Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Avqust 2018 09:32

“Vətəni qorumağa gəlmişik”

Bacarıqlı, yüksək döyüş hazırlığına malik olan əsgər ordunun onurğa sütunudur.  Müasir silah və texnikadan istifadə etməyi bacaran, istənilən hərbi əməliyyatı yerinə yetirməyə qadir olan əsgərlərin olmasa, hansısa qələbədən danışmağa dəyməz. Hərbi xidmətə gələn gənclərin isə hərbi biliklərə yiyələnməsi, silah və texnikadan istifadə qaydalarını öyrənməsi məhz gənc əsgər hazırlığından başlanılır. Hərbi xidmətin əlifbasını öyrənmək həmin dövrə təsadüf edir. Bu gün ordumuzun bütün birləşmələrində gənc əsgərlərə yüksək səviyyədə təlim keçirilir. Üç aylıq gənc əsgər hazırlığı dövründə onlara atəş hazırlığından, döyüş taktikasından, sıra hazırlığı, ictimai-siyası hazırlıq və digər hərbi biliklərdən əyani və praktiki məşğələlər təşkil olunur.
Hərbi hissələrdən birində gənc əsgər hazırlığının  yüksək səviyyədə təşkil olunmasının şahidi oldum. Keçirilən atəş hazırlığı dərsini izlədim. Leytenant Bəhlul Əlişov gənclərə "AKM-74" avtomatının sökülüb-yığılması, təyinatı, hissə və mexanizmləri haqqında praktik məşğələ keçirdi. Bəhlul Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində mənimsədiyi bilikləri əsgəri xidmətə gələn gənclərə öyrədirdi. Dərsin gedişindən hiss olunur ki, Bəhlul gənc olmasına baxmayaraq, seçdiyi peşənin sirlərinə dərindən yiyələnib.
"Seçdiyin peşədən asılı olmayaraq, hər kəs işinə sevgi ilə yanaşmalı, gördüyü işdən mənəvi zövq almalıdır. O zaman həmin sahədə uğur qazanmaq olar. Hərb peşəsini öz istəyimlə seçmişəm və bu peşəyə ürəkdən bağlıyam. Kursant olarkən təcrübəli zabitlərimiz tərəfindən hərbi biliklərə dərindən yiyələnmişəm. Bütün dərslərdə həvəslə iştirak edir, peşəkar müəllimlərimiz tərəfindən öyrədilən biliklərə dərindən yiyələnmək üçün səy göstərirdim. Bu gün həmin əziyyətlərimin bəhrəsini görürəm. Əsgəri xidmətə gələn gəncləri çətinlik çəkmədən öyrədirəm. Onlar da öyrənməyə həvəs göstərir. Hər biri avtomatın təyinatını, hissələrini, sökülüb-yığılmasını yaxşı mənimsəyiblər. Gənclərin dərsə olan marağı məni daha da həvəsləndirir. Əminliklə deyə bilərəm ki, təlim kursunun sonunda hər biri bacarıqlı əsgərlər kimi formalaşacaq", - leytenant B.Əlişov deyir.
Sözünü davam etdirən zabit bildirir ki, bugünkü dərsimizin mövzusu avtomatın iş mexanizmidir: "Bu dərsdə əsgərlərə avtomatın atışa hazır vəziyyətə gətirilməsi, zərbə-tətik mexanizminin necə işləməsi və tətiyə basdıqdan sonra gedən digər proseslər haqqında məlumat verirəm. Hərbi xidmətin hələ astanasında olmalarına baxmayaraq gənclərin hər biri dərsə  fəallıq göstərir, avtomatın hissələrini əzbər deyir, sərbəst şəkildə söküb-yığırlar". 
Dərs prosesi başa çatdıqdan sonra əsgərlərlə də söhbətləşirəm. Hərbi xidmətə Qaradağ rayonundan çağırılan əsgər Nurlan Nərimanov təlim dövründə öyrəndiklərindən danışır:
- Əsgər olacağım günü hər bir gənc kimi mən də səbirsizliklə gözləyirdim. Ordumuz qürur mənbəyimiz olaraq hər birimizin sevgisinə və rəğbətinə sahibdir.  İndi biz də Azərbaycan Ordusunun əsgərləriyik. Bu isə böyük fəxrdir, sevincdir. Bu xidmət mənəviyyat borcumuzdur. Borcun öhdəsindən uğurla gəlmək hər birimizin arzusudur. Onun üçün keçirilən bütün məşğələlərdə fəal iştirak edir, bacarıqlı əsgərlər kimi formalaşmaq üçün həvəs göstəririk. Artıq bir çox hərbi biliklərə yiyələnmişəm. Avtomatı sərbəst söküb-yığır, hissə və mexanizmlərini, onların funksiyalarını yaxşı öyrənmişəm. Bizim tək amalımız var - hərbi biliklərə və vərdişlərə dərindən yiyələnib, Ali Baş Komandanımızın döyüş əmri ilə Qarabağımızı düşməndən azad etməyə hər an hazır olan əsgərlər olmaq.
"Vətəni qorumağa gəlmişik, Vətəni qoruyuruq", - əsgər Seymur Kiçikbəyov deyir. - Hərbi xidmətə Şabran rayonundan çağırılmışam. Təlim müddətində komandirlərimizin öyrətdiklərinə diqqətlə qulaq asır, verilən tapşırıqları həvəslə yerinə yetiririk. Atəş hazırlığı həvəslə gözlədiyim dərslərdəndir. Silahlara qarşı uşaqlıqdan marağım olub. Artıq bütün normativləri vaxtında və düzgün icra etməyi bacarıram. Təlim kursunu başa vurub səngərə, düşmən qarşısında dayanmağa gedəcəyik. Bizə ata-babalarımızdan əmanət qalan torpaqlarımızı göz bəbəyi kimi qoruyacağıq. Digər silahdaşlarımız kimi biz  də mövqelərimizi inamla qoruyacaq, düşmənə keçilməz sədd olacağıq.
 
Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR