Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Avqust 2018 09:36

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: Hərbi etikanın əsasları. Hərbi qulluqçular arasında qarşılıqlı münasibətlər, bölmədə sağlam əhval-ruhiyyənin yaranmasında kollektivin rolu.

İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan Respublikasının Konstitusiyasından, Silahlı Qüvvələrin nizamnamələrindən istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.

Suallar:
1. Hərbi etikanın əsasları.
2. Hərbi kollektivlərdə qarşılıqlı münasibətlər və yüksək davranış qaydaları.

Hərbi etikanın əsasları

Hərbi xidmət insanlardan yüksək intizam, icraçılıq, dəqiqlik, təmkinlilik, dözümlülük və çeviklik tələb edən fəaliyyət sahəsidir. Hərbi qulluqçuların xidməti fəaliyyət və ondan kənar vəziyyət şəraitində davranış, müvafiq hərəkət və hadisələrə düzgün reaksiya vermə qabiliyyətini formalaşdıran əxlaqi normalar öz əksini hüquqi sənədlərdə, qanunlarda, nizamnamələrdə, təlimatlarda, komandirlərin əmrlərində tapır. Buna görə əxlaqi tələblər qanun  qüvvəsinə minir. Məsələn, qorxaqlıq cəmiyyətdə insanın psixoloji durumunun keyfiyyət göstəricisi kimi yalnız mənəvi baxımdan pislənirsə, hərbi kollektivdə aşkar edilən qorxaqlıq isə çətin məqamda döyüş tapşırığının uğurla yerinə yetirilməsinə mane olan zərərli və təhlükəli bir amil kimi aradan qaldırılmalıdır.
Odur ki, hərbi qulluqçuların qarşısında həmişə hərbi-etik normalardan irəli gələn yüksək tələblər qoyulur. Bununla belə, əxlaq qanunlara, nizamnamələrə kor-koranə tabe etdirilmir. Əksinə, Azərbaycan Ordusunda hərbi xidməti tənzimləyən bütün hüquqi sənədlər, o cümlədən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət, İntizam, Qarnizon və Qarovul Xidmətləri və Sıra nizamnamələri Vətən qarşısında borcun yerinə yetirilməsində könüllülüyün, şüurluluğun, təşəbbüskarlığın vacibliyini vurğulayır.
Hərbi xidmətə çağırılan hər kəs Vətənimiz Azərbaycana sadiq olacağına, hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirəcəyinə, komandirlərin və rəislərin əmrlərinə sözsüz tabe olacağına təntənəli surətdə and içir.
Hərbi borcunu daim nümunəvi yerinə yetirən hər bir bacarıqlı döyüşçü yüksək mənəviyyata malikdir. Hərbi borcu həm də ləyaqətlə yerinə yetirmək hərbçinin şərəf işidir. Öz vəzifəsinə layiqincə yanaşmaq hərbi qulluqçulardan bəzən böyük çətinlikləri dəf etməyi tələb edir. Hərbi kollektivin uğuru onun hər bir üzvünün fəaliyyətindən asılıdır. Əgər hamı  öz vəzifəsinə hərbi andın, nizamnamələrin tələblərinə uyğun yanaşırsa, deməli nailiyyət labüddür.
Hərbi etikanın vacib normalarından biri hərbi kollektivdə böyüyə hörmət etmək, subardinasiya qaydalarına riayət etməkdir. Vəzifəcə və rütbəcə kiçik olanlar rəisləri nizamnaməyə uyğun olaraq əsgəri qaydada birinci salamlayır və onlara rütbələri ilə müraciət edirlər.
Hərbi qulluqçular öz aralarında da nəzakətli olmalı, bir-birinə "siz" deyə müraciət etməlidirlər. Bu qayda rəislərə də, onların tabeliyində olanlara da eyni dərəcədə şamil edilir.
Azərbaycan zabiti və əsgəri adını daşıyan hər kəs öz yüksək mədəniyyəti, nəzakəti, təvazökarlığı ilə nümunə olmalıdır. İctimai yerlərdə, nəqliyyatda hərbi qulluqçu rütbəcə böyük olan zabiti, rəisi salamlamalı və ona hörmət etməlidir.
Hərbçilər mülki əhaliyə qarşı da nəzakətli davranmalı, Azərbaycan zabiti və ya əsgəri adını uca tutmalı, bu şərəfli ada ləkə gətirməməlidirlər. Bədbəxt hadisələr zamanı biganə qalmamalı və bacardıqları köməyi göstərməlidirlər. Hər bir döyüşçü səliqəli geyinməli, əlini cibində saxlamamalı, rəisinin və ya komandirinin yanında qeyri-etik hərəkətlərə yol verməməlidir.
Hərbi qulluqçunun mənəvi simasını göstərən cəhətlərdən biri də onun danışığıdır. Ünsiyyət zamanı aydın, səlis, inandırıcı sözlərə üstünlük vermək lazımdır.

Hərbi kollektivlərdə qarşılıqlı münasibətlər və yüksək davranış qaydaları


Hərbi xidmətə çağırılan hər bir kəs ordu kollektivinin bir üzvünə çevrilir və silahdaşları ilə nizamnamələrin tənzimlədiyi ictimai və qarşılıqlı münasibətlərə girir.
Hərbi nizamnamələr ordunun xüsusiyyətini və qarşısında duran vəzifələri nəzərə almaqla hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin prinsiplərini müəyyən edir.
Vahid rəhbərlik, və hərbi-etik normalar kollektivdə sağlam və işgüzar iqlimin yaradılmasında aparıcı rol oynayan komandir və rəislərin tabeliyindəkilərə qarşı kifayət qədər tələbkar olmalarını, sonuncuların isə verilmiş əmr və tapşırıqları sözsüz və dəqiq yerinə yetirmələrini, yuxarıda qeyd edildiyi kimi, rütbəcə böyüklərə hörmət göstərmələrini, hərbi salam və nəzakət qaydalarına ciddi əməl etmələrini nəzərdə tutur.
Bir rəhbər və hərbçi-pedaqoq kimi rəis yalnız sözlə, komanda və əmrlə deyil, işə və insana münasibəti ilə də tabeliyindəkilərə təsir göstərir. Tələbkarlıqla yanaşı, zabit həm də qayğıkeş  və ədalətli olmalı, hərbi qulluqçular arasında qarşılıqlı inam və səmimiliyin, döyüş yoldaşlığının bərqərar olunmasına çalışmalıdır. Qayğı və inamın mənəvi-psixoloji amil kimi mühüm əhəmiyyəti ondadır ki, döyüşçülərdə nəinki öz komandirlərinə etimad və hörmət hissi aşılayır, eyni zamanda öz hərbi borcunu ləyaqətlə yerinə yetirməyə həvəs yaradır.
Hərbi qulluqçular arasında kollektivçilik prinsipi nizamnamələrdə geniş yer tutur. Əsgər, çavuş, gizir və zabitlər arasında kollektivçilik, döyüş yoldaşlığı həm əxlaqi, həm də hüquqi norma kimi təzahür edir. Nizamnamələr  hərbçilərdə döyüş yoldaşlığını uca tutmağı, sözdə və əməldə silahdaşlarına kömək etməyi, onları nalayiq hərəkətlərdən çəkindirməyi tərbiyə edir.
Əsgər və matroslar arasında münasibətlər döyüşçülərin hərəkət və davranışına, onlarda bir çox şəxsi mənəvi keyfiyyət və vərdişlərin formalaşmasına bilavasitə və ciddi təsir göstərir. Ona görə tabeliyindəkilərə müvəffəqiyyətlə rəhbərlik etmək, hərbi kollektivi möhkəmləndirmək üçün həmin münasibətləri hər bir zabit və çavuş yaxşı bilməlidir.
Hər bir hərbi kollektivdə təlim və döyüş tapşırığını birgə yerinə yetirərkən, ictimai işlərdə, məişətdə əsgər və matroslar arasında, adətən, qarşılıqlı rəğbət və bağlılıq, dostluq və qardaşlıq hissləri yaranır, döyüşçülər vaxt və qüvvə əsirgəmədən hərbi texnikanın sirlərini öyrənməkdə, çətin məqamlarda bir-birinə kömək edir, bir-birinin uğuruna sevinirlər.
Bununla belə, sıravi döyüşçülərin arasında nizamnamə tələblərinin pozulması halları da müşahidə edilir. Bu, adətən nizam-intizamın vəziyyəti ilə, zabit və çavuşların öz vəzifələrinə kifayət qədər ciddi yanaşmamaları ilə, əsgər və matroslar arasında xidmət müddətinin fərqi ilə, onların orduyaqədərki həyat tərzi və vərdişləri ilə izah olunur. Əsgər və matroslar arasında göstərilən mənfi hallar komandir və rəislərdən tərbiyə işinin gücləndirilməsini, neqativ halları doğuran səbəblərin vaxtında aradan qaldırılmasını tələb edir.
Hərbi kollektivlərdə bəzən bir neçə hərbi qulluqçunun birləşdiyi kiçik qrupların yaranması hallarına da təsadüf edilir, bu qruplar ümumi maraq, fəaliyyət və hərbi xidmətə münasibət zəminində ortaya çıxırlar. Hətta ən mehriban kollektivlərdə belə iki və bir neçə nəfərdən ibarət belə qruplar yaranır. Çox vaxt bu qruplar öz silahdaşlarına müsbət təsir göstərir, hərbi kollektivi möhkəmləndirən amil rolunu oynayırlar. Ancaq bəzən özünü kollektivə qarşı qoyan qruplar da əmələ gələ bilər. Belə qruplara qarşı mövqeni düzgün müəyyənləşdirməklə, həm  obyektiv amilləri, həm də də daxili-psixoloji motivləri üzə çıxarmaq olar.
Ona görə komandirlər və  şəxsi heyətlə iş üzrə zabitlər üçün kollektivlərdə mövcud olan qarşılıqlı münasibətlərin konkret təzahürlərini bilmək, onları təhlil etmək, mənfi halların yaranması və inkişafının səbəblərini vaxtında aşkara çıxarmaq, nizamnamələrin tələblərinə uyğun qarşılıqlı münasibətlərin düzgün vasitə və yollarını seçmək vacibdir.
Hərbi-etik davranış xüsusiyyətləri hərbi xidmət nizamnamələrində öz əksini geniş şəkildə tapmışdır və həmin normalar zabitlərimiz üçün qarşılıqlı münasibətlərin tənzimlənməsinə, ordu kollektivində möhkəm hərbi intizamın təşəkkül tapmasına xidmət edən yararlı istifadə mənbəyidir.

Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi