Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Avqust 2018 16:22

“Gənc Heydərçilər”in yay istirahət düşərgəsi başa çatdı

Müdafiə Nazirliyi və Səbail rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi "N" hərbi hissəsində "Gənc Heydərçilər"in hərbi vətənpərvərlik təmayüllü ənənəvi yay istirahət düşərgəsi başa çatdı. Bu münasibətlə hərbi hissədə təntənəli bağlanış mərasimi keçirildi.
Tədbirdə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, Müdafiə Nazirliyinin məsul əməkdaşı Əfqan Əliyev, Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, hərbi hissənin rəhbərliyi və digər qonaqlar iştirak etdilər.
Tədbirdən əvvəl qonaqlar hərbi hissədə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etdilər. Ulu öndər Heydər Əliyevin  və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
"N" hərbi hissəsinin komandiri yay düşərgəsinin nəticələri barədə məlumat verdi.
Ombudsman tədbirdə çıxış edərək "Gənc Heydərçilər" adının əhəmiyyətindən danışdı, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünün geniş qeyd edildiyini xatırlatdı.
Müvəkkil bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə digər böyük tarixi nailiyyətlərlə yanaşı, müsəlman Şərqində ilk demokratik respublikamızın Milli Ordusu da yaradılıb. Ulu öndər Heydər Əliyevin məqsədyönlü siyasətini, o cümlədən onun ordu quruculuğu sahəsində mühüm fəaliyyətini uğurla davam etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi, 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunması, bununla əlaqədar paytaxtda və regionlarda silsilə tədbirlərin təşkili hər bir azərbaycanlının, o cümlədən hərbçilərin, xaricdə yaşayan soydaşlarımızın ürəyində fərəh və sevinc hissi yaşadır. Son illərdə "Gənc Heydərçilər" düşərgəsinin təşkil edilməsinin gələcəyin əsgər və zabitləri olacaq uşaqların intellektual, fiziki hazırlığının yüksəlişinə, onların vətənpərvərlik ruhunda, milli mənəvi dəyərlərə sadiq formalaşmasına, gümrah böyüməsinə töhfələr verdiyini qeyd etdi və təşkilatçılara təşəkkürünü bildirdi.
Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin zabiti polkovnik-leytenant Əfqan Əliyev bildirdi ki, yaşadığımız dövr gənc nəslin kiçik yaşlarından hərbi vətənpərvərlik ruhunda böyüməsini tələb edir. "Yeniyetmələrin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi dövlətin gənclər siyasətinin prioritet istiqamətlərindən biridir. "Gənc Heydərçilər"in yay istirahət düşərgəsi də bu amalın təzahürüdür. Layihə öz məzmunu etibarı ilə gələcəyin əsgər və zabitlərinin  ordu həyatı ilə tanış olmalarını təmin etməklə, onların vətənpərvər ruhda böyüməsində, xalqımızın, dövlətimizin sadiq keşikçisi kimi formalaşmasında müstəsna əhəmiyyət kəsb edir. Bu düşərgə böyüməkdə olan nəslə vətənpərvərliyin mühüm əlamətlərindən biri olan hərbi vətənpərvərlik tərbiyəsi aşılamaqla Vətəni dərindən sevməyi öyrədir, onlara orduda xidmətin müqəddəs borc və şərəf işi olması inamını təlqin edir. Digər tərəfdən, gələcəkdə hərbi xidmətə layiqincə hazırlamaq məqsədilə  ilkin hərbi bilik, bacarıq və vərdişlər qazandırır, əqidəlilik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətləri inkişaf etdirir, mənəvi-psixoloji və fiziki hazırlığının yüksəldilməsinə kömək edir. Düşərgənin uşaqlara aşıladığı bunlarla da bitmir. Layihə onlara qarşılıqlı münasibətlərin əsas qaydalarını da öyrədir. Birgə düşünmək, ortaq qərar vermək vərdişi düşərgə iştirakçılarının əldə etdiyi ən böyük qazanca çevrilir."
Zabit onu da qeyd etdi ki, "Gənc Heydərçilər"in yay istirahət düşərgəsinin proqramına bu ildən yeni çalarlar əlavə edilmişdir. "Belə ki, onlarda Vətənə sevgi hissini daha da yüksəltmək məqsədilə mənəvi-psixoloji durumu, emosional dayanıqlığı sabit saxlamaq istiqamətində psixoloq tərəfindən psixoloji söhbətlər aparılmış,  hafizəni, ixtiyari və qeyri-ixtiyari diqqəti, məntiqi təfəkkürü yoxlayan diaqnostik testlər keçirilmişdir." Zabit yeniyetmələrin psixoloji istiqamətdə aparılan söhbət, disput və sual-cavabda, sınaq testlərində böyük həvəslə iştirak etdiyini vurğuladı.
Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova  gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışdı: "Hər bir millətin tərəqqisi gənclərinin alacaqları tərbiyədən asılıdır. Əsas vəzifəmiz gənclərdə vətənpərvərlik ruhunu yüksəltməkdir. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Hər bir Azərbaycan gənci vətənpərvər olmalıdır. Gənclərin vətənpərvərlik ruhunun yüksək olması hər mənada dövlətin xeyrindədir. Fərqi yoxdur, həmin gənc gələcəkdə hərbçi, yoxsa digər peşə sahibi olacaq. Hansı peşə üzrə əmək fəaliyyəti ilə məşğul olmasından asılı olmayaraq, gənc nəsildə vətənpərvərlik, torpağa, dövlətə sədaqət hissləri yüksək olmalıdır. Vətənpərvərlik hissinin güclənməsində əhəmiyyətli rol oynayan "Gənc Heydərçilər" layihəsi gənclərin vətənpərvər formalaşması, onların dünyagörüşünün daha da zənginləşməsi baxımından alqışa layiqdir."
X.Bayramova düşərgədə 2 həftə ərzində keçən mənalı və yaddaqalan istirahətin  uşaqların xatirində silinməz izlər buraxdığına əminliyini də bildirdi.
"Gənc Heydərçilər" qonaqlar qarşısında düşərgədə olduqları müddətdə öyrəndikləri bilik və vərdişləri nümayiş etdirdilər. Onlar burada əleyhqazı cəld geyinib-soyunmağı, atıcı silahları natamam söküb-yığmağı, döyüş meydanında qalmış "yaralıya" ilk tibbi yardım göstərildikdən sonra onu xərəkdə döyüş meydanından çıxarmağı mükəmməl öyrəndilər. İştirakçıların davranışlarından 2 həftə ərzində səylə çalışdıqları hiss olunurdu.
Düşərgədə keçirilən müxtəlif  yarış və müsabiqələrdə  qalib gəlmiş yeniyetmələrə xatirə medalları və pedaqoji fəaliyyətlə uşaqların tərbiyəsi işlərində fərqlənmiş dəstə rəhbərlərinə və hərbçilərə qiymətli hədiyyələr təqdim edildi. Bu hədiyyələr onlara həmişə düşərgəni xatırladacaq.
Mükafatlandırma yekunlaşdıqdan sonra "Gənc Heydərçilər" təntənəli marşla tribunanın önündən keçdilər. Əsl əsgər yerişi ilə yeriməyə can atan yeniyetmələr, həqiqətən, inamla gözəl sıra imitasiyası effekti yaratdılar.
Tədbirdən sonra "Gənc Heydərçilər"lə söhbət etdik.
Orxan Ramazan oğlu İsmayıllı:
- Atam hərbçidir. Onun söhbətlərini həmişə maraqla dinləmişik, dinləyirik. Mən də, qardaşım Emin də. Bu söhbətlər bizdə hərbçi peşəsinə maraq oyadırdı. “Gənc Heydərçilər”in yay istirahət düşərgəsi bizim bu marağımızı istəyə çevirdi. Ata söhbətləri bizi maraqlandırmışdı, bu düşərgə marağımızı daha da artırdı. İki həftə ərzində əsl hərbçi həyatı yaşadıq. Ciddi nizam-intizam, bu və ya digər silahla əyani tanışlıq, onların istifadə qaydalarını öyrənmək, müxtəlif əyləncələr, viktorinalar, yarışlar yaddaşımızdan heş vaxt silinməyəcək. "Gənc Heydərçilər"in yay istirahət düşərgəsində hərbçilərlə müxtəlif mövzularda söhbətlərimiz oldu. Bu söhbətlər hər birimizin vətənpərvərlik duyğularını daha da artırdı. Burada Vətəni necə sevməyi əyani gördük. Etiraf edim ki, tez böyüməyi heç vaxt indiki kimi arzulamamışdım. Tez böyümək, hərbi xidmətdə olmaq, hərbçi olmaq istəyi çoxumuzun arzusuna çevrildi. Yay düşərgəsində təşkil edilən müxtəlif görüşlər bizə Vətəni sevməyi öyrətdi. Bu düşərgəni məktəbin davamı bilirik. Belə bir şərait yaradıldığına görə Müdafiə Nazirliyinin rəhbərliyinə "Gənc Heydərçilər" adından təşəkkürümü bildirirəm.
Burada görüşlərin birində eşitdiyim bir fikri də unutmayacam: "Hər birimiz layiqli vətəndaş olmalıyıq". Biz yaşda uşaqlar daha yaxşı oxumaqla yaxşı vətəndaş ola bilərik.  Yaxşı oxuyacağıq, yaxşı vətəndaş olacağıq, vaxtında yaxşı hərbçi olacağıq.
Emin  Ramazan oğlu İsmayıllı:
- "Gənc Heydərçilər" yay istirahət düşərgəsi biz yaşda uşaqlar üçün əsl məktəbdir. Valideynlərimizdən, müəllimlərimizdən eşitdiklərimizi burada gördüklərimiz tamamladı. Burada Vətəni qoruyanların nizam-intizamını gördük. Gördük ki, yüksək nizam-intizam əsgərlərimizi daha da gücləndirir. Silahlarla, döyüş texnikaları ilə tanış olduq. Gördük ki, əsgərlərimiz bu texnikaları məharətlə idarə edir. Əmin olduq ki, onlar döyüşlərdə düşməni məhv etməyə qadirdirlər.
Yay istirahət düşərgəsində müxtəlif mövzularda söhbətlər də dinlədik. 2016-ci ilin aprel döyüşləri haqqında söhbəti hər birimiz maraqla dinlədik. O döyüşlərdə qazanılan qələbənin sevincini yenidən yaşadıq. Əmin olduq ki, ordumuz güclüdür, qüvvətlidir, torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
Mən də, qardaşım Orxan da digərləri kimi  "Gənc Heydərçilər"in yay istirahət düşərgəsindən olduqca razı qaldıq. Yay istirahət düşərgəsi hər birimiz üçün əsl məktəb oldu, çox şeylər öyrəndik. Ən əsası burada Vətəni sevənlərin əhatəsində hərbçi həyatı yaşadıq, hərbçi peşəsinə marağımız artdı. Mən də, qardaşım da qətiyyətlə qərara aldıq ki, hərbçi olaq, atamızın yolunu davam etdirək.
İmran Məzahir oğlu Aslanlı:
- Düşərgələr haqqında çox eşitmikdik. "Gənc Heydərçilər"in yay istirahət düşərgəsi haqqında da məlumatım vardır. Bu il mən də burada istirahət etdim, gördüm, öyrəndim. Gördüklərimiz, öyrəndiklərimiz bizdən daha yaxşı oxumağı tələb edir. Bizə belə şərait yaratdıqlarına görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarıq, bu etimadı yaxşı oxumaqla, nizam-intizamlı olmaqla, Vətəni daha dərindən sevməklə doğruldacağam. Təsdiq edəcəyik ki, "Gənc Heydərçilər" əsl vətəndaş kimi böyüyüb, əsl vətəndaş gənc olacaq, əsgər olacaq.
İllər keçəcək onlar həmin inamla əsl əsgər kimi Vətənə xidmət edəcəklər.
 
Samir HÜSEYNOV, "Azərbaycan Ordusu"