Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 İyul 2018 10:16

Fiziki hazırlıq döyüş hazırlığının təminatçısıdır

"N" hərbi hissəsində şəxsi heyət axşam idmanı ilə məşğul olurdu. İdman qurğuları ilə təchiz edilmiş idman şəhərciyi, şəxsi heyətin gündəlik idman fəaliyyəti diqqətimi çəkdi.
Leytenant Nihad Abdullayev əsgərlərin döyüş qabiliyyətinin artırılmasında, sağlamlığının möhkəmləndirilməsində fiziki hazırlığın müstəsna rolu olduğunu qeyd etdi. "Günün nizam qaydasının məcburi elementi, ayrılmaz və önəmli hissəsi idmandır. Hərbi qulluqçuların təlim və döyüş tapşırıqlarını yerinə yetirməsi üçün güclü olmaları əsas şərtdir. Fiziki hazırlıq ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsi istiqamətlərindən biri olmaqla, onun mühüm və ayrılmaz hissəsidir. Qüvvətli və dözümlü  hərbi qulluqçu istənilən tapşırığı uğurla icra edir. Hər idman növü müəyyən dərəcədə dözümlülüyü artırır. Torpaqlarımızın işğaldan azad edilməsində müasir silah və texnika ilə yanaşı, onları idarə edə bilən fiziki cəhətdən  hazırlıqlı hərbi qulluqçular əvəzedilməzdir. Hər bir hərbi qulluqçu idman hazırlığına görə fərdi məsuliyyət daşıyır və daim müəyyən edilmiş tələbləri yerinə yetirməyə çalışmalıdır. Bunun üçün müxtəlif çalışmaları yerinə yetirməli, hərbi-tətbiqi idman növləri ilə məşğul olmalıdır. Müntəzəm idmanla məşğul olan hərbi qulluqçuda fiziki keyfiyyətlər inkişaf edir, yeni hərəkət vərdişləri formalaşır, hərəkətlərin koordinasiyası yaxşılaşır və nəticə etibarilə sağlamlığı möhkəmlənir. Şəxsi heyətin hazırlıq səviyyəsinə biz komandirlər cavabdehik. Hər bir komandir tabeçiliyində olanların döyüş qabiliyyətinin yüksəldilməsi üçün fiziki çalışmaların bütün forma və vasitələrindən istifadə etməli, səhər və axşam kompleks məşğələlər, kütləvi idman işi təşkil olunmalıdır. Hərbi hissəmizdə bunun üçün hər cür şərait yaradılıb."
Əsgərlər müxtəlif idman qurğularında ardıcıllıqla məşq edir, normativləri qısa müddət ərzində yerinə yetirməyə çalışırlar. Daha fəal olanlar hərəkətlərin düzgün və səlis yerinə yetirilməsi qaydalarını digərlərinə göstərir, lazım olduqda leytenant Nihad Abdullayev də izahat verirdi. Hiss olunurdu ki, əsgərlər fiziki cəhətdən hazırlıqlıdırlar.
Əsgərlərlə söhbətləşdim. Rafiq Məhərrəmov bədən tərbiyəsinin əhəmiyyətindən danışdı. "Əmrləri icra etmək üçün çevik, möhkəm, dözümlü olmaq və verilən tapşırıqları cəld yerinə yetirmək lazımdır. Bunun üçün yüksək fiziki hazırlığa malik olmalısan. Məşğələlərdə həvəslə iştirak edirik. Hər gün çalışıram ki, bütün idman qurğularından istifadə etməklə fiziki qüvvəmi daha da artırım. İşğal altında olan torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazırıq."
Əsgər Sübhan Əliyev dedi ki, xidmətdə hərbi biliklər, döyüş hazırlığı ilə yanaşı, dözümlülük, möhkəmlik, vətənpərvərlik öyrənirsən. “Həmçinin, fiziki hazırlığın da yüksəlir. Hərbi xidmətdən əvvəl idmanla az məşğul olurdum. Bir çox hərəkətləri etməkdə çətinlik çəkirdim.  Komandirimin və əsgər yoldaşlarımın dəstəyi ilə hər gün idmanla ciddi məşğul olmağa başladım. İndi normativləri yerinə yetirə bilirəm.”
Əsgərlər Nurlan Ağalarov və Rövşən Nağılı da fiziki hazırlığın əhəmiyyətindən, hərbi hissədə hər cür məişət şəraiti ilə yanaşı, idman meydançalarının qurulduğunu da dedilər.
Bir daha əmin oldum ki, əsgərlərimiz yüksək döyüş hazırlığına malikdirlər. Bu, torpaqlarımızın işğaldan azad ediləcəyinə inamımızı daha da artırır...
                                                                                                                                                                                                     
Samir HÜSEYNOV, "Azərbaycan Ordusu",
fotolar Namiq PƏNAHOVUNDUR