüşlərə hazırlığımızı daima artırırıq. Artilleriya döyüşün Allahıdır və vacib qoşun növlərindən biridir. Bu gün dünyanın ən müasir artilleriya texnikası Azərbaycan Ordusunun silahlanmasına daxil edilib. Artilleriyamız aprel döyüşlərində öz sözünü dedi.  Komandiri olduğum heyət hər cəhətdən inkişaf edir. Qurğuların yüksək səviyyədə idarə edilməsi, biliklərimizin artırılması, hərbçi şərəfinin həmişə uca tutulması sayəsində təlimlərdə uğurlar qazanırıq.  Uğurlarımızın səbəbləri sırasına biliklərimizi, təcrübəmizi və öz gücümüzə arxalanmağımızı da daxil etmək olar. Qarşılıqlı məsuliyyət və kömək top heyətinin əsas dayaqlarından biridir. Top komandiri kimi yeni xidmətə başlayan əsgərləri öyrədir, texniki biliyimi böyük həvəslə onlara aşılayıram. İnanıram ki, növbəti yarışmalarda da top heyətimiz daha yüksək nəticələr qazanacaqlar. Bu gün əsgərlərimizin məişət şəraiti dəyişib. İndi onlar daha rahat şəraitdə yaşayır və xidmət edirlər. Bütün bunlar hər bir əsgəri öz üzərində daha çox işləməyə, hərbi bacarığa malik yaxşı döyüşçü olmağa çağırır.”
Daha çox nəzəri xarakter daşıyan bugünkü təlim çalışmasında texnikanın marşının şəxsi heyətin piyada səfərilə əvəzlənməsi də əsgərlərin xeyli vacib informasiya əldə etməsinə yardımçı oldu. "Əsgər yataqxanasından parka, oradan toplanma rayonuna qədərki hərəkətlər, döyüş tapşırığının və taktiki durum barədə bilgilərin qəbul edilməsi, müəyyən vaxt normativlərinin işlənməsi bəziləri üçün təkrardısa, digərləri üçün təzə informasiya idi."
Manqa komandiri onu da dedi ki, heyət üzvləri yüksək döyüş vərdişlərinə yiyələniblər. "Sürücü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Süleyman Ağamirov, əsgərlərdən Amil Məmmədov, Telman Yusifzadə, Ramazan Məmmədli, Səftər Mirzəyev öz döyüş bacarıqlarını əməli fəaliyyətlərində təsdiqləyiblər".
Səhra çıxışı öncəsi hərbi hissənin təlim meydanındakı bir bölməsinin hazırlığına müşahidəmizə son qoyub, “Biz qalib gələcəyik!” inamıyla xidmət edən topçularımıza qələbə sevinci və müqəddəs xidmətlərində uğurlar arzuladıq.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu",
fotolar Namiq PƏNAHOVUNDUR