Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 İyul 2018 09:51

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu:
Döyüş mühafizəsində, döyüş növbəsində, qarovulda və daxili naryadda xidmətin nümunəvi aparılması ordunun yüksək döyüş hazırlığının rəhnidir.

İctimai-siyasi hazırlıq qrupunun rəhbəri bu məşğələyə hazırlaşarkən Daxili Xidmət Nizamnaməsinin, Qarnizon və Qarovul Xidməti Nizamnaməsinin, Qoşun Xidməti haqqında əmr və təlimatların tələblərini diqqətlə öyrənməli və məşğələyə hazırlaşarkən öz bölməsinin tapşırıqlarını, xüsusiyyətlərini, xidmət şəraitini nəzərə alaraq mövzunu bölmənin gündəlik həyatı ilə bağlamalıdır.

Suallar:
1. Döyüş mühafizəsində, döyüş növbəsində, qarovulda və daxili naryadda xidmətin xüsusiyyətləri.
2. Bölmənin şəxsi heyətinin qoşun xidmətini yerinə yetirmək üçün hərtərəfli hazırlığa səfərbərliyi.
3. Döyüş mühafizəsində, döyüş növbəsində, qarovul və daxili naryadda xidmətin aparılması məsuliyyətli və şərəfli işdir.

Döyüş mühafizəsində, döyüş növbəsində, qarovulda və daxili naryadda xidmətin xüsusiyyətləri

Hərbi hissələrin və bölmələrin daimi yerləşmə yerlərində, düşərgələrdə və döyüş şəraitində yüksək döyüş hazırlıqlı olmalarını, qarşıya qoyulmuş döyüş tapşırıqlarını vaxtında və müvəffəqiyyətlə həll etmələrini, mühüm hərbi obyektlərin etibarlı mühafizəsini, bölmələrdə daxili qayda-qanunun saxlanmasını, bölmələrin silah və sursatının, əmlakının qorunmasını təmin etmək üçün döyüş və ümumqoşun nizamnamələrinin tələbləri əsasında müvafiq xidmətlər təşkil olunur. Bu xidmətlər öz xüsusiyyətlərinə görə fərqlənirlər:
- daxili xidmət hərbi hissələrdə, bölmələrdə, parklarda, tədris müəssisələrində, düşərgələrdə, eləcə də qoşunların yerdəyişməsi zamanı günün nizam qaydalarına ciddi riayət olunması, daxili qayda-qanunun saxlanması, silah və sursatın, digər əmlakın qorunması üçün Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinə uyğun təşkil edilir;
- qarovul xidməti Döyüş Bayrağının, silahların, döyüş texnikasının, sursatların, partlayıcı maddələrin və digər əmlakın saxlanıldığı anbarların və s. hərbi obyektlərin etibarlı mühafizəsini və müdafiəsini təmin edir;
- döyüş mühafizəsi və döyüş növbətçiliyi hərbi hissə və bölmə qarşısında qoyulmuş döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirmək, döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasını təmin etmək üçün təşkil edilir. Hazırda Azərbaycan Respublikası ərazisinin bir hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu bir dövrdə Azərbaycan Ordusunun hərbi hissələri düşmənlə bilavasitə təmas vəziyyətində döyüş mühafizəsi və döyüş növbətçiliyi xidmətlərini aparır və torpaqlarımızın düşməndən etibarlı müdafiəsi kimi şərəfli və eyni zamanda çox çətin bir vəzifəni yerinə yetirirlər. Bu isə həmin hərbi hissələrin şəxsi heyətində yüksək döyüş hazırlığı, möhkəm nizam-intizam, öz postunda ayıq-sayıq xidmət aparmaq, qorxmazlıq, düşmənə nifrət, öz silahına, komandirlərinə inam kimi döyüşçü keyfiyyətlərinin tərbiyə olunmasını tələb edir. Döyüş mühafizəsi və döyüş növbətçiliyinə təyin olunan bölmənin, hər bir hərbi qulluqçunun əsas vəzifələrindən biri də təhkim olunmuş döyüş və digər texnikanın, silahların, avadanlıqların həmişə saz, döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazır vəziyyətdə saxlanılmasıdır. Döyüş mühafizəsinə təyin olunan hərbi qulluqçu hər hansı bir ekstremal şəraitdə vəzifə borcunu yerinə yetirməyə özünü hazırlamalıdır.
Bu vəzifələri  nümunəvi yerinə yetirmək üçün görülən işlərin əsas məqsədi:
- bölmə və hissələrdə döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasını, qoşun xidmətinin əhəmiyyətini hərbi qulluqçulara ətraflı izah  etmək;
- hərbi qulluqçularda yüksək şüurluluq, əqidə möhkəmliyi, siyasi sayıqlıq, qarovul və qarnizon xidmətində, döyüş mühafizəsi və döyüş növbətçiliyində öz vəzifə borclarını dəqiq və qüsursuz yerinə yetirmək üçün şəxsi cavabdehlik hissləri tərbiyə etmək;
- hərbi qulluqçuları qoşun xidmətinə dair sənədləri, təlimatları, Müdafiə nazirinin əmrlərini, hərbi nizamnamələri, Azərbaycan Respublikasının qanunlarını dərindən öyrənməyə yönəltmək;
- hərbi nizamnamələrin tələblərinin, qarovul və qarnizon xidməti qaydalarının, döyüş mühafizəsi və döyüş növbətçiliyinin aparılma qaydalarının pozulmasına görə hərbi qulluqçuların məsuliyyətini müəyyənləşdirən hüquq normalarını izah etmək;
- daxili xidmət, qarovul və qarnizon xidmətlərinin yerinə yetirilməsində qabaqcıl təcrübənin öyrənilməsini, ümumiləşdirilməsini və yayılmasını təşkil etmək, qoşunlarda mövcud ənənələri, xidmətdə hünər və qəhrəmanlıq nümunələrini təbliğ etmək;
- qarovula, daxili naryada, döyüş növbətçiliyinə və döyüş mühafizəsinə hazırlıq dövründə və xidmət edərkən hərbçilərlə daha təsirli təlimat və tərbiyəvi xarakterli işlər aparmaq, qabaqcıl təcrübəni komandirlər (rəislər) və şəxsi heyət arasında yaymaq;
- naryadda olan hərbi qulluqçuların maddi-məişət və mədəni tələbatlarının öyrənilib təmin olunmasına qayğı göstərməkdır.

Bölmənin şəxsi heyətinin qoşun xidmətini aparmaq üçün hərtərəfli hazırlığa səfərbərliyi

Daxili xidmətə, qarovul və qarnizon xidmətinə hazırlıq prosesində hərbi nizamnamələrin öyrənilməsi, hərbi qulluqçulara nizamnamə tələbləri ilə yaşamaq və xidmət etmək hissi aşılamaq başlıca yer tutur. Bu məqsədlə döyüş və humanitar hazırlıq məşğələlərindən əlavə məqsədyönlü təbliğat işləri aparılır. Bölmələrdə, hissələrdə və gəmilərdə mühazirələr oxunur, konfranslar keçirilir, söhbətlər aparılır. Mövzuların təxmini adları: "Nizamnamə qaydalarının yerinə yetirilməsində qoşun xidmətinin əhəmiyyəti", "Hərbi nizamnamələr hərbçi həyatının hüquqi və mənəvi normalarının toplusudur" və s.
Komandirlər və şəxsi heyətlə iş üzrə zabitlər gənc əsgər və matroslara nizamnamələrin əsas müddəalarını izah etdikdə onların  diqqətini gündəlik naryadda vəzifə borclarını  bilmələrinə, gün növbətçisinə və patrula verilən konkret tapşırıqlara cəlb etməlidirlər.
Əsgərlərdə öz vəzifə borclarını qüsursuz yerinə yetirmək üçün lazım olan mənəvi və döyüş keyfiyyətlərinin formalaşmasında ictimai-siyasi hazırlıq dərslərinin böyük rolu var. Ona görə də ictimai-siyasi hazırlıq dərslərində qrup rəhbərləri hərbi qulluqçulara döyüş mühafizəsində, döyüş növbəsində, qarovul və daxili naryadda xidmətin aparılmasında möhkəm intizamın və yüksək sayıqlığın əhəmiyyətini daha dərindən anlamaqda kömək edir.
Qoşun xidmətinə dair məsələlər məruzələrdə, söhbətlərdə, divar qəzetlərində və döyüş vərəqələrində işıqlandırılır. Hərbi hissələrdə hər ayın axırında qoşun xidmətinin təhlili aparılır, yekunlaşdırılır və hərbi hissə  komandirinin müvafiq əmri ilə elan edilir. Həmin əmrdə qoşun xidmətinin yoxlanılması zamanı aşkar edilmiş nöqsanlar göstərilir, daxili naryad, qarovul, döyüş növbətçiliyi xidmətlərinin aparılmasını yaxşılaşdırmaq üçün tədbirlər müəyyən edilir, eləcə də fərqlənənlərə həvəsləndirmə tətbiq edilir.

Döyüş mühafizəsində, döyüş növbəsində, qarovul və daxili naryadda xidmətin aparılması məsuliyyətli və şərəfli işdir


Daxili xidmətə təyin olunmuş hərbi qulluqçularla iş aparılarkən yataqxanada, döyüş maşınları parkında, yeməkxanada, hərbi şəhərciyin ərazisində nizamnamə qaydalarına əməl edilməsinə onların cavabdehliyi xüsusi qeyd olunur, lazımi təlim məşğələsi keçirilir və bu məşğələdə yerli şəraitə uyğun yüksək sayıqlıq və döyüş hazırlığını təmin edən amillər öyrənilir. İndiki dövrdə qarovul xidmətinin, döyüş mühafizəsinin və döyüş növbətçiliyinin xüsusi əhəmiyyət kəsb etməsi məşğələdə dinləyicilərə çatdırılmalıdır. Bu isə ondan irəli gəlir ki, düşmən kəşfiyyatçıları ordumuzun döyüş sayıqlığı və qoşunların yerləşdiyi məntəqələr haqqında məlumat toplamaq üçün hər cür vasitələrə əl atır.
Hərbi Dəniz Qüvvələrinin gəmilərində növbətçiliyin xüsusi növü - "vaxta" xidməti təşkil olunur; gəminin və onun mexanizmlərinin idarə olunması şəraitinə nəzarət etmək, düşmənin qəfil hücumu zamanı silah tətbiqini və gəmidə nizam-intizamın gözlənilməsini təmin etmək üçün növbətçi daim sayıq olmalıdır. Qarovul rəisi hərbi hissənin (birləşmənin) anbar, park və maşın (təyyarə, qurğu) dayanacaqlarının və digər mühüm obyektlərin mühafizə postlarına xidmətə təyin olunan şəxslərlə xüsusi iş aparır və onların daha sayıq olmasına daim nəzarət edir.
Qoşunların fəaliyyətində daxili xidmət naryadlarının, qarnizon və qarovul xidmətlərinin xüsusi əhəmiyyəti vardır. Bu xidmətlər hissə və bölmələrin döyüş hazırlığını müəyyən edən müasir tələblər əsasında hərbi nizamnamələrə uyğun təşkil olunur. Daxili naryadın vəzifəli şəxslərinin hazırlığı onların nizamnamə vəzifələrini yerinə yetirmələrini təmin edir. Ona görə də naryada təyin olunan şəxsi heyət öz vəzifə borclarını, müxtəlif şəraitlərdə, məsələn, "həyəcan", "toplanış" siqnalları alarkən, silah-sursat verərkən, səhər baxışı və axşam yoxlamaları apararkən, məşğələ saatlarında hərəkət qaydalarının öyrənilməsinə məsuliyyətlə yanaşmalıdır. Naryada təyin olunan hər bir hərbi qulluqçu nizamnamə üzrə vəzifələrini əsaslı təkrar etməlidir.
Qarovul (vaxta) xidmətinə təyin olunan hər bir əsgər, çavuş bu xidmətin döyüş tapşırığı olduğunu, qarovulda qoyulmuş tapşırıqların yüksək məsuliyyətini şüurlu dərk etməli, nizamnamə qaydalarının hər cür pozulmasına qarşı ciddi mübarizə aparmalıdır.
Qarovulda əsas diqqət Döyüş Bayrağının, saxlancların, parkların mühafizəsinə, eləcə də gecə vaxtı və pis hava şəraitində xidmət aparan şəxsi heyətin təlimatlandırılmasına yönəldilir. Onlar öz vəzifələrini yerinə yetirərkən yüksək sayıqlıq nümayiş etdirməlidirlər.
Qarnizon xidmətinin şəxsi heyəti ilə aparılan işlərin forması və məzmunu qarovul xidmətində olduğu kimidir. Lakin burada hərbi qulluqçulara təlimat keçərkən onların hərbi hissədən kənara çıxması, yerli əhali ilə təmasda olması qeyd edilir və ona görə də onlardan daim sayıqlıq, hərbi sirləri qoruyub saxlamaq, təmkinlilik, nümunəvi xarici görünüş tələb olunur. Ümumiyyətlə, aparılan işlərin əsas məqsədi hərbi qulluqçuları şəraitdən asılı olmayaraq hərbçi şərəfinə layiq xidmət etməyə, hərbi andın, nizamnamələrin və komandirlərin (rəislərin) tələblərini dəqiq və qüsursuz yerinə yetirməyə ruhlandırmaqdır.

Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi