Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Avqust 2018 09:53

Hərbi hissədə radio-qəzet

26 il bundan əvvəl başlayan 3 mart 2018-ci ildə 26 illik  dövrəsini tamamlayıb yenisini cızaraq daha da qiymət qazanan, özündə böyük bir tarixçəni yaşadan, taleləri, hadisələri, xatirələri, özünə ömür edən, Vətənə, torpağa bağlı bir yaşam - “N” hərbi hissənin həyat tarixçəsi. Bu tarixçədə, qəhrəmanlar var, qəhrəmanlıqlar var, torpaq uğrunda canlarından keçənlər var, heykəlləşənlər var. 26 il  söz olaraq bu hərbi hissənin tarixçəsinə sığmır deyəsən. Məzmun kimi sevinc var, bu rəqəmlərdə iftixar, qürur var, şəhidlərə görə qəhər var. Hər şeyin fövqündə dayanan bir hisslə irəliləyiş, yüksəliş ruhu, güc və bacarıq məzmunu var. Dünyanın ən çətin işi olan müharibədə iştirak belə təlatümlərlə də dövrələnir. Necə deyərlər, yaradılan kimi döyüşdə iştirak edən bölmələr nələrlə qarşılaşmalıydı. Döyüşlər, qəhrəmanlıqlar, şəhidlər... "N" hərbi hissəsi belə hərbi hissələrdəndir. Gənc əsgər, sən bu hərbi hissədə xidmət edəcəksən, qürurlanacaqsan. Hərbi hissənin qəhrəmanlarını özünə örnək biləcəksən. Sən də onun şöhrətinə şöhrət gətirənlərin sırasında olacaqsan...
Fotolar sanki dondurub  saxlaya bildiyimiz keçmişimizdi. Müharibədə tərk edilmiş bir kəndin "foto camaatından" ovsunlu heç nə yoxdur. Şəkillər məzlum-məzlum divarlardan boylanır. Bir tərəfi yanmış fotoşəkillər. His basmış simalar. Burda hər məna var. Məlumat, sevgi, sayqı, kədər, sonsuzluq. Ölüm də var. Hər fotonun öz tarixçəsi var, amma onlarla sən danışa bilməyəcəksən. Onlar danışacaq, sən dinləyəcəksən. Amma bir foto səni tutacaq. Bəlkə də heç vaxt unutmayacaqsan. Səni həyatın boyu izləyəcək. Başqasının şəkli olsa da. Tanış sifətlərə çevriləcək. Tanış sifətə çevirdiyi insanlar kimi. Həmin şəkildən və sənin gözlərindən əks olunan röya bir fokusda birləşəcək.
Bir röya da var. O da birlik komandirinin fikrində, ürəyində, dilindədir. Torpaqlarımızı işğaldan azad etmək. Bu onun üçün ən böyük amaldı. Bizə də sirayət edib, könlümüzün sultanına çevriləcək. Qəhrəman olmağa səsləyir hərbi hissəni: Siz qəhrəmanlıq ənənələrinə sahib olan bir varissiniz. Hərb tariximizdə xüsusi yeriniz  var. Biz hamımız bir arzu ilə yaşayırıq. Vətəni azad etmək. Gələn ildönümünü azad edilmiş yurd-yuvamızda qeyd edək. Bu, hamını düşündürməlidir. Hər an Vətənin müdafiəsinə hazır olmalısınız.
Bütün şəxsi heyət də belə deyir:
- Əngəl tanımaz aşarıq,
Dırmaşarıq dağlara.
Ağdama, Füzuliyə, Qubadlıya, Cəbrayıla, Laçına, Şuşaya, Xankəndiyə, Ağdərəyə, Xocalıya, Zəngilana, Kəlbəcərə, Xocavəndə gedirik. Oralarda da dövlət bayrağımız dalğalanacaq! Biz dalğalandıracağıq!.. Sən belə bir hərbi hissənin əsgərisən, əsgər!..
Polkovnik-leytenant  Zakir HÜSEYNOV, "N" hərbi hissəsi
Redaksiyadan:

"N" hərbi hissəsində şəxsi heyətin mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsi baxımından həyata keçirilən yeni metodlar diqqətə layiqdir. Radio-qəzet hərbi qulluqçuların informasiyayla operativ və dolğun təmin olunmasında mühüm bir vasitədir. Onun digər hərbi hissələrdə də tətbiq edilməsi səmərəli olardı.