Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Avqust 2018 09:47

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)
Mövzu: Müasir cəmiyyətdə dinin rolu və yeri. Azərbaycanda islami dəyərlərin bərpası. Azərbaycan Respublikası dini tolerantlıq nümunəsidir.
Suallar:
1. Müasir cəmiyyətdə dinin rolu və yeri.
2. Azərbaycanda islami dəyərlərin  bərpası.
3. Azərbaycan Respublikası dini tolerantlıq nümunəsidir.
Müasir cəmiyyətdə dinin rolu və yeri
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən din dövlətdən, dövlət də dindən ayrıdır. Buna görə də dövlətin sosial, siyasi, iqtisadi və hüquqi fəaliyyətini müəyyən edən qanunlar qəbul edilərkən, dinin bu mövzudakı əmr və qadağalarına görə deyil, sosial ehtiyaclara görə edilir. Dövlət quruluşunun əsası olan dünyəvilik din və vicdan azadlığını dövlət tərəfindən təminat altına alır. Belə ki, o zaman həqiqi din azadlığı, ancaq dünyəvi bir dövlətdə reallaşa bilər. Çünki belə bir dövlətdə vətəndaşlar heç bir müdaxilə olmadan öz dinlərini seçə bilərlər. Dünyəvi bir dövlətdə din azadlığı, hər hansı bir dinə inanma və onun ibadətlərini yerinə yetirmə azadlığını təmin etdiyi kimi, vətəndaşların heç bir dinə inanmama və heç bir dinin ibadətlərini yerinə yetirməmə azadlığını da təmin edir. Dövlətin vətəndaşı ilə münasibəti dini və ideoloji deyil, ədalət çərçivəsində olmalıdır. Dövlətin əsas vəzifəsi, ədaləti, daxili və xarici təhlükəsizliyi təmin etmək, vətəndaşların haqq və azadlıqlarına əngəl olan problemləri aradan qaldırmaqdır. Bu səbəbdən də, dövlət bu gün ölkənin gələcəyi üçün lazım olan tədbiri görməkdədir. Yəni, dövlət vətəndaşlarını və cəmiyyəti zərərli, fanatik və radikal dini-siyasi qrup və təşkilatlardan qoruyur. Bu istiqamətdə dövlətin sekulyar dəyərləri və prinsipləri daha kəskin və aydın qoyulur.
Şərq müdrikliyi və qərb rasionallığından öz payını alan Azərbaycan, cəmiyyət olaraq multikultural və tolerant dəyərləri bu adlarla olmasa da, eyni mahiyyətdə olan digər anlayışlarla hər zaman yaşatmışdır. Bu baxımdan, multikulturalizm cəmiyyətdə bütün dinlər, millətlər, milli azlıqlar və mədəniyyətlərin bir arada tolerant münasibətlər içərisində birgə yaşayışıdırsa, o zaman Azərbaycan nümunə olacaq multikultiral bir ölkədir. Azərbaycanda din-dövlət, eyni zamanda cəmiyyət-dövlət münasibətləri milli-mənəvi dəyərlərlə yanaşı, həm də universal və multikultural dəyərlərə əsaslanan azərbaycançılıq ideologiyası kontekstində tənzimlənir. Bu baxımdan, cəmiyyətə sağlam təfəkkürlü vətəndaş qazandırmaq üçün dərin dini-fəlsəfi dünyagörüşünə, bədii-etik təfəkkürə və yüksək estetik zövqə malik olan insan yetişdirmək lazımdır. Bu da dövlətin düşünülmüş, planlı və uzaqgörən siyasətinə əsaslanan proqramın tərtib olunmasına və onun həyata keçirilməsinə bağlıdır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev cəmiyyətdə dinin böyük rolu və yeri olduğunu öz çıxışında belə qeyd etmişdir: "Dinin cəmiyyət həyatında, xüsusən də gənclərin mənəvi-əxlaqi tərbiyəsində yeri və rolu düzgün istiqamətləndirilməli, mütərəqqi islami dəyərlərin tətbiqi və təşviqi müasir tələblər səviyyəsində aparılmalı, dindən siyasi məqsədlər üçün istifadəyə yol verilməməlidir. Bütün bunlar müasir mərhələdə Azərbaycan Respublikasının daxili və xarici siyasətinin, demokratik dünya birliyi ilə əməkdaşlıq münasibətlərinin prioritet xəttini təşkil edir. Ölkəmiz bu sahədə nüfuzlu beynəlxalq və regional təşkilatlarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatında uğurla fəaliyyət göstərir. Son illərdə MDB Dinlərarası Şurasının, MDB müsəlmanlarının Məşvərət Şurasının, Qafqaz xalqları Ali Dini Şurasının toplantılarının, xüsusən dünya dini liderlərinin sammitlərinin Bakıda keçirilməsi Azərbaycandakı dini sabitliyi, tolerantlıq mühitini, əqidə və ifadə azadlığını bütün dünyaya bir daha bariz şəkildə nümayiş etdirmişdir. Azərbaycan dövləti dinlərarası dialoqun dinamik inkişafına müsbət təsir göstərən bütün səyləri bundan sonra da dəstəkləyəcəkdir".
Azərbaycanda islami dəyərlərin bərpası

Respublikamızda dünyəvi dövlət şəraitində dövlət-din münasibətlərinin tənzimlənməsi, dini-mənəvi dəyərlərin pozitiv potensialından səmərəli və məqsədyönlü istifadə olunması ilə bağlı görülən böyük işlərin mahiyyətini düzgün başa düşmək üçün müstəqillik dövrünün ilk illərində ölkənin dini durumuna ani olsa da nəzər salmaq labüddür.
Milli müstəqilliyin ilk illərində Azərbaycan cəmiyyəti üçün həyatın bütün sahələrində olduğu kimi, din sahəsində də müəyyən pərakəndəlik səciyyəvi idi, 70 illik sovet rejimi dövründə insanların zehnindən dini sıxışdırıb çıxarmaq məqsədilə çox iş görülmüşdü. İfrat dərəcədə ideolojiləşdirilmiş stereotiplər bütövlüklə materialist dünyagörüşünə əsaslanan əxlaqi tərbiyə sisteminin yaradılmasına yönəldilmişdi. Bu sistem insanlara öyrədirdi ki, "Allah yoxdur, din mövhumat və xürafatdan başqa bir şey deyildir, axirət inancı yanlış inancdır, ancaq dünya həyatı var və insan öləndən sonra hər şey bitir". Sovet dövründə yaşayıb-böyümüş insan bu vaxta qədər alışmış olduğu ictimai yönümünü itirdi - çaşıb qaldı, nə edəcəyini bilmədi. Bəzilərində bu hal daha kəskin xarakter aldı. Dini ideyaya, hətta mistisizmə maraq artdı. Vəziyyətdən sui-istifadə etmək istəyənlər də az olmadı. Ölkədə qeyri-ənənəvi dinləri, destruktiv sektaları yaymaq məqsədi güdən bir sıra xarici missioner təşkilatların fəaliyyəti geniş vüsət aldı. Erməni təcavüzü nəticəsində ölkə ərazisinin böyük bir hissəsinin işğal edilməsi, bir milyonluq qaçqın və köçkünlər ordusunun yaranması ilə bağlı sosial gərginlik şəraitində bu hal, həqiqətən, cəmiyyətimizin, xalqımızın gələcəyi, onun müasir millətlər toplusuna daxil olması yolunda ciddi əngəllər törədirdi.
Ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdanda cəmiyyətin dinə bağlılıq durumu mürəkkəb və ziddiyyətli idi. Bu cür çətin şəraitdən yalnız yüksək dövlətçilik təcrübəsi olan bir şəxs baş çıxara, vəziyyəti düzgün qiymətləndirib dönüş yarada bilərdi. Yalnız ulu öndər Heydər Əliyev öz dərin biliyi, yüksək bacarığı, mətin iradəsi, böyük idarəçilik təcrübəsi, düzgün və uzaqgörən siyasəti sayəsində dövlət-din münasibətlərini inzibatçılığa yol vermədən, məqbul beynəlxalq standartlara müvafiq şəkildə öz təbii məcrasına qaytara bilər, dövlətin strateji xəttinə əsasən tənzim edə bilərdi. İlk növbədə din-dövlət münasibətlərində yaranmış uçurum aradan götürülməli, qarşılıqlı inam bərpa olunmalı, dövlətin anti-din, ateist siyasəti yeritməməsinə insanları inandırmalı, dinin həqiqətən də milli-mənəvi dəyərlərdə yerini müəyyən etmək tələb olunurdu. Bu asan və tezliklə həyata keçirilməsi mümkün olan iş deyildi. Hər şeydən əvvəl vəziyyətdə köklü dəyişiklik yaratmaq üçün problemə münasibət bildirməklə yanaşı, qanuni zəmin hazırlamaq lazım idi. Bu məqsədlə "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respubikası Qanununda müəyyən dəyişikliklər edildi, bəzi maddələr ləğv, bəzisinə isə əlavələr edildi.
Ulu Öndər məscidlərə gedir, dini münasibətlərlə keçirilən mərasimlərdə iştirak edir, dindarlarla görüşür, dövlətin strateji xəttini özü şəxsən izah etməyə çalışırdı. Ümummilli Lider çıxışlarının birində bildirirdi ki, Azərbaycanın strateji yolu demokratik, hüquqi, dünyəvi dövlət quruculuğundan keçir. Əlbəttə, dünyəvi dövlətçilik prinsipi dövlətin dindən ayrılığını nəzərdə tutur. Lakin vətəndaş, bütövlükdə isə xalq və millət dindən ayrı deyildir.
Azərbaycan tarixən tolerantlıq, dini dözümlülük ənənələri ilə fərqlənsə də, tam qətiyyətlə deyə bilərik ki, bugünkü mənada beynəlxalq standartlara cavab verən tolerantlıq ölkəmizdə məhz ümummilli lider Heydər Əliyevin xidmətləri sayəsində qurulmuşdur. Bu gün Azərbaycanda dini zəmində münaqişələrin olmaması insanların sərbəst olaraq öz əqidə formasını seçməsi, dini dözümlülük və tolerantlıq şəraitinin yaradılması, bu uğurların bir çox beynəlxalq təşkilatlar, dünyada nüfuzlu din xadimləri və böyük ölkələr tərəfindən etiraf olunması ümummilli lider Heydər Əliyevin dini sahədə balanslaşdırılmış siyasət yürütməsinin və həmin siyasətin bu gün davam etdirilməsinin nəticəsidir.
Azərbaycan Respublikası dini tolerantlıq nümunəsidir
Azərbaycan xalqı olduqca mühüm və bəşəriyyətə nümunə olan mənəvi keyfiyyətlərə malikdir. Bunlardan biri də əsrlərdən bəri formalaşaraq inkişaf edən, xalqımızın hümanist dünyagörüşünü özündə əks etdirən multikultural və tolerant dəyərlərdir. Təsadüfi deyil ki, tarixin bütün dönəmlərində bu coğrafiyada müxtəlif etnoslar, xalqlar, ayrı-ayrı dinlərə sitayiş edən insanlar əmin-amanlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Tarixin bütün dövrlərində dünyanın demək olar ki, hər bir tərəfində milli və dini zəminlərdə qarşıdurmalar baş vermiş, insanlığa, bəşəriyyətə qarşı ağır cinayətlər törədilmişdir. Lakin Azərbaycanda yaşayan xalqlar arasında heç vaxt milli-etnik və dini zəmində ədavət baş verməmiş, bu məqsədlə kənardan edilən cəhdlər iflasa uğramışdır.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində ölkəmizdə mədəniyyətlər və dinlərarası dialoq keyfiyyətcə yeni mərhələyə yüksəldildi, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə hüquqi zəmin yaradıldı. Ən əsası, bu, dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrildi. Ümummilli lider Heydər Əliyev haqlı olaraq multikulturalizm və tolerantlıq siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. Ulu Öndərin müəllifi olduğu Azərbaycan Konstitusiyasında ölkəmizdə dinindən, irqindən, dilindən asılı olmayaraq hər bir vətəndaşın hüquq və azadlıqları, o cümlədən insanların etiqad azadlığı təsbit olundu.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında xalqımızın multikultural və dini-mənəvi dəyərlərinin qorunması, inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasət yeni mərhələdə onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Dövlət başçısı mütəmadi olaraq ölkəmizdə yaşayan xalqların, dini icmaların nümayəndələri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır, milli və dini bayramlarını təbrik edir. İlham Əliyev cənablarının Azərbaycan multikulturalizminin və tolerantlığının elmi əsaslarla öyrənilməsi, həmçinin dünyada təbliği istiqamətində göstərdiyi konkret hədəflərə çatmaq üçün atılan əməli addımlar öz bəhrəsini verməkdədir.
2016-cı ilin ölkəmizdə "Multikulturalizm İli" elan olunması bu sahəyə diqqəti daha da artırır və eyni zamanda, dünyanı alternativi olmayan multikulturalizm və tolerantlıq siyasətindən daha effektiv şəkildə faydalanmağa dəvət edir. 2016-cı ilin "Multikulturalizm İli" elan edilməsi multikulturalizm və tolerantlığın Azərbaycan xalqının həyat tərzi olması ilə yanaşı, dövlət siyasətində prioritet istiqamət olduğunun göstəricisidir.
Azərbaycanda yaşayan bütün millətlərin və dinlərin nümayəndələrinin dövlətçiliyimiz naminə daim həmrəylik nümayiş etdirmələri xalqımızın yüksək multikultural və tolerant dəyərlərə malik olmasının bariz nümunəsidir. Ölkəmizin inkişafı, qüdrətlənməsi ilə yanaşı, ərazi bütövlüyümüzün qorunmasında da burada yaşayan bütün xalqların və dinlərin nümayəndələri hər zaman qəhrəmanlıq və vətənpərvərlik nümunələri ortaya qoyublar. Biz 2016-cı ilin aprel ayının əvvəllərində bunun bir daha şahidi olduq. Cəbhə xəttində erməni təxribatlarına qarşı Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatlarda ölkəmizdə yaşayan azsaylı xalqların nümayəndələri də əsl qəhrəmanlıq nümunələri göstərdilər. Onların arasında şəhidlik zirvəsinə ucalanlar oldu. Bir daha təsdiq olundu ki, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bu torpağı canı qədər sevir və uğrunda ölməyə hazırdır.
Təəssüflə qeyd edək ki, xalqımızın tolerantlıq keyfiyyətindən sui-istifadə edən, dövlət səviyyəsində etnik təmizləmə və işğalçılıq siyasəti aparan Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir. Bu təcavüzün qurbanları arasında tarixi-dini abidələrimiz, fərqli dini konfessiyaların və müxtəlif  xalqların mənsubları da vardır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqımızın tolerantlıq keyfiyyətindən sui-istifadə edən, dövlət səviyyəsində etnik təmizləmə və işğalçılıq siyasəti aparan Ermənistanın hələ də Azərbaycana qarşı təcavüzünün davam etdiyini bildirib: "Əfsuslar olsun ki, bəzi tendensiyaları bizim regionda - Yaxın Şərqdə görürük. Azərbaycan nadir ölkələrdəndir ki, Avropa Şurası ölkələri və islam əməkdaşlıq ölkələri nümayəndələrini Bakıya toplayıb. Multikulturalizm dövlət siyasətimiz və həyat tərzimizdir. Azərbaycanda bütün azadlıqlar təmin edilir. Mətbuat azadlığı, sərbəst toplaşmaq, dini, söz azadlığı təmin edilir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqları işğal edildi. Bunun nəticəsində 1 milyondan çox qaçqınımız var. Baxın görün, biz Bakıda erməni kilsəsini bərpa etmişik. Lakin bizim işğal olunan ərazilərdə məscidlərimiz dağıdılıb".
Dövlət, vətəndaşlarının dini-fəlsəfi dünyagörüşünün, bədii-etik təfəkkürün və estetik zövqün formalaşdırılması üçün düşünülmüş dövlət siyasəti həyata keçirir. Bu anlayış və konsepsiyaların ən mühümü multikulturalizmdir. Multikulturalizm bu gün, məhz Azərbaycanın dövlət siyasəti olaraq təyin edilmişdir. Hansı ki, multikulturallıq bir ölkədə dini, cinsi, etnik və milli müxtəlifliklərin qorunması və inkişafına yönəlmiş siyasətdir.  Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir" - deyərək multikulturalizmi Azərbaycanın dövlət siyasəti olmasını təsadüfün deyil, əksinə qədim dövrlərdən üzü bu yana xalqımızın həyat tərzi kimi xarakterizə etmişdir. Çünki Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemi tolerant münasibətlər içərisində birgə yaşayış ənənəsi Azərbaycan xalqının formalaşdığı bütün dövrlərdə müşahidə edilmişdir. Bu tendensiya Azərbaycan xalqının sahib olduğu dəyərlər sisteminin bütün nümunələrində əsas istiqamətlərdən biridir.

Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi