Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Avqust 2018 10:49

“Bu amalın əsgəriyik!”

Günün nizam qaydası əsgərlərin gündəlik fəaliyyətini müəyyənləşdirir. Fiziki hazırlıq da günün nizam qaydasının ayrılmaz və önəmli hissələrindəndir. Əsgərlərin döyüş qabiliyyətinin artırılmasında, sağlamlığının möhkəmləndirilməsində fiziki hazırlığın müstəsna rolu var. İdman tədbirləri zamanı əldə edilən güc şəxsi heyətin döyüş qabiliyyətinə müsbət təsir göstərir. Fiziki hazırlıqla məşğul olan hərbi qulluqçu daha möhkəm, dözümlü və yüksək əhval-ruhiyyədə olur. Sağlam bədənə, fiziki gücə malik olan əsgərlər döyüş tapşırıqlarını daha çevik, dəqiq və vaxtında yerinə yetirirlər. Bu səbəbdən də ordu quruculuğunda şəxsi heyətin fiziki hazırlığına mühüm yer ayrılır. Bütün hərbi hissələrdə əsgər və zabitlərin idmanla məşğul olması üçün idman meydançaları, müasir avadanlıqlarla təchiz olunmuş trenajor otaqları mövcuddur.
Bu gün ordumuzda müxtəlif idman turnirləri və birincilikləri keçirilir. Belə kütləvi idman tədbirləri şəxsi heyətin idmana olan marağını daha da artırır, mənəvi-psixoloji hazırlığının yüksəldilməsində müsbət rol oynayır.
"N" hərbi hissəsinə gəlişimiz idman saatına təsadüf edir. Şəxsi heyət leytenant Sərxan İmanovun nəzarəti altında idman şəhərciyində düzülüb. Zabit şəxsi heyəti yoxladıqdan sonra fiziki hazırlıq məşğələsinə başlayır. Əsgərlər idman hərəkətlərini çevik və həvəslə yerinə yetirirlər. İstər paralel qollarda, istər turnikdə dartınmanı, istərsə də əzələləri inkişaf etdirmək üçün edilən hərəkətləri əsgərlərin hər biri bacarıqla yerinə yetirir.
"Hərbi qulluq edən hər bir gənc xidmətinə sevgi ilə yanaşır. Gün ərzində keçirilən bütün məşğələlərdə həvəslə iştirak edirlər. Eynilə fiziki hazırlıq saatlarında da fəallıq göstərirlər. Hər biri yaxşı başa düşür ki, qarşılarında bir məqsəd var, torpaqlarımızın işğaldan azad olunması üçün döyüş əmrinə hazır olmaq. Bunun üçün də hərbi biliklərlə yanaşı, fiziki cəhətdən də güclü olmalıdırlar ki, düşməni məhv edə bilsinlər. Ona görə də hər biri daim öz üzərində çalışır, fiziki göstəricilərini artırmaq üçün mütəmadi idmanla məşğul olurlar. Yay aylarında hava şəraiti imkan verdiyi üçün fiziki hazırlıq dərslərini idman şəhərciyində keçiririk. Buna baxmayaraq yataqxanamızda trenajor otaqlarımız da fəaliyyət göstərir. Orada müasir idman avadanlıqları quraşdırılıb. Əsgərlər  idman saatlarından başqa asudə vaxtlarında da orada məşq edə bilirlər", - leytenant S.İmanov deyir.
Fiziki hazırlıq dərsi yekunlaşdıqdan sonra əsgərlərlə qısa söhbət edirik. Söhbətləşdiyim əsgərlər arasında həm ölkə daxilində, həm də beynəlxalq arenada uğurlar qazanmış idmançıları tanıyıram. İdmanın yunan-Roma güləş növü üzrə respublika 2-cisi, Macarıstanda keçirilən turnirin bürünc mükafatçısı - İsmayıl Şahbarov, ağır atletika idman növü üzrə Avropa çempionu - Dadaş Dadaşbəyli, qaydasız döyüş üzrə Bakı və respublika birincisi, ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş turnirin qalibi - Hacı Hacızadə və digərləri hərbi xidmətləri dövründə də məşqlərini davam etdirdiklərini vurğuladılar. "Hərbi hissədə bütün təminatlarımız qaydasında olduğu kimi, idman məşqləri etmək üçün də şəraitimiz var. Həm idman şəhərciyimiz, həm də trenajor otaqlarımız imkan verir ki, məşqlərimizi davam etdirək. Bu cür yüksək qayğıya və diqqətə görə Ali Baş Komandanımıza minnətdarıq. Döyüş hazırlığımızın və fiziki göstəricilərimizin hər zaman yüksək olması üçün var qüvvəmizlə çalışırıq. İşğal altında olan torpaqlarımızın azadlığı uğrunda döyüşə atılmağa hər an hazırıq", - əsgərlər deyirlər.
Yorulmadan, həvəslə idmanla məşğul olan əsgərlərlə söhbətdən xoş təəssüratlarla ayrılıram. Şahidi oluram ki, əsgərlər fiziki hazırlıq dərslərinə diqqət göstərir, böyük həvəslə idmanla məşğul olurlar. Ordunun gücü əsgərin döyüş və mənəvi-psixoloji hazırlığından da asılıdır. Ordumuz belə ordudur, torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Əsgərlərdən biri belə dedi: “Bu amalın əsgəriyik!”.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR