Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 İyul 2018 09:18

Vətən sərhəddən başlanır

Vətən və yurd məhəbbəti təkcə insanlara məxsus deyil, Allahın yaratdığı istənilən canlıda bu hiss mövcuddur. Heyvanlar, quşlar da öz yuvalarını sevir, onları qoruyur. Qışda isti ölkələrə köçən quşlar havalar mülayimləşdikdə  min kilometrlərlə uzanan məsafələri qət edib geriyə - Vətənlərinə dönür. Ona görə də Vətən anlayışı özü-özlüyündə daha geniş mənanı ifadə edir.
Vətənimizə bağlılıq milli-mənəvi dəyərlərimizə, ailəmizə, bayrağımıza, dilimizə, tariximizə, adət-ənənələrimizə, dinimizə bağlılıqdır. Bu barədə ümummilli liderimiz Heydər Əliyev belə demişdir: "Vətəni qorumaq öz ana torpağını, evini, obasını, yurdunu qorumaqdır. Vətəni qorumaq öz namusunu, şərəfini qorumaqdır. Vətəni qorumaq öz atasını, anasını, balalarını, övladlarını qorumaqdır. Vətəni qorumaq Azərbaycan xalqının tarixini, mənəviyyatını, əsrlər boyu əldə etdiyi milli mədəniyyətini, milli iftixarını qorumaq deməkdir. Bu şərəfli yoldur. Bu şərəfli vəzifədir."
Azərbaycan Ordusunda xidmət edən hər bir əsgər bu şərəfli vəzifəni dərk edir, üzərinə düşən öhdəçiliyi layiqincə yerinə yetirir.  Bizlər də tez-tez Vətən torpaqlarına keşik çəkən igidlərimizə baş çəkir, onların Vətənə olan sevgisini qələmə almağa çalışırıq.
Günəşin hərarətini gördükdə, ön xətdə xidmət edən döyüşçülərimiz yadıma düşür. Düşünürəm ki, nə qışın sərt şaxtası əsgərlərin xidmətinə maneçilik törədə bilməz, nə də yayın istisi, çünki Vətən, torpaq sevgisi çox şeyə qadirdir.
Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsindəyik. Ənənəyə uyğun olaraq qərargahda zabit Eldəniz İsmayılovla görüşürük. O, gəlişimizin məqsədi barədə komandirə məlumat verdikdən sonra vaxt itirmədən döyüş mövqeyinə yola düşürük.
Ön xətdə bizi bölmə komandiri kapitan Bayram Hüseynov qarşıladı. Yolboyu söhbətimiz ancaq əsgərlər barəsində, onların mövcud sosial-məişət şəraiti, qayğıları haqqındadır. Bölmə komandiri bildirdi ki, bu gün ön xətdə xidmət edən şəxsi heyətin bütün qayğıları ordu rəhbərliyinin diqqət mərkəzindədir.
- Əsgərlərin gündəlik məişət şəraitinə, keyfiyyətli qidalanmasına ciddi önəm verilir. Hər bir əsgər vaxtlı-vaxtında məzuniyyətə göndərilir, kiminsə ailə problemi yaranarsa, diqqətimizi, köməyimizi əsirgəmirik. Ona görə də şəxsi heyət ayıq-sayıq xidmət aparır, verilən tapşırıqların öhdəsindən layiqincə gəlir.
Bölmə komandiri onu da bildirdi ki, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir. “Hər kəs Vətənimizin müdafiəsində dayanmağın mənəvi məsuliyyətini aydın dərk edir və bu vəzifəni yerinə yetirməsindən qürur duyur”.
Bölmə komandirindən eşitdiklərimizin şahidi olduq. Döyüş mövqeyi olsa da, burada əsgərlərin xidməti vəzifələrini yerinə yetirmələri üçün hər bir şərait yaradılıb.
Səngərdə gizir Seymur Behbudovla həmsöhbət oluram. Öyrənirəm ki, Seymur iki ilə yaxındır bu vəzifədə xidmət edir. O, bundan öncə "N" hərbi hissəsinin artilleriya divizionunda top komandiri olub. 2014-cü ildə xidmətini başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaq qərarına gəlib. Üç il xidmət etdikdən sonra gizir hazırlığı kursuna daxil olub və bu gün ordu sıralarında nümunəvi xidməti ilə seçilənlər sırasındadır. Əraziyə yaxından bələd olan gizir bildirdi ki, düşmənlə təmas xəttində xidmət etməyin məsuliyyətini tabeliyindəki hər bir əsgərin diqqətinə çatdırıb. “Hər növbə dəyişildikcə əsgərlərlə Vətən torpaqlarını qorumağın nə qədər şərəfli olması barədə söhbət edirəm. Həmçinin qarşımızda dayanan düşmən qüvvələrinin ikiüzlülüyündən və tarix boyu bizə etdikləri fitnəkarlıqlarından da söz açıram. Bilirəm ki, mənim dediklərim onların düşmənə qarşı nifrətini birə-beş artırır. Onların hər biri bu gün Ali Baş Komandanımızın döyüş əmrini yerinə yetirməyi səbirsizliklə gözləyirlər.”
Sumqayıt şəhərindən hərbi xidmətə çağırılan Elmar Eminov əsgər olmasına baxmayaraq, manqa komandiri vəzifəsindədir və özünü qısa zamanda doğrulda bilib. Onun öz işini bacarıqla yerinə yetirməsindən post başçısı da söz açdı.
Söhbət zamanı Elmar layiq görüldüyü vəzifə çətin olduğu qədər, şərəfli olduğunu bildirdi: "Sevinirəm ki, döyüş postunda xidmət edirəm. Əsgər olsam da, komandirlərim mənə məsuliyyətli iş tapşırıblar. Hər gün növbələri dəyişir, tez-tez müşahidə aparan əsgər yoldaşlarımı yoxlayıram. Çünki mən də onlarla birlikdə Vətənin müdafiəsindəyəm. Müşahidə vaxtı gözə çarpan bir dəyişiklik, yaxud düşmən qüvvələrinin hər hansı hərəkətini gördükdə, dərhal komandirimə məruzə edirəm. Çalışıram ki, mənə göstərilən etimadı doğruldum".
Digər müşahidə mövqeyində dayanan əsgər Murad Abbasov postda yaradılan şəraitdən razılıqla danışdı. "Şəxsi heyətin normal xidmət etməsi üçün hər cür şərait yaradılıb. Xidmət müddətində ordu ilə bağlı fikirlərim xeyli dəyişib. Buradakı maddi-texniki təminat, yaradılmış şərait bütün əsgər yoldaşlarımda ruh yüksəkliyi yaradır və döyüş əzmimizi daha da artırır".
Lənkəran rayonundan ordu sıralarına çağırılan əsgər Nahid Nəhmətzadə xidmətdə keçirdiyi hər günün onun Vətəni, xalqı qarşısında sınaq günü olduğunu bildirdi: "Biz burada kişilik məktəbi keçirik və əsl azərbaycanlı döyüşçüsünün nümunəsini yaradırıq. Bilirik ki, Ali Baş Komandanımız da, millətimiz də bizə güvənir. Biz isə hər an bu etimadı canımız, qanımız bahasına doğrultmağa hazırıq".
Əsgər Sahil Ağayevin sözləri məni daha çox qürurlandırdı. O, Vətənin torpaqlarını qorumağın insanın şərəfi ilə bir tutulduğunu qeyd etdi: "Hər bir vətəndaş yaşadığı, böyüyüb boya-başa çatdığı torpağı qorumalıdır. Bu bizim vətəndaşlıq borcumuzdur. Çünki sərhəd Vətəndir, Vətənsə namusdur. Necə ki, sevdiklərimizə yad baxışları rəva görmürük, eləcə də sərhədlərimizə toxunanı cəzasız qoymamalıyıq. Hər birimiz Ali Baş Komandanımızın əmrinə hazır olmalı və sərhədlərimizi yenidən bərpa etməyə hazır olmalıyıq."
Bu gün Azərbaycan Ordusunda xidmət edən hər kəsin əsas vəzifəsi xalqımıza düşmənçilik hissləri bəsləyən erməni şovinizminə qarşı mübarizlik əzmimizi qorumaq və tarixi torpaqlarımızın düşmən tapdağından təmizlənməsi üçün savaşa hər an hazır olmaqdır.
Görüşümüz başa çatsa da, xoş xatirələr yaddaşımdan silinməyəcək. Zöhrabı, Qədiri, Arazı və onların timsalında hər bir Azərbaycan əsgərini xatırlayacaq, Vətənin keşiyində dayanan döyüşçülərlə fəxr edəcəyəm.

Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR