Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Avqust 2018 10:24

Xalqımıza Böyük Qələbənin sevincini yaşadacağıq!

Uzun lüləli topları, deşilməz zirehi və qarşısına çıxanı tırtılları ilə əzib keçən tanklar və onları idarə edən döyüşçülər müasir müharibələrdə silinməz izlər qoyurlar. Müharibənin gedişində strateji üstünlüklərə malik olan "dəmir atlar" günümüzün ən təsirli döyüş vasitələrindəndir. Onu da qeyd etmək  lazımdır ki, bu cür texnikanı idarə etmək  böyük məharət tələb edir. "Dəmir atlardan" və bacarıqlı tankçılardan söz düşmüşkən, iki dəfə Sovet İttifaqı qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun adını qeyd etmək yerinə düşər. O, tankın imkanlarını hesablamaqla çətin tapşırıqların öhdəsindən gələrək böyük uğurlara imza atdı. Ancaq Həzi Aslanovdan sonrakı dövrlərdə də tankçılarımız qəhrəmanlıqları ilə dillərə dastan oldular. Belə döyüşçülərimizdən Albert Aqarunov Qarabağ döyüşlərində göstərdiyi şücaəti, igidliyi, qorxmazlığı ilə adını müasir tariximizə qızıl hərflərlə yazdı. Aprel zəfərində də tankçılarımızın rolu danılmazdır.
Düşmənlə təmas xəttində yerləşən hərbi hissələrdən birində ezamiyyətdə olarkən texnikalar üçün təyin olunmuş parkda tanka texniki qulluq göstərən bir qrup hərbi qulluqçu diqqətimi cəlb edir. Hərbi hissənin zabiti Qalibiyyət Əliyevin təklifi ilə hərbi qulluqçularımızla söhbət etmək imkanı qazanırıq. Söhbət zamanı baş gizir Zöhrab Mayılov tanklara texniki qulluğun mütəmadi olaraq göstərildiyini bildirdi. “Hərbi qulluqçu olaraq hər birimiz istənilən an döyüş tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirməyə hazır olmalıyıq. Buna görə də, bizlərə təhkim olunmuş silah və texnikanın sirlərinə yaxından bələd olmalı, onların sazlığına və daim döyüşə hazır vəziyyətdə olmasına xüsusi diqqət yetirməliyik. Əgər onlara vaxtlı-vaxtında qulluq göstərilməsə, döyüşün uğurlu nəticələrindən danışmaq çətin olar. Döyüşdə itki vermədən qələbə qazanmağın yeganə yolu hərbi qulluqçuların hərb sənətinə dərindən yiyələnməsidir. Bu səbəbdən komandir heyəti tabeçiliyində olanların bilik və bacarıqlarının təkmilləşdirilməsinə böyük əhəmiyyət verir. Təsdiq edilmiş tədris planına əsasən hərbi qulluqçularımızın texniki, atış və digər sahələrdə biliklərinin artırılması üçün məşğələlər keçirilir. Dərslərdə əldə edilən təcrübə sayəsində düşmənin istənilən təxribatına layiqli cavab vermək mümkündür. Bunun nəticəsidir ki, aprel döyüşlərində hərbi qulluqçularımız düşməni hər cəhətdən üstələdi, məğlubiyyətə uğratdı".
Tank komandiri vəzifəsində xidmət edən gizir Ramal Abbasov bildirdi ki, döyüşdə tankın heyəti vahid şəkildə hərəkət etməlidir. "Qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlmək üçün bütün heyət arasında qarşılıqlı anlayış olmalıdı. Bu səbəbdən istər təlimdə, istərsə də döyüş şəraitində bütün bilik və bacarıqlarımızı səfərbər edirik. Yarana biləcək problemlərin qarşısını almaq üçün hər an diqqətliyik. İnanıram ki, qısa zamanda xalqımıza Böyük Qələbənin sevincini yaşadacağıq. Bu torpaqlar uğrunda şəhid olan qardaş və bacılarımızın qisasını alacağıq".
Kiçik çavuş Rəcəb Muradov və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elçin Alıyev də düşmən tapdağı altında olan torpaqlarımızı azad etmək üçün Ali Baş Komandan İlham Əliyevin döyüş əmrini səbirsizliklə gözlədiklərini vurğuladılar.

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",
foto Coşqun CƏFƏROVUNDUR