Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Avqust 2018 09:31

Gənc əsgərlərin ilk xidmət günü

Vətən anlayışının nə demək olduğunu dərk edən hər bir azərbaycanlının uşaq yaşlarından bir arzusu, amalı var - hərbi mundir geyinərək Vətən uğrunda savaşmaq, torpaqlarımızı işğaldan azad etmək. Uşaqlar böyüyür... Böyüdükcə vətəndaşlığını, sahib olduğu milli mənsubiyyəti dərk edir... Dərk etdikcə Vətənini sevir. Doğulduğu torpağı qorumaq onun mənəvi borcuna çevrilir. Nəticədə hələ məktəb yaşlarından "böyüyəndə əsgər olacam" deyənlər, ordu sıralarına qatılırlar. Vətəndaşlıq borcunu layiqincə yerinə yetirmək üçün ana torpağa ləyaqətlə xidmət edəcəklərinə and içirlər.
Gənc əsgərlərin hazırlığı ilə məşğul olan "N" hərbi hissəsindəyik. Nəzarət-buraxılış məntəqəsindən hərbi hissəyə daxil olarkən ordu sıralarına yenicə qədəm qoyan gənclərimizi görürəm. Onların üzündəki sevinci, qüruru müşahidə etməmək mümkün deyil. Gənc əsgərlər ətrafını yaşıl meşələrin sardığı hərbi hissəyə, burada yaradılan şəraitə heyrətlə baxır. Yəqin ki, kütləvi informasiya vasitələrində görüb-eşitdiklərinin təsdiqidir, bu heyranlıq. Başdan-ayağa döşənmiş asfalt örtük, müasir əsgər yataqxanaları, inzibati binalar, idman şəhərciyi və isti yay günlərinə xoş əhval-ruhiyyə qatan sərin dağ havası xidmətə ilk addım atanların ürəyinə su səpir. Gözlərindəki sevinc “sanki mən böyük qələbənin əsgəri olacam”, deyir.
Şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinə cavabdeh olan zabit Süleyman Vəliyev gənc əsgərlərin peşəkar döyüşçü kimi yetişməsi üçün komandanlıq tərəfindən yüksək səviyyəli şərait yaradıldığını dedi.
- Bildiyiniz kimi, ordu sıralarına qatılan gənc əsgərlərin qəbulu davam edir. Bizlər də üzərimizə düşən vəzifəni yerinə yetirərək əsgərlərin bacarıqlı döyüşçü kimi formalaşmasına çalışırıq. Mütəmadi olaraq keçirilən sıra və döyüş hazırlığı dərsləri ilə yanaşı, əsgərlərimizin mənəvi-psixoloji vəziyyəti daim nəzarətdə saxlanılır. Əsgərlərimizdə həm sağlamlığı, həm də dözümlülüyü formalaşdırmaq üçün hərbi hissənin idman meydançasında təcrübəli zabitlərimizin rəhbərliyi ilə fiziki hazırlıq dərsi keçirilir.
Yeni gələn əsgərlərin qəbulu prosesi haqqında maraqlanırıq. Nəzarət-buraxılış məntəqəsindən əsgərləri nizamlı şəkildə qeydiyyata gətirən kiçik çavuş Fərhad Fərhadov onları adlı siyahıya uyğun olaraq şəxsi heyətin uçotu bölməsinə təqdim edir. Kapitan Elşən Qurbanov hər bir əsgərin hərbi biletdəki məlumatlarını dəqiqləşdirir. Haqlarındakı mühüm məlumatları qeyd edir və müayinə üçün tibb məntəqəsinə göndərir. Müasir tibbi avadanlıqları, səliqə-sahmanı ilə sağlamlıq vəd edən tibb məntəqəsində ilk olaraq əsgərlərin boyu və çəkisi qeyd olunmaqla, onlara ilkin tibbi kitabça açılır. Tibb xidməti mayoru Elşad Abbasov gənc əsgərlərin təcrübəli hərbi həkimlər tərəfindən müayinə olunduqlarını və şikayətlərinin qeydə alındığını bildirdi.
- Hər birimiz xidmətin ilk və sonrakı günlərində gənc əsgərlərin, bütövlükdə şəxsi heyətin sağlamlığının keşiyində dururuq. Hərbi hissəmizdə təcrübəli həkimlər xidmət göstərməkdədirlər. Müşahidə etdiyiniz kimi, hər bir əsgər xidmətə başlamazdan öncə müayinə olunur. Bu işi hərbi hissəmizdən seçilən və  xüsusi olaraq ezam olunan həkimlər briqadası həyata keçirir. İlkin olaraq "N" hərbi hissəsindən  ezam olunan tibb xidməti polkovnik-leytenantı İsmayıl Qantayev və baş çavuş Zaur Sofiyev əsgərlərimizin flüoqrafik müayinəsini həyata keçirirlər. Rentgen aparatından keçən əsgərlər  ümumi yoxlama üçün həkim-cərrah, stomatoloq, nevroloq və terapevt tərəfindən müayinə olunur, sağlamlığı təsdiq olunan əsgərlər bölmələrinə göndərilirlər.
Bölmədə gənc əsgərləri səmimiyyətlə qarşılayan leytenant Röyal Yarıyev hər kəsi yataqxana ilə tanış etdi. Sanitar qovşağı, duş kabinələrini göstərərək yaradılmış şəraiti qoruyub saxlamağın hər kəsin borcu olduğunu bildirdi.
- Gördüyünüz kimi, səliqəli, təmiz və göz oxşayan yataqxanamız var. Ən müasir duş kabinələrinin, sanitar qovşaqların varlığının şahidi oldunuz. Tələbim odur ki, sizlər üçün yaradılan bu şəraiti qoruyub saxlayasınız. Çünki bura bizim evimizdir. Həmçinin onu da qeyd edim ki, sizin ilk xidmət anınız buradan başlayır. Bir azdan hərbi mundirləriniz, birinci kateqoriya yataq ağlarınız təqdim olunacaq. Hər kəs formasını geyindikdən sonra yatağını səliqəyə salacaq və nahara yollanacaq.
Komandirin gənc əsgərlərə ilkin tapşırıqlarından sonra gizir Müşviq Məcidov əsgərlərə formalarını və ağları təqdim etdi. Gənc əsgərlər yataq yerləri ilə tanış oldu. Formanı geyinən hər kəsin üzündə "mən Azərbaycan əsgəriyəm", - deyə hayqıran əvəzedilməz ifadəni görürəm...
- Gördüyünüz bu əsgərlər mütəmadi dərslər keçəcək, təcrübəli döyüşçü kimi formalaşacaqlar. Onlar bizim gələcəyimiz, döyüş meydanında silahdaşımız, tezliklə azad olunan torpaqlarımızda tarix yazacaq qəhrəmanlarımızdır. Mən və mənim timsalımda bütün zabitlər öz bilik və bacarıqlarımızı əsirgəmədən gənc əsgərlərə öyrədəcəyik. Dərslər zamanı sıranın müqəddəsliyini dərk edəcək, bir zamanlar Mübariz İbrahimovun, Samid İmanovun, Fərid Əhmədovun, Çüngiz Qurbanovun və digər qəhrəmanlarımızın bu sırada mətinliklə dayandığını anlayacaqlar. Döyüş hazırlığı zamanı aprel zəfərinin başlıca səbəbinin hazırlıqlı ordu, bacarıqlı əsgər tərəfindən qazanıldığını dərk edəcəklər. Fiziki hazırlıq dərslərinin həm sağlamlıq, həm dayanıqlıq, həm də güc olduğunu biləcəklər. Silahların taktiki-texniki xüsusiyyətlərini bilməyin döyüş meydanında onlara yardımçı olacağına əmin olacaqlar, -  zabit Röyal Yarıyev deyir.
Nahardan sonra gənc əsgərlər hərbi hissənin ərazisi, inzibati binalar, avtomobil parkı, camaşırxana və digər əhəmiyyətli obyektlərlə tanış olurlar. Onları maraqlandıran suallar cavablandırılır.
Əsgərlərin bir neçəsi ilə həmsöhbət olur, ilkin təəssüratlarını öyrənirəm.
Gənc əsgər Şükür Hacıyev Abşeron rayonundan hərbi xidmətə çağırıldığını, ali təhsilli olduğunu bildirdi. Qərb Universitetinin turizm və otelçilik fakültəsini bitirən gənc dedi ki, Vətəni sevmək üçün səbəb yox, ürək lazımdır. “Yalnız Vətəninə candan bağlı olanlar torpaq uğrunda şəhid olmağın müqəddəsliyini dərk edə bilər. Bizlər doğma Azərbaycanımıza layiqli əsgər olmaq üçün xidmətə gəlmişik. Komandirlərimizin bilik və bacarıqlarını mənimsəyərək Ali Baş Komandanın əmri ilə torpaqlarımızı azad edəcəyik. İlk günümüzün olduqca səmərəli keçdiyini düşünürəm. Bir neçə saatdır forma geyinsəm də, dəyişdiyimi hiss edirəm. Üstümdə daşıdığım formanın verdiyi məsuliyyət və qürur hissini ifadə etmək elə də asan deyil. İnsan həyatında çox az unudulmaz anlar olur. Mənim ən unudulmaz anım da hərbi mundiri geyinib Azərbaycan əsgəri olduğum andır.
Digər həmsöhbətim isə Tovuz rayonundan hərbi xidmətə çağırılan əsgər Tural Novruzovdur. Tural da digər yoldaşları kimi Azərbaycan əsgəri olduğu üçün qürurludur.
- Tarixən qonşularımızın, erməni vandallarının başımıza gətirdikləri faciələr bizim qan yaddaşımızdır. Qisasımızı alacağımız gün uzaqda deyil. Atam hər zaman deyirdi: “Bu torpaq qəhrəmanlar yetişdirir. Mən mərd, cəsarətli, qorxmaz oğul böyütmüşəm. Get və qəhrəmancasına döyüş, torpaqlarımızı azad edənlər sırasında mətinliklə dayan". Mən də torpaqlarımızı azad etmək üçün gəlmişəm. Bunun üçün də ilkin olaraq əsl döyüşçü kimi formalaşacam.
Tezliklə döyüş postlarında xidmətə başlayan gənc əsgərlərimizin qələbə reportajının qəhrəmanları olmasını arzulayaraq vidalaşır, uğurlu xidmətlər diləyirik... 

Ceyhun CƏFƏRLİ, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR