Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Avqust 2018 09:35

“Vətəndaşlıq borcumu yerinə yetirirəm”

"Vətən üçün hər birimiz bir əsgərik" devizi ilə keçirilən kütləvi vətənpərvərlik tədbirlərini xatırlayırıq. Digər tədbirlər kimi, bu tədbir də istər yeniyetmələrin, gənclərin, Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində, istərsə də ordu  ictimaiyyət münasibətlərinin daha da möhkəmləndirilməsində mühüm rol  oynadı.
Həmin tədbirdə istər Böyük Vətən müharibəsi veteranları, istərsə də Dağlıq Qarabağ müharibəsi iştirakçılarını görən, onların söhbətlərini, tövsiyələrini dinləyən gənclərin vətənpərvərlik duyğuları  kifayət qədər etibarlı səviyyədə formalaşacaqdı.
Belə tədbirlərdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov da yaxından iştirak edir, veteran sözünün gənclərə dolğunluğu ilə çatdırılmasını özünə vəzifə borcu bilir;  vətənsevər olmayanın Vətən,  torpaq, dövlət, dövlətçilik haqqında tövsiyələri dinlənilməz, yadda qalmaz. Cəlil Xəlilov belə tədbirlərdə təkcə öz adından danışmır. "Vətəni sevin" - demir, hadisə və faktlar əsasında danışdıqları deyir Vətəni sevin, yəni həyat faktları söhbətin, tövsiyələrin əsası kimi təqdim edilir ki, bu da daha təsirli olur.
Respublikamızda veteranlara dövlət qayğısı kifayət qədər əhatəlidir, həssasdır.  Bu qayğının yerlərdə  həyata keçirilməsində təşkilatın rolu böyükdür. Təşkilat, müəyyən mənada, dövlətlə veteranlar arasında koordinasiyaedici  missiyanı  yerinə yetirir.
El kəlamı, atalar sözləri həmişə hər bir vətənsevərin həyat, yaşam fəlsəfəsi olub. "Allahsız yerdə otur, böyüksüz yerdə oturma"  kəlamı belə kəlamlardandır. Veteranların iştirak etdiyi tədbirlər  daha nüfuzedici olur. Yeniyetmə və gənclər  üçün örnək olan belə ömürlər Vətən üçün yaşanıldığından həmin tədbirin də məhz Vətən üçün təşkil edildiyinə kimsə gümanla yanaşa bilməz. Cəlil Xəlilov belə bir potensialın Vətənin rifahına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə istiqamətləndirməsinə səy göstərir.
Cəlil Xəlilov Simforopol Ali Hərbi Siyasi Məktəbini bitirib. Pamirdən başlayıb xidmət yolu. Müxtəlif hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət edib. Hərbi anda sədaqətlə xidmət edib. Düşüncələrində - Vətən, dövlət, dövlətçilik. Xidmətində - Vətənə, dövlətə, dövlətçiliyə sədaqət. Bu xarakter vətənsevərlikdən rişələnir. Və o bu xarakteri ilə layiqli bir vətəndaş ömrü yaşayır. Vətən sevgisini görüş-görüş, söhbət-söhbət yeniyetmələrin, gənclərin yaşam fəlsəfəsinə hopdurur. Tədbirlərdə çıxışları həm olmuşların mahiyyətini tövsiyələrə çevirmə qabiliyyətinə, həm də milli mentalitetə söykənir; fakt və hadisəni azərbaycançılığı şərtləndirən ağsaqqallıqla təmasda, bağlılıqla təqdim edir, Əfqanıstan müharibəsində gördüklərini, müşahidə etdiklərini milli-mənəvi dəyərlərimiz fonunda, bu və ya digər mətləbin aşılanmasında vasitə bilir...
Onun taleyində Qarabağ müharibəsinin də izləri var...
Cəlil Xəlilov ədəbiyyatımıza, mədəniyyətimizə, incəsənətimizə bələd olan ziyalılarımızdandır. Böyük Nizami Gəncəvinin, Füzulinin, Nəsiminin, ... də, Səməd Vurğunun, Hüseyn Arifin, Bəxtiyar Vahabzadənin, Rəsul Rzanın da yaradıcılığına yaxşı bələddir. Böyük Nizaminin "Elmsiz, ey dünya, nədir dəyərin?" - kəlamının işığında Tacikistan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Ali təhsilli hüquqşünasdır. Bu, təhsil xətrinə təhsil deyil. Bu, aldığı təhsili təmsil etdiyi təşkilatın fəaliyyətinin dövlətçiliklə üzvi bağlılığını təmin etmə məramıdır...
Horadizdə keçirilən kütləvi vətənpərvərlik tədbirində çıxışında Cəlil Xəlilov demişdi: "Zaman fərdlər üçün də, ictimaiyyət üçün də xalq üçün, Vətən üçün, dövlət üçün yaşama fürsətidir. Bu fürsəti vətənpərvərliklə gerçəkləşdirə bilərsiniz. Hərbi xidmət hərbi and deməkdir. Vətəndaş üçün belə and Vətən andıdır. Mətni tərtib olunmayan bu andı hər kəs Vətənə sevgisiylə yazır. Bu andı möhtəşəm yazın, bu anda sədaqətlə yaşayın. Bu, təkcə mənim deyil, təmsil etdiyim təşkilatın üzvlərinin hamısının tövsiyəsidir..." Bu çıxışı bir tədbir miqyasında vətənpərvərlik dərsi bilmişdik. Belə dərslərin sayı kifayət qədər çoxdur...
Ehtiyatda olan polkovnik Cəlil Xəlilov dünyəvi biliklərin araşdırılmasının, bu biliklərin öz əksini gənc nəslin həyat fəlsəfəsində tapmasının cəfakeşlərindəndir. Qədim yunan filosofu Axilles deyirdi: "Hər şey axır, hər şey dəyişir". Milli mentalitetə bələdliyin, onu qorumağın, yaşatmağın milli mənlik şüurunun gələcək üçün önəmi həmişə böyük olub. Bu baxımdan Cəlil Xəlilov məlum nəzəri bilikləri azərbaycançılıq ideologiyası əsasında təhlil edib, ümumiləşdirib və nəticə etibarilə mütəxəssislərin diqqətini cəlb edən "Milli təhlükəsizliyin təmin edilməsində milli mənlik şüurunun rolu" mövzusunda dissertasiya yazıb, uğurla müdafiə edib, siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Bu elmi araşdırmaların tezisləri təbii ki, gənclərlə, hərbi qulluqçularla söhbətlərdə istinad edilməli mənbədir,  bu mənbə təbii  ki, ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığında gərəklidir.
Milli Məclisin deputatı, ehtiyatda olan general-mayor Vladimir Timaşenko da, filologiya elmləri doktoru Bədirxan Başkeçidli də ömür payını Vətən üçün, Vətənin gənclərinin yüksək vətənpərvərlik duyğularıyla formalaşması üçün yaşayanların, bunu ömür düsturu bilənlərin sırasında olan Cəlil Xəlilovu yüksək mənəvi dəyərlərə malik vətəndaş kimi dəyərləndirirlər; Hərbçi hərbçi xarakteri haqqında fikir bildirir, alim alim haqqında; hərbçi və alim ömrü veteran ömrünün şaxələridir, hər biri ayrılıqda və vəhdətdə dəyərlidir.
Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani onun veteran hərəkatında fəaliyyətini, xidmətlərini yüksək dəyərləndirir.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı  Qüvvələr Veteranları Təşkilatının fəaliyyəti, müəyyən mənada, zaman anlamında dünənlə sabahın arasında mənəvi-tarixi əlaqələndirmə missiyasıdır. Sabahlar üçün yaşamaq dünənləri  unutmamaqdır. Dünənlər tariximizdir. Olmuşların sintezindən ən gərəklisini seçirsən və o gərəklilərin bazasında daha gərəklilərin icraçısı olursan. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı təşkilat kimi, sədr müavini vətəndaş kimi məhz  bu tezisin icraçısıdır.  Təşkilatın sədr müavini bu təşkilatın fəaliyyətini böyük məktəb hesab edənlərdəndir. Müxtəlif tədbirlərdə, o cümlədən beynəlxalq tədbirlərdə Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasəti dəstəkləyən, bu siyasətin gərəkli təbliğatçısı olan Cəlil Malik oğlu gənclərin vətənpərvərlik duyğularının daha yüksək səviyyədə formalaşdırılmasının cəfakeşidir. Müdafiə nazirinin təsdiq etdiyi plana müvafiq  keçirilən kütləvi vətənpərvərlik tədbirində iştirakı, çıxışının mahiyyəti Cəlil Xəlilovun timsalında veteranların mövqeyini əks etdirir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov ehtiyatda olan polkovnik Cəlil Xəlilova yubileyi münasibətilə təbrik ünvanlayıb, onu “Azərbaycan Ordusunun 100 illiyi” (1918-2018) yubiley medalı və qiymətli hədiyyə ilə mükafatlandırıb, veteran hərəkatında xidmətlərini qeyd edib. Cəlil Xəlilovun bu səmimi təbrikə görə Müdafiə nazirinə təşəkkürünü bildirməklə yanaşı, "Vətəndaşlıq borcumu yerinə yetirmişəm..." - deyəcəyinə zərrəcə şübhəmiz yoxdu.
Fəaliyyəti dövlətin gənclər siyasətinin tərkib hissəsi olan təşkilatın sədr müavini İsveçrənin Cenevrə şəhərində sülh əsgərləri Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə keçirilən "Sülh Əsgərlərinin Beynəlxalq Günü" tədbirində də çıxış edib. Onun məzmunlu məruzəsi maraqla dinlənilib. Həmin tədbirdə Cəlil Xəlilov Nobel Sülh mükafatı yubiley medalı ilə təltif olunub. O, bu medalı təşkilatın fəaliyyətinə verilən dəyər hesab edir.
...“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı bundan sonra da dövlətə, dövlətçiliyə sədaqətlə xidmət edəcək”, - ehtiyatda olan polkovnik Cəlil Xəlilov bu amalla yaşayır...

"Azərbaycan Ordusu"