Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 İyul 2018 09:50

Əsgərlərin fiziki hazırlığı yüksəkdir

"N" hərbi hissəsində şəxsi heyətin fiziki hazırlığı həmişə diqqət mərkəzində saxlanılır. Bu hazırlıq sistemli şəkildə həyata keçirilir. Fiziki hazırlıq səhər idmanı ilə başlayır və müxtəlif vaxtlarda, müxtəlif yarışmalarla tamamlanır. Döyüş hazırlığına fiziki hazırlığın göstərdiyi təsir böyükdür. "N" hərbi hissəsində günün nizam qaydalarına əsasən əsgərlər müxtəlif fiziki təmrinlər yerinə yetirirlər.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Vurğun Rüstəmov söhbətimizdə dedi: "İdman tədbirləri günün nizam qaydalarının ayrılmaz və mühüm tərkib hissəsidir. Əsgərlərin döyüş hazırlığının yüksəldilməsində fiziki hazırlığın mühüm rolu var. Bu rol ondan ibarətdir ki, idman, fiziki hazırlıq hər bir hərbçinin döyüş əzmini yüksəldir. Necə deyərlər: sağlam bədəndə sağlam ruh olur. Şəxsi heyətin döyüş hazırlığının fiziki hazırlıqla pararel aparılması əsas şərtdir.
Hərbi hissədə vaxtaşırı idman yarışları keçirilir ki, bu da fiziki hazırlığın yüksəldilməsi üçündür. Hər bir əsgərin müəyyənləşmiş normativləri yerinə yetirməsində bu hazırlığın əhəmiyyəti böyükdür. İdmanın bu və ya digər növüylə məşğul olan əsgərlər hərbi hissəni müxtəlif yarışlarda uğurla təmsil edirlər. Bunun nəticəsidir ki, əsgərlərin döyüş hazırlığı yüksək səviyyədədir. Onlar Ali Baş Komandanın döyüş əmrinə hazırdırlar. Hər biri torpaqlarımızın işğaldan azad edilməsini hərbi xidmət amalı bilir.”
Bu barədə əsgər Ataxəlil Xəlilov bildirərək qeyd etdi ki, hərbi xidmətə gəlməmişdən əvvəl idmanla məşğul olmurdum. “Lakin əsgərliyə gəldikdən sonra anladım ki, fiziki hazırlıq həyatda çox lazım olur. Ona görə sərbəst vaxtım olanda idmanla məşğul oluram. İlk vaxtlar əsgər yoldaşlarım mənə bu işdə yardımçı olurdular. Komandirlərimiz bizim idmanla müntəzəm məşğul olmağımıza şərait yaradırlar. İndi bütün normativləri yerinə yetirirəm".
Hiss olunur ki, əsgərlər fiziki cəhətdən hazırlıqlıdırlar. Ardıcıl olaraq müxtəlif alətlərdə məşq edirlər. Çoxu daha hazırlıqlı görünür. Onlar digərlərinə çalışmaların düzgün yerinə yetirilmə qaydalarını göstərir, onlara kömək edirlər.
Əsgər Zöhrab Əliyev bildirdi ki, hər birimiz Vətəni sevirik, Ali Baş Komandanın əmriylə torpaqlarımızı işğaldan azad etməyə hazırıq. "Güclü ordumuz var. Ordumuzun 100 illiyinə həsr olunmuş parad təsdiqlədi ki, həqiqətən, Azərbaycan Ordusu nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır. Hərbi xidmətdə döyüş hazırlığı və hərbi biliklərlə yanaşı, möhkəm sağlamlığa malik olmağa, fiziki hazırlığa üstünlük veririk".
 2016-cı ilin aprel döyüşləri də təsdiqlədi ki, Azərbaycan əsgəri yüksək döyüş hazırlığına malikdir. Bu həm də onların fiziki hazırlığıyla bağlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Müdafiə Nazirliyi rəhbərliyinin tələb və göstərişlərini böyük məsuliyyətlə yerinə yetirən əsgərlərimizin mənəvi-psixoloji hazırlığı da yüksəkdir, döyüş hazırlığı da, fiziki hazırlığı da.

Kursant İbrahim MƏMMƏDBƏYOV