Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 İyul 2018 09:49

Vətən mənəm, Vətən sənsən, Vətən bizik

1994-cü ilin yanvarı. Horadiz əməliyyatı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu Horadiz əməliyyatı nəticəsində Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi ilə birlikdə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ermənilərdən azad edildi. İşğalda olduğu müddətdə kənd tanınmaz hala salınmış, yaşayış evləri talan edilmiş, dağıdılmışdı. Ətraf yüksəkliklərdə düşmən qüvvələrinin mövqe tutması, Cocuq Mərcanlının  ərazisini faktiki olaraq təhlükə altında saxlayırdı.
2016-cı ilin aprelində Azərbaycan Ordusunun əks-həmləsi ilə Lələtəpə yüksəkliyi azad edildi. Düşmən qüvvələrinin Cocuq Mərcanlı kəndinə, ərazidə yerləşən mövqelərimizə yaratdığı təhlükə aradan qaldırıldı. Bu gün işğaldan azad edilmiş yüksəkliklərdən düşmənin mövqeləri tam nəzarət altındadır. Təxribat imkanları vaxtında aşkarlanaraq zərərsizləşdirilir.
Ordumuzun aprel zəfəri Böyük Qayıdışın başlanğıcı oldu. Cocuq Mərcanlının təhlükəsizliyi təmin olunduqdan sonra Prezident, Ali Baş Komandan İlham Əliyev kənd sakinlərini sevindirən daha bir qərar qəbul etdi. İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında 24 yanvar 2017-ci il tarixli Sərəncam imzaladı. Sərəncam təkcə bu kəndə və cəbrayıllılara deyil, bütün Azərbaycan xalqına könül xoşluğu yaşatdı. İnsanların öz doğma yurdlarına qayıdıb əmin-amanlıq şəraitində yaşamalarına imkan yaratdı.
...Cocuq Mərcanlıya gedirəm. İzaholunmaz hisslərlə çıxmışam yola. Həyəcanlıyam. Həsrətində olduğum bir məkana can atıram. Uğrunda canlar verilib, qanlar tökülən torpaq... Ruhumun səcdəyə getdiyi, hər qarışı candan əziz Cocuq Mərcanlı...
Yolboyu yaşıl zəmilər, tarlalarda işləyən insanlar, aparılan abadlıq işləri bir zabit olaraq qəlbimi qürurla doldurur. Bunlar ordumuza inamın təzahürüdür.
23 ildir Cocuq Mərcanlıda düşmənlə üz-üzə, onun gözünə dik baxaraq öz ev-eşiyində yaşamağı hər şeydən uca tutan 8 nəfərdən ibarət Həziyevlər ailəsini xatırlayıram. Cocuq Mərcanlı işğal olunanda doğma kəndlərini tərk etməyə məcbur olan Həziyevlər ailəsi dədə-baba yurdları azad edilən kimi geri qayıtdı. Ailənin başçısı Oqtay Həziyev dedi ki, kəndimiz işğaldan azad olunandan ordumuza güvənərək burada yaşayırıq. İlk vaxtlar çətinliklərimiz çox olub. Lakin heç vaxt kənddən çıxmaq barədə düşünməmişik. Çünki doğma torpağımızdayıq.
Vətən - varlığımız, fəxrimiz, qürurumuzdu... Vətən təkcə torpaq, ocaq, yurd deyil. Vətən üçün yaşayırsansa, Vətəninsən; Vətən mənəm, Vətən sənsən, Vətən bizik. Vətənin dünəninə, bu gününə, sabahına hamımız cavabdehik.
Vətənpərvərlərdi, Vətənini, yurdunu sevənlərdi, dövlət atributlarına hörmətlə yanaşanlardı, onu qoruyanlardı, hər vaxt üçrəngli bayrağını uca tutanlardı Vətən.
Lələtəpə... Əzəmətlə dalğalanan üçrəngli bayrağım... Milli qürurumuzun Günəşə - işığa, azad və əngin səmaya can atan ruhmisal simvolu. Ruhumun, qəlbimin, vücudumun keçirdiyi sevinci pıçıldadım Lələtəpədə qürurla dalğalanan üçrəngli bayrağımıza. Həqiqi sevgi pıçıltıdır, haray deyil. Əsl sevgi əməldir, söz deyil… Qüdrətli ordumuzun, igid, qorxubilməz əzgərlərimizin sevgisinin  möhürüdü Lələtəpə.
Lələtəpə fatehlərinin şərəfinə ucaldılan abidə... Qara mərmərdən gülümsünən neçə-neçə nurlu, aydın sima. Çiçəkləyən gül kollarının ətri. Ölümsüzlüyə qovuşan igid hərbçilərimizin müqəddəs ruhu qarşısında baş əyərək, kövrəkliyə qarışıq qürur duyuram.
Yol kənarındakı plakat. "Cocuq Mərcanlıdan - Şuşaya"... Hiss etdiklərimi sözlə ifadə etmək üçün kəlmələr yetməz. 
Cocuq Mərcanlıda 24 illik fasilədən sonra həyat əvvəlki tək öz axarındadı. 24 illik yurd həsrətindən sonra Cocuq Mərcanlı sakinləri doğma el-obalarına qayıdıblar. Bu məkana düşmən daha nüfuz edə bilməz. Çünki onları bu kəndə qaytaran güclü və qüdrətli Azərbaycan dövlətidirsə, təhlükəsizliyinin təminatçısı qüdrətli Azərbaycan Ordusudur.
Şuşa məscidinin bənzəri olan məscidin qarşısındayam. Bu müqəddəs ocağın inşası işğalçı Ermənistana və beynəlxalq aləmə bir mesajdır. Bu məscid Azərbaycanın öz dəyərlərinə sadiqliyini dünyaya bəyan edir. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərinin inşası o deməkdir ki, gün gələcək, müqəddəs Şuşamız işğaldan azad olunacaq, illərin sınağından çıxan həmin tarixi məscid də bərpa ediləcək.
Azan səsi... Xəyalım məni illər öncəsinə aparır. Anam namaz qılır. "Allahım, xalqımın başının üstündən qara buludları uzaqlaşdır. Millətimə Qələbə sevinci yaşat. Övladlarımız aydın səma altında böyüsünlər. Doğma torpaqlarımızda azan səsini eşitməyi, namaz qılmağı nəsib et". Televiziyada Cocuq Mərcanlıda aparılan abadlıq işlərini əks etdirən verilişdən sonra axıtdığı sevinc göz yaşlarını  xatırlayıram. İnsanlar məscidə namaza tələsirlər...   
Buradan o yana üfüq xəttinə kimi uzanıb gedən doğma torpaqları öpüb qoxlamaq keçir könlümdən. İşğal altındakı digər torpaqlarımız da Cocuq Mərcanlı kimi öz sakinlərinin həsrətindədir. Həsrətin sonuna az qalıb. Çox az....
Ruhum sərhədləri çoxdan arxada qoyub...
Vətən mənəm, Vətən sənsən, Vətən bizik. Vətənə Vətən daşı olmağımızla...

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"