Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 İyul 2018 09:42

Vətənin keşiyində dayanan oğullar

Hərbin yolları nə qədər çətindirsə, bir o qədər də müqəddəs və şərəflidir. Bu müqəddəs və şərəfli yollarda addımlayan hər kəsin duyğularına, düşüncələrinə Vətən, torpaq sevgisi hakimdi, şübhəsiz. Səxavəti də hərbi peşəyə sövq edən elə bu Vətən, bu torpaq sevgisidi. İllərdir nankor qonşularımız Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Səxavəti də hərbə gətirən yollar illərdi düşmənin işğal altında saxladığı torpaqlarımızdan keçib. 25 ildən artıqdır ki, həmvətənlilərimiz ata-baba yurdundan ayrı düşüb. Təmas xəttində yaşayan sakinlərimizin sakit, dinc həyatı pozulub.
Bu gün Səxavət Azərbaycan Ordusu sıralarında şərəflə xidmət edən zabitlərdən biridir. O, üç ildir ki, xidmət etdiyi hərbi hissədə nümunəvi zabit kimi komandir heyətinin hörmətini qazanıb.
Leytenant Səxavət Əmirəliyev Xaçmaz rayonunda anadan olub. Orta məktəbi əla qiymətlərlə başa vurduqdan sonra Gəncə Dövlət Universitetinin pedaqoji fakültəsinə daxil olub. O, universiteti bitirdikdən sonra qarşısına məqsəd qoyur ki, hər zaman marağında və həvəsində olduğu hərbi peşəni seçsin. Gənc zabit hərbi xidmətə çağırıldığı günü həyatının ən yaddaqalan günü kimi xatırlayır. Nəhayət, 2015-ci ildə "N" hərbi hissəsində zabit kimi xidmətə başlayır. Xidmətə başladığı ilk gündən hərbi vərdişlərə dərindən yiyələnən gənc zabit S.Əmirəliyev verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirir. O, hazırda bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət edir.
Zabit şəxsi heyətin mənəvi-psixoloji hazırlığında ictimai-siyasi dərslərin əsas yer aldığını dedi: "Xalqımızın qəhrəmanlıq nümunələri və uzun illər yadelli işğalçılara qarşı apardığı müharibələr haqqında biliklər şəxsi heyətə aşılanır. Azərbaycanın qəhrəmanlıq tarixi, sərkərdəlik tarixi, dövlətçilik tarixi onlara öyrədilir. Azərbaycan Ordusunun banisi ulu öndər Heydər Əliyev irsi şəxsi heyətə geniş məzmunda çatdırılır. Azərbaycan Ordusunun hər bir hərbi qulluqçusu dövlətimizin tarixini bilməli, hər an Vətənimizi qorumağa, onun müdafiəsində ayıq-sayıq dayanmağa  hazır olmalıdır. Şəxsi heyətə Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda  şəhid olan qəhrəmanlar  haqqında məlumat verilir.”
2016-cı ilin aprelin əvvəllərində ordumuzun əks-həmlə əməliyyatında iştirak etdiyini deyən leytenant S.Əmirəliyev bu gün həmin günlərdə əsgər və zabitlərimizin döyüş meydanında göstərdiyi qəhrəmanlıqları qürurla xatırladığını deyir: "Aprel döyüşləri ordumuzun gücünü düşmənə göstərdi. Düşmən ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının və döyüş hazırlığının yüksək səviyyədə olduğunu gördü. Döyüş gedən istiqamətlərdə erməni işğalçıları silahlarını, xidməti yerlərini atıb qaçırdılar. Biz düşmənin zəifliyini, gücsüzlüyünü belə gördük. Aprel döyüşlərində şəhid olan əsgər və zabitlərimizin qisası heç zaman yerdə qalmayacaq. Tezliklə, düşmən tapdağı altında olan torpaqlarımızı qüdrətli ordumuzun, Ali Baş Komandanımızın rəhbərliyi altında azad edəcəyik. Qaçqın və köçkünlərimiz öz el-obasına, yurd yerlərinə dönəcəklər. Üçrəngli bayrağımız Şuşada, Qarabağda...  dalğalanacaq".
Leytenant Səxavət Əmirəliyevin sözləri məni çox qürurlandırdı. Fəxr edirəm ki, Vətənimizin, torpağımızın müdafiəsində Səxavət kimi oğullar şərəflə xidmət edir.

Kursant Əli ABIYEV