Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 İyul 2018 09:54

“N” hərbi hissəsinin yaranmasının ildönümünə həsr olunmuş tədbir keçirildi

Tədbirdə hərbi hissənin rəhbərliyi, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Kəlbəcər rayon şöbəsinin, ictimai təşkilatın nümayəndələri, ziyalılar və incəsənət xadimləri iştirak edirdilər.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Tədbirdə çıxış edən polkovnik-leytenant Gülməmməd Rzayev qonaqları salamlayaraq vurğuladı ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir ordumuzun potensialı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gündən-günə güclənir, möhkəmlənir. "Bu gün orduda mövcud olan yüksək nizam-intizam və bu istiqamətdə aparılan islahatlar qarşıda qoyulan istənilən tapşırığın öhdəsindən layiqincə gəlməyə imkan verir. Hərbi hissələrin müasir standartlara cavab verməsi, müasir silah və texnikaların alınması, əsgərlərimizin məişət şəraitinin yaxşılaşdırılması ordumuzu ən güclü ordular sırasına daxil edir. Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsidir ki,  aprel döyüşlərində və Günnüt zəfərində torpaqlarımızın bir qismi işğaldan azad olundu".
Zabit Gülməmməd Rzayev tədbirdə iştirak etdiklərinə görə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Kəlbəcər rayon şöbəsinə minnətdarlığını bildirərək qeyd etdi ki, belə tədbirlər ordu ilə xalqın vəhdət təşkil etməsinin bariz nümunəsidir. “Bu, həmçinin əsgərlərimizdə döyüş ruhunun yüksəldilməsində müstəsna əhəmiyyət daşıyır.”
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Kəlbəcər rayon şöbəsinin sədri Ramiz Əliyev çıxış edərək bildirdi ki, hər dəfə hərbi hissələrə gəldikdə əsgərlərimizin ruh yüksəkliyini, vətənpərvərliyini və hər an döyüşə hazır olduqlarını görəndə qürurlanırıq. “Bu gün biz veteranlar da Ali Baş Komandanın rəhbərliyi altında ərazi bütövlüyümüzü təmin etməyə, Vətən uğrunda canlarından keçən qardaş və bacılarımızın qisasını almağa, bayrağımızı işğal altındakı torpaqlarımızda dalğalandırmağa hazırıq.”
Natiq onu da qeyd etdi ki, qüdrətli ordumuzun əsgərləri tezliklə el-obalarından didərgin düşmüş həmvətənlərimizi doğma yurdlarına qaytaracağına əmindirlər.
Polkovnik-leytenantlar İmran Babayev və Bəxtiyar Əliyev şəxsi heyətin yüksək döyüş qabiliyyətinə malik olduğunu, torpaqlarımızı işğaldan azad etmək üçün hər an Ali Baş Komandanın əmrini gözlədiklərini dedilər.
Hərbi xidmətdə fərqlənən hərbi qulluqçulara fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim olundu, əsgər valideynlərinə təşəkkür məktubları göndərildi və xidmət dövrü əldə etdikləri nailiyyətlərə görə bir neçə əsgərə nümunəvi məzuniyyət verildi.
Tədbir konsert proqramı ilə sona çatdı.

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu"