Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Avqust 2018 09:33

Sabahın əsgərləriyik!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qürurla deyir ki, Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır.
Bir məktəbli olaraq bu fikirlə biz də qürurlanırıq. Gündən-günə güclənən, inkişaf edən bir dövlətdə boya-başa çatmağımızla, gəncləşməyimizlə qürurlanırıq. Belə bir ordunun əsgəri olacağıq. Ordumuzun gücünə, qüdrətinə biz də inanırıq, biz də güvənirik.
Dövlətimiz biz məktəblilərin vətənpərvərlik ruhunda formalaşmasına xüsusi diqqət yetirir. Biz məktəblilər ulu öndərimiz Heydər Əliyevin ideyaları əsasında təhsil alır, böyüyürük. Bu ideyalar müxtəlif tədbirlərlə həyata keçirilir. Belə tədbirlərdən biri də Müdafiə Nazirliyi ilə Səbail rayon İcra Hakimiyyətinin birgə layihəsi olan "Gənc Heydərçilər"in yay istirahət düşərgəsidir. Biz bu düşərgədə 15 gün əsl hərbçi həyatı yaşadıq, hərbi xidmətin nə olduğunu burada əhatəli şəkildə gördük, öyrəndik. Yay istirahət düşərgəsi bizə də, yaşıdlarımıza da xoş anlar yaşatdı. Yay istirahət düşərgəsində olmasaydıq, döyüş texnikalarıyla, atıcı silahlarla necə tanış ola bilərdik? Bu tanışlıq bizim də ömrümüzə yazıldı. Bu günlərin xoş təəssüratını heç zaman unutmarıq, unutmayacağıq.
Yay istirahət düşərgəsində müxtəlif tədbirlər bizim də bildiklərimizi dərinləşdirdi, müxtəlif mövzuda söhbətlər, diskussiyalar həm dünyagörüşümüzü zənginləşdirdi, həm də istirahətimizin mənalılığını təmin etdi.
Burada digər uşaqlarla xoş anlar yaşadıq. Bizim hərbi xidmətə marağımız daha da dərinləşdi. Məktəbə qayıdandan sonra təəssüratlarımızı yoldaşlarımızla bölüşəcəyik. Belə bir istirahətə görə Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürümüzü bildiririk.
Biz məktəbliyik. Bizim Vətən qarşısında bu yaşda borcumuz yaxşı oxumaqdır. Dərslərimizi bundan sonra da həvəslə oxuyacaq, Vətən qarşısında ən gərəkli borcumuzu yerinə yetirməyə tam hazırlıqlı olacağıq. Biz sabahın əsgərləriyik. Biz də Vətənimizi bu günün əsgərləri kimi sədaqətlə qoruyacaq, Vətənə layiqli oğul olduğumuzu təsdiqləyəcəyik.
Hörmətli redaksiya!
"Gənc Heydərçilər"in yay istirahət düşərgəsi layihəsini həyata keçirənlərə, istirahət müddətində bizim özümüzü hərbçi kimi hiss etməyimizə şərait yaradan zabitlərə dərin minnətdarlığımızı çatdırmaq istəyirik.

İmran ASLANLI, Emin İSMAYILLI, Orxan İSMAYILLI