Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Avqust 2018 10:01

Güclü ordunun əsgəri olmaq şərəfdir

Bu gün Azərbaycan Ordusunda şəxsi heyətin döyüş təcrübəsinin, hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji keyfiyyətlərinin təkmilləşdirilməsi başlıca vəzifələrdən biridir. Məqsəd dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasının təminatçısı rolunda çıxış edən ordunun şəxsi heyətinin döyüş və vətənpərvərlik ruhunun yüksək olmasına nail olmaqdır. Əsgərlərin aparıcı qüvvə olaraq ordunun yükünü öz üzərində daşımalı olacağını nəzərə alanda, sözügedən məsələyə son dərəcə məsuliyyətlə yanaşmaq reallığı ortaya çıxır. Azərbaycanın müharibə vəziyyətində olması da tələb edir ki, şəxsi heyətin döyüş qabiliyyətinin formalaşması diqqət mərkəzində saxlanılsın.
Təsadüfi deyil ki, Azərbaycan Ordusunda daimi olaraq qarşıya qoyulan ən əsas məsələlərdən biri döyüş qabiliyyətinin artırılmasıdır. Mütəmadi olaraq keçirilən hərbi təlimlər ordumuzun müasir döyüş vərdişlərinin artırılmasına xidmət edən vasitələrdən biridir. Azərbaycan Ordusunun 2018-ci il üçün hazırlıq planına əsasən bu il də qoşun növləri, birlik, birləşmə, əlahiddə hərbi hissələrdə və xüsusi təyinatlı təhsil müəssisələrində "Ən yaxşı planşetçi" müsabiqəsi keçirilib və qaliblər müəyyənləşib.
Müsabiqənin yekununa görə birinci yerin sahibi əsgər Kamil Yolçuyevlə "N" hərbi hissəsində görüşüb yarış barədə təəssüratlarını öyrənirik.
Əsgər Kamil Yolçuyev bildirdi ki, Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biridir: "Bir əsgər kimi məni sevindirən odur ki, ordumuzun adı dünyanın güclü orduları sırasında çəkilir. Mən də bu gün güclü bir ordunun əsgəriyəm. Güclü ordunun əsgəri olmaq şərəfdi. Bizim əsgər kimi borcumuz qarşımıza qoyulan etimadı doğrultmaq, torpaqlarımızı işğaldan azad etməkdi. Keçirilən bu təlimlərin də əsas məqsədi bizləri döyüş vəziyyətinə tam hazırlamaqdı. Azərbaycan əsgəri kimi istənilən döyüşə hazırıq".
"Etiraf edim ki, qalib olacağımı güman etmirdim. Hərbi hissə və birləşmələr tərkibində keçirilən yarışların birincisi olmağıma baxmayaraq, sonuncu mərhələ daha məsuliyyətli və çətin idi. Təbii ki, yarışa qatılanda ilk üçlüyə düşəcəyimə ümid edirdim. Ancaq müsabiqənin birincisi olacağımı gözləmirdim. Birinci olmaq daha şərəfli və daha məsuliyyətlidi", - deyə əsgər Kamil Yolçuyev bildirdi.
Əsgər Kamil Yolçuyev onu da qeyd etdi ki, yarış həm nəzəri, həm praktiki, həm də fiziki mərhələlərdən ibarət oldu: "Yarış həyəcan siqnalının verilməsi ilə başladı. Bir planşetçi kimi qarşımda duran əsas məsələ hədəfi tutma və onu izləmə prosesi idi. Sevinirəm ki, hər üç mərhələnin öhdəsindən layiqincə gəldim. Ancaq ən maraqlı mərhələ praktiki mərhələdir. Bu mərhələdə ilk olaraq lokator hədəfi “görür”. Lokator vasitəsilə müəyyənləşdirilən hədəf planşet vasitəsilə izlənilir. Sonra hədəf barədə bütün məlumatlar dəqiqləşdirilir, kitabda qeydlər aparılır və məruzə edilir. Hər birimizin amalı torpaqlarımızın işğaldan azad edilməsidir."

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"