Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Avqust 2018 09:56

Hərbi hissələrdə ana qayğısı

"N" hərbi hissəsində ezamiyyətdə olarkən əsgərlərin məişət şəraiti ilə yaxından tanış olmaq məqsədilə zabit Hafiz Rəhimovla yeməkxanaya yollanırıq. "Əsgərlərin mənəvi-psixoloji hazırlığı, döyüş ruhu nə qədər yüksək olsa, ordunun döyüş hazırlığı da bir o qədər yüksək olar. Bunun üçün ən vacib şərtlərdən biri şəxsi heyətin məişət şəraitinin və təminatlarının qaydasında olmasıdır. Təminatlar arasında isə düzgün qidalanma əsas şərtdir. Keyfiyyətli ərzaqlarla qidalandıqda orqanizm güclü,  sağlam və enerjili olur. Bu gün şəxsi heyətin qida rasionuna yüksək kalorili qidalar daxil edilib. Əsgərlərimiz təcrübəli aşpazlar tərəfindən hazırlanan milli xörəklərlə qidalanırlar. Yeməkxananın girişində qida rasionuna diqqət yetirsəniz, orada fəslə uyğun olaraq bütün qida növlərinin adını görə bilərsiniz. Qida təminatının yüksək olması ilə yanaşı, burada çalışan aşpazların da bacarığı nəticəsində əsgərlərimiz evlərində olduğu kimi, dadlı və yüksək kalorili yeməklərlə qidalanırlar", - kapitan H.Rəhimov deyir.
Yeni tikilmiş yeməkxananın dizaynı göz oxşayır. Girişdə yerləşən əlyuma yeri, salondakı səliqə-sahman, maraqlı təbiət təsvirləri, böyük ekranlı müasir televizor, yeni mətbəx avadanlıqları və s. diqqətimizi cəlb edir. Günün nizam qaydasına uyğun olaraq şəxsi heyətin nahar vaxtı çatır. Cavabdehlərin rəhbərliyi ilə bölmələr yeməkxananın qarşısında nəzərdə tutulmuş yerdə düzülürlər. Hərbi hissə növbətçisi şəxsi heyəti yoxladıqdan sonra "nuş olsun" deyərək, içəri daxil olmaları üçün komanda verir. Sıra ilə yeməkxanaya daxil olan əsgərlər əvvəlcə əllərini yuyub qurutduqdan sonra xörək paylanılan yerə yaxınlaşırlar. Yeməklərini götürdükdən sonra nizamla stola əyləşirlər. Bu proseslərin hamısına cavabdehlərlə yanaşı, yeməkxana növbətçisi də nəzarət edir. Bu günün menyusunda küftə, vermişel süzməsi, mərcimək şorbası, çoban salatı və meyvə şirəsi olduğunu görürəm.
Əsgərlər yeməklərini götürüb yerlərinə əyləşdikdən sonra fürsət tapıb səliqəli formaları və gülər üzləri ilə yeməkxanaya gələn hər kəsdə müsbət aura yaradan aşpazlarla həmsöhbət oluram. İlk həmsöhbətim iki əsgər anası Yeganə Məhərrəmova olur. "Oğullarımın ikisi də hərbi xidmətdədir.  Buradakı əsgərləri onlardan ayırmıram, hamısı bizim övladlarımızdır. Əlimizdən gəldiyi qədər dadlı yeməklər bişirməyə çalışırıq ki, övladlarımız yaxşı qidalansınlar, sağlam olsunlar. Nə qədər sağlam olsalar, Vətənimizi o qədər inamla qoruyarlar. Vətən qoruyucularına xidmət etməkdən hər birimiz qürur duyuruq. Bura bizim üçün təkcə iş yeri deyil, eyni zamanda, Vətənə xidmət edənlərə xidmət yeridir", - Yeganə xanım deyir.
Bildiyimiz kimi, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişi ilə bütün hərbi hissələrdə qadın aşpazlar yeməkxana işlərinə cəlb ediliblər. Bunun nəticəsidir ki, əsgərlərimizə milli mətbəximizin  gözəl təamlarından bişirilir. Vətən keşikçiləri eynilə evlərində olduğu kimi ana əlləri ilə hazırlanan yeməklərlə qidalanırlar. Həmin analardan daha biri ilə söhbətləşirəm. Beş ildən çoxdur burada çalışan zəhmətkeş ana Sahibə Dadaşova oğlunun Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantı olduğunu bildirir:
- Oğlumun ən böyük arzusu hərbçi olmaqdır. Hal-hazırda kursantdır. Fəxr edirəm ki, oğlum bu şərəfli peşəni seçib. Burada çalışanların hər biri təcrübəli aşpazdır. Qida rasionuna uyğun olaraq əsgərlərimizə keyfiyyətli və dadlı yeməklər bişiririk. Həmçinin fəslə uyğun meyvələrdən şirə hazırlayırıq. Əsgərlərin hər biri doğma balamızdır. Onların yaxşı qidalanması üçün əlimizdən gələni əsirgəmirik. Uzun müddətdir hərbi hissədə çalışan biri kimi valideynlərə üzümü tutub əminliklə deyə bilərəm ki, övladlarınız əmin əllərdədir. Onlara  öz balalarımız kimi qulluq edirik.
Aşpazlardan Sevinc Nəsibova, Yaqut Məmmədova, Nahidə Həsənova, Sevda Məmmədova və digərləri də hərbi hissəni öz evləri kimi gördüklərini və əsgərlərə doğma övladları kimi xidmət etdiklərini bildirirlər.
Fürsət tapıb bir neçə əsgərin düşüncələrini də öyrənirəm. Hansı stola yaxınlaşıram, razılıq dolu sözlər eşidirəm. Əsgərlər Elmar Ağayev, Samir Verdiyev, Şükür Hacıyev, İbrahim Novruzov və başqaları dadlı yeməklər bişirdikləri üçün aşpazlara minnətdarlıqlarını bildirirlər. "Eynilə evimizdə olduğu kimi dadlı yeməklərlə qidalanırıq. Dolma, küftə, plov və digər milli xörəklər hazırlayırlar. Belə yüksək qayğının qarşılığında biz də nümunəvi xidmət etməliyik. Minnətdarlığımızı öz xidmətimizlə ödəməliyik. Hərbi hissədə yüksək məişət şəraitinə görə Ali Baş Komandanımıza, Müdafiə nazirimizə və bizə dadlı yeməklər hazırlayan analarımıza təşəkkürümüzü bildiririk", - əsgərlər deyirlər.
Bu ezamiyyətim zamanı bir daha şahidi oldum ki, ölkə başçısının və ordu rəhbərliyinin diqqət və qayğısı nəticəsində əsgərlərin məişət şəraiti tamamilə yaxşılaşdırılıb, şəxsi heyətin sosial təminatları yüksək səviyyəyə çatdırılıb. Hansı şəraitdə xidmət etməsinə baxmayaraq əsgərlər qida, ərzaq, geyimlə tam şəkildə təmin olunublar. Belə yüksək diqqət və qayğı isə şəxsi heyətə sağlam mənəvi-psixoloji ruh aşılayır və onların döyüş əzmini daha da artırır. Artıq əsgər anaları da tam şəkildə əmindir ki, müasir ordumuzda övladlarının xidmət etməsi üçün hər cür şərait yaradılıb.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR