Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 İyul 2018 09:40

“Qalib əsgər olmaq istəyiylə xidmət edirik”

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluçusu kiçik çavuş Elnur Xəlilov idarə etdiyi avtomobilin sürətini bir qədər də artırır. Bir-birinə oxşayan, qızılı rəngə çalan taxıl zəmilərini, ağacsız, yaşıllıqsız düzənlikləri, irili-xırdalı təpələri arxada qoyuruq. Ancaq bu eyniliklərin arasındakı fərqlilik - taxıl zəmilərinin həndəvərində ağır-ağır dövrə vuran leylək quşları gözümüzdən yayınmır. Sanki leyləklər uzaq səfərdə olarkən bu yerlərdə baş verən dəyişikliklərə diqqətlə nəzər salır. Adama elə gəlir ki, gözlərini məchul nöqtəyə zilləyib xəyala dalır. Ətrafa boylanır. Gecə-gündüz işğal altında olan torpaqlara, o torpaqlarda yiyəsiz qalan uçuq-sökük evlərə, bizləri o torpaqlara aparacaq yollara baxır. Yorulmadan qanad çalan leyləklər sanki Lələtəpədə, Bayraqtəpədə dalğalanan bayrağımızı alqışlayır. Elə bil onlar bu zəfəri qazanan Azərbaycan əsgərinin  hünərini alqışlayır. Sanki Azərbaycan Ordusunun növbəti zəfərlərinin şahidi olmaq istəyir.
Mayor Qalibiyyət Əliyev gözümüzü leyləklərdən ayırmadığımızı hiss edərək bildirir ki, Vətən və yurd sevgisi təkcə insanlara məxsus deyil, yaradılan bütün canlılarda da bu hiss vardır: "Azərbaycan hər birimizin Vətənidir. Bu gözəl yurdu bütün qəlbimizlə sevmək, varlığımızla ona bağlı olmaq hər birimizin vətəndaşlıq borcudur. “Vətən - onda yaşayan dəyərlərə görə müqəddəsdir. Hər bir Vətən övladı onun dəyərlərini tanımalı, qorumalı, öz varlığını ona bağlamalıdır. Azərbayan Ordusunda misal çəkiləsi belə oğullar çoxdu. Azərbaycan Ordusunu da qüdrətli edən bu amildir".
Səngərdəyik. Bizi qarşılayan manqa komandiri Mirdamət Miriyev düşmənlə təmas xəttində yerləşən müvafiq postda etibarlı müdafiə sisteminin qurulduğunu, xidmət üçün zəruri olan hər bir şəraitin olduğunu qeyd edir: "Ərazinin strateji əhəmiyyəti nəzərə alınaraq qurulan postda düşmənin istənilən təxribatının qarşısını almaq məqsədilə müxtəlif qurğular və maneələr yaradılıb. İstənilən səviyyədə rabitə əlaqəmiz, müasir döyüş texnikalarımız, artilleriya qurğularımız, müşahidə cihazlarımız var ki, bu da postda etibarlılığı təmin edir."
"Döyüşdə müasir texnika təminatı vacib olduğu qədər, şəxsi heyətin mənəvi-psixoloji durumu da mühüm əhəmiyyət kəsb edir", - deyə mayor Qalibiyyət Əliyev bildirir. - Bu səbəbdən də mükəmməl əsgər yetişdirmək əsas şərtlərdən biridir. Ona görə də istənilən zabit və ya gizir tabeliyində olan hər bir əsgərin mənəvi-psixoloji və ixtisas hazırlığına xüsusi önəm verir. Çətinlik çəkən əsgərlərə köməklik edir, onlara daha geniş biliklər və ən əsası Vətən sevgisi aşılayırlar. Artıq ön xətdə xidmət edən əsgərlər yiyələndikləri ixtisası mükəmməl bilməklə yanaşı, torpaqlarımızı işğaldan azad etmək istəyi ilə alışıb yanırlar.
"Vətən eşqi biz əsgərlərin damarlarında axan, qanında, canında dövr edən həyat qaynağıdır", - deyə Əbülfəz Təhməzov bildirir. - Vətəni yaşatmaq əsas amalımız və vicdanımızın səsidir. Nə qədər ki, Vətən var, deməli, biz də varıq. Ona görə də üzərimizə düşən vəzifəni dərindən anlayır və bunun öhdəsindən layiqincə gəlməyə çalışırıq.
Əslən Biləsuvar rayonundan olan əsgər Əbülhəsən Suvarov qeyd etdi ki, şəxsi heyətin vətənpərvərlik ruhu çox yüksəkdir. "Bu gün Azərbaycan əsgəri müharibənin başlanmasından qorxmur, əksinə, bunu səbirsizliklə gözləyir. Eyni zamanda, Azərbaycan əsgərində o inam da var ki, Ali Baş Komandanın rəhbərliyi ilə bütün döyüşlərdən qalib çıxacaq".
Əsgərlər Əsəd Hüseynov, Sərvan Məmmədov, Süleyman Hacıyev, Tofiq İdrisli və başqaları da bildirdilər ki, zaman yetişəndə Azərbaycan əsgəri Ali Baş Komandan əmr verərsə, torpaqları işğaldan azad etmək üçün qalibiyyət döyüşünə atılacaq, Azərbaycan əsgəri məğlub edəcəyi düşmənin bir daha torpaqlarımızı işğal etməsinə imkan verməyəcək. Əsgərlər qalib əsgər olmaq istəyiylə xidmət edirlər.

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
fotolar  C.CƏFƏROVUNDUR