Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 İyul 2018 10:14

Ordumuzla qürur duyuruq

Yaşadığımız anlar tarixə qovuşduqca zaman bizi Silahlı Qüvvələrin 100  illiyinə yaxınlaşdırdı. Ordumuz dövlətçiliyimizin varlığıdır, etibarlı dayağıdır. Ordu həmişə yurdun keşikçisi, dövlətin, dövlətçiliyin qarantı olub.
Həm Azərbaycan Cümhuriyyətinin, həm də ordumuzun 100 illiyi bir ana kimi ürəyimi sevinclə doldurur. Mənim üçün bu yubileylər ikiqat bayramdır. Çünki oğlum Səxavət Aslanov bu gün 100 yaşlı ordumuzun sıralarında xidmət edir. Əsgər anası kimi bu məni çox sevindirir. Oğullar Vətənin, torpağın müdafiəçiləri kimi doğulurlar. Yurdu qorumaq, ona əsgər olmaq oğulların vətəndaşlıq borcudur. Oğlum Səxavət də Vətən qarşısında borcunu yerinə yetirmək üçün ordu sıralarında hərbi xidmətdədir.
Bu yaxınlarda məzuniyyətə gəlmişdi. Onu hərbi formada görəndə ürəyim dağa döndü. Səxavət hərbi xidmətindən, ordu quruculuğunda aparılan islahatlardan həvəslə danışırdı. Ona qulaq asdıqca, ürəyim açılırdı. Ordumuzun güclənməsi, qüdrətini artırması bir valideyn kimi məni çox sevindirir.
Uzun müddət kitabxanaçı işləmişəm. Həmişə kitablara sevgim olub, heç vaxt mütaliədən qalmamışam. İnsan həyatda qazandığı uğurlara görə həmişə kitablara, elmə, biliyə borcludur. Övladlarımın da savadlı, bilikli olması üçün kiçik yaşlarından onlarda kitablara, elmə-biliyə maraq və həvəs oyatmışam. Oğullarım Məhəbbət də, Səxavət də ali təhsillidir.
Əsgər oğlum Azərbaycan Tibb Universitetini bitirib, cərrahdır. Əsgər dostlarından fərqli olaraq o, iki dəfə and içib. Həm həkim, həm də əsgər kimi. İnanıram ki, Səxavət içdiyi andlara xidmətinin və həyatının sonuna qədər sadiq qalacaq. Hazırda o həm torpaqlarımızın keşiyində dayanır, həm də əsgər dostalarına tibbi xidmət göstərir. Oğlum xidmətindən qürur duyur, Vətənə əsgər olmağı ilə fəxr edir. Nə yaxşı ki, belə oğullarımız yüzlərlədir, minlərlədir.
Bakıda keçirilən hərbi parad əsgər olaraq oğlumu, əsgər anası olaraq məni də qürurlandırdı.
Bir ana kimi sevinirəm ki, bu gün oğlum Vətənin keşiyindədir. O, nümunəvi xidməti ilə həmişə bizi sevindirir, fərəhləndirir. Komandirindən aldığımız təşəkkür məktubları sevincimizi daha da artırır.
İnanırıq ki, getdikcə güclənən, müasir silah və sursatlarla təmin olunan ordumuzun zabit və əsgərləri üzərlərinə düşən tapşırıqları layiqincə yerinə yetirəcək, torpaqlarımızı işğaldan azad edəcəklər. Biz doğma ocaqlarından qaçqın düşmüş valideynlər böyük sevinclə ata-baba yurdumuza dönəcəyik.

Zeynəb  ASLANOVA,
əsgər anası