Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Avqust 2018 16:28

Şuşaya bayrağımızı biz sancacağıq!

Yaşıllıqlarla əhatə olunmuş yaşayış məntəqəsini arxada qoyaraq Vətənin keşikçilərinin yanına tələsirik. Kəndin içindən keçərkən qoca nənənin başına toplaşan bir neçə oğlan uşaqlarını görürük. Avtomobilimizi yolun kənarında saxlayaraq nənə və gələcək əsgərlərimizə yaxınlaşırıq. Əslən Kəlbəcər rayonundan olan Firuzə nənə bizim hərbi formada olduğumuzu görən kimi, bizə tərəf irəliləyərək boynumuzu qucaqlayır, üzümüzdən öpür. Elə bil bizi görən kimi nurani qocanın dərdi təzələnir. O, bizə düşmən tapdağı altında olan torpaqlarımızın gözəlliyindən, havasından, suyundan, təbiətindən və oralarda keçirilən toy-bayramlardan danışır. Gözlərindən yaş gələrək aprel döyüşlərində Vətənimizin azadlığı uğrunda şəhid olan oğullarımızı xatırlayır. Aprel zəfərinin Böyük Qələbənin müjdəçisi olduğunu bidirən ağbirçək ana, Azərbaycan əsgərinin gücünü, qüdrətini, qələbə qazanmaq əzmini fitnəkar qonşularımıza bir daha sübut etdiyini deyir. Nur üzlü nənə qeyrətli oğullarımıza güvəninin sonsuz olduğunu da bildirməyi unutmadı. Sağollaşarkən Firuzə nənənin bir arzusu olduğunu öyrənirik - son nəfəsində olsa belə doğma el-obasını, doğulub boya-başa çatdığı evini bir daha ziyarət etmək.
Döyüş mövqeyindəyik, söhbətləşən iki əsgəri görürəm. Bizi müşayiət edən baş leytenant Şirbala Hüseynov əsgərlərimizin dost olduqlarını söyləyir. Zabit onu da bildirdi ki, vətənpərvər oğullarımızın yoldaşlığı xidmətə gəldikləri gündən başlayıb. Əsgərlərimizin bu cür mehribançılığı digər igidlərimiz üçün də əsl nümunədir. Belə səmimi, möhkəm dostluğun şahidi olmaq bizləri qürurlandırır.
Gəldiyimizi görən dostlar tez ayaqa qalxırlar. Vətənpərvər oğullarımızın nizam-intizamı, səliqə-sahmanı diqqətimdən yayınmır. Onlarla tanış oluruq. Bərdə rayonundan hərbi xidmətə çağırılan əsgər Murad Məmmədzadə və Şabran rayonundan olan əsgər Yusif Hüseynovdur.
Onlarla söhbətimizdə əsgər M.Məmmədzadə dost qazanmağın çətin və zamanın sınağından keçməli olduğunu bildirdi. "Mən hesab edirəm ki, dost bizim müəyyən qədər oxşarımızdı. Hər birimiz dostumuzda özümüzə xas olan xüsusiyyətlərdən hansınısa görürük. Boş yerə deməyiblər ki, dostunu göstər, sənin kim olduğunu deyim. Dostluq  fədakarlıq deməkdir. Bəzən heç valideynlərimə belə deyə  bilmədiyim sirrimi dostumla bölüşürəm. Ondan çətin anımda məsləhətlər alıram. Bütün əsgərlərimizə məsləhət görərdim ki, dostluqda möhkəm olsunlar. Düşmənlə üzbəüz dayandığımız anda hər kəs öz yoldaşına, dostuna güvənməlidir. Döyüş meydanında Hüseynovla çiyin-çiyinə dayanaraq, doğma torpaqlarımızı mənfur düşməndən qorumağımızla fəxr edirəm".
Əsgər M.Məmmədzadənin sözlərindən Yusifə güvəninin və inamının sonsuz olduğunu öyrənirəm.
"İlk günlərdən hərbi xidmətə uyğunlaşmaq mənim üçün çətin idi. Fikirləşirdim ki, hərbi qayda-qanunun bütün tələbləri ilə ayaqlaşa bilməyəcəm. Ancaq əsgər Məmmədzadə ilə tanış olandan sonra hər şey mənim üçün asanlaşdı. O, mənə bilmədiklərimi öyrədir, məşğələlərin mövzularını dərindən yiyələnməyimə köməklik göstərdi. Murad həmişə hər birimizin qardaş olduğumuzu deyir. Bunun, həqiqətən də, belə olduğunun gənc əsgər hazırlıq dövrü bitəndən sonra Vətənimizin müdafiəsində dayandığımız andan şahidi oldum. Muradla tez-tez işğal altında olan torpaqlarımızdan danışırıq. Ali Baş Komandan İlham Əliyevin döyüş əmrini səbirsizliklə gözləyirik. Xalqımızın yaddaşına Şuşaya döyüş bayrağını sancan iki dost kimi həkk olmaq istəyirik", - əsgər Y.Hüseynov belə deyir.
Yusif Hüseynov Murad Məmmədzadə ilə olan dostluğunun hərbi xidmətini başa vurduqdan sonra da davam edəcəyindən əmin olduğunu bildirdi.
Vətənimizin dar günündə, düşmənlə təmas xəttində Azərbaycan əsgərinin belə sədaqətli, möhkəm və səmimiyyətə söykənən münasibət qurduqlarını görəndə ürəyim daha da fərəhlənir. Qorxmaz dostlardan növbəti yazımı Şuşada, İsa bulağının ətrafında  hazırlamaq azrusu ilə vidalaşıram.

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",
foto Coşqun CƏFƏROVUNDUR