Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Avqust 2018 16:26

Əlamətdar gün - tarixi parad

İyunun 26-da Bakıda Azərbaycan Ordusunun yaradılmasının 100 illiyinə həsr olunan parad keçirilib. Paradda ordumuzun arsenalında olan ən son texnikalar nümayiş olunub. Paradda texnikalar, uçuş vasitələri, silahlanmaya yeni qəbul edilmiş müasir zirehli texnikalar, raket və artilleriya qurğuları və s. təqdim edilib. Hərbi paradda Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyətləri iştirak ediblər. Bundan əlavə, parada Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyəti də qatılıb. Paradda iştirak etmiş zirehli transportyor şəxsi heyətinin fikirlərini öyrəndik.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elmir Zeynalov Ağdam rayonunda anadan olub. Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılıb. Həqiqi hərbi xidmətini bitirdikdən sonra orduda qalmaq istəyini bildirib. Hazırda zirehli transportyor sürücüsü kimi xidmət edir. Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilən paradda zirehli transportyorlardan birini o idarə edib. E.Zeynalov parad haqda fikirlərini bizimlə bölüşərək bunları deyir: "Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi ilə bağlı keçirilən paradda iştirak etdiyimə görə qürur hissi keçirirəm. Mən fəxr edirəm ki, bu gün 100 yaşı tamam olan güclü bir orduda xidmət edirəm. Biz bu yubileyi böyük coşqu ilə qeyd etdik. Paradda növbə gəlib bizə çatanadək çox həyəcanlanırdım. Amma çoxlu məşqlər keçirmişdik və hansısa bir səhv edə biləcəyimi heç düşünə də bilməzdim. Mənim fikrimcə parad möhtəşəm keçib. Bu paradla biz nəinki düşmənə, hətta bütün dünyaya Azərbaycan Ordusunun nə qədər güclü və qüdrətli olduğunu göstərdik. Bununla belə, Ali Baş Komandan İlham Əliyevin "Döyüşə!" əmrinə  hazırıq, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. O gün uzaqda deyil..."
Əsgər E.Zeynalovun idarə etdiyi zirehli trasnportyorun komandiri Araz Sadıqov isə belə söylədi: Bu möhtəşəm parad heç vaxt heç kimin yadından çıxmayacaq. Paradda döyüş maşını komandiri idim. Əmr verilən kimi, hərəkətə başladıq. Mənim üçün bir şərəf oldu ki, Vətənimin belə əlamətdar günündə orada iştirak etdim. Azərbaycan Ordusunun şəxsi heyəti istənilən zaman xalqına qələbə sevinci yaşatmağa tam qadirdir. Ordumuz çox güclu, iradəli, nizam-intizamli  bir ordudur. Belə nailiyyətlərə gəlib çıxmaq üçün ordumuz 100 illik böyük bir yol keçib."
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Bəhmən Hətəmov Ağcabədi rayonunda anadan olub. 3 ildir ki, Azərbaycan Ordusu sıralarında xidmət edir. Hərbi parad haqqında öz təəssüratlarını belə ifadə etdi: "Ordumuzun 100 illiyi munasibətilə keçirilən hərbi paradda iştirak etmək mənim üçün də böyük bir şərəf idi. Parada hazırlıq yüksək səviyyədə təşkil olunmuşdu. Biz dünyaya Azərbaycan Ordusunun hansı gücə, nizam-intizama malik olduğunu göstərdik. Mən fəxr edirəm ki, dövlətimizin bü gün belə bir güclü ordusu var. Şəhərimizin əhalisinin parada sevinc hissi ilə baxmağı insana bir ayrı qürur hissi verirdi. Mən əminəm ki, ordumuz torpaqlarımızı işğaldan  azad etmək gücündədir.”
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Pərviz Şəmirov Azərbaycan Ordusu sıralarında 8 ildir ki, xidmət edir. O, Göygöl rayonunda anadan olub.
P.Şəmirov təəssüratlarını ifadə edərək dedi ki, paradda iştirak etdiyi üçün qürur hissi duyur. “Hərbi paradın möhtəşəm keçməsi yüksək hazırlığın nəticəsidir. Hərbi texnikanı idarə edən zaman insanların necə ordumuzla, bizimlə qürur duyduğunun şahidi oldum.  Biz Vətənimizi qoruyuruq.   Mən Azərbaycan Respublikasına xidmət etməyimlə fəxr edirəm.”

Kursantlar Əli ABIYEV, İbrahim MƏMMƏDBƏYOV