Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 İyul 2018 10:08

Nələrə qadirdi Vətən sevgisi!..

Vətən sevgisini yenə görəcəm, bu sevginin dövlətə, dövlətçiliyə sədaqətini gözlərimə sürmə edəcəm...
Dayanacaqda orta yaşlı bir kişi istidən gileylənirdi. O yaşlarda başqa birisi onu qınayırdı:
- İstidən, bürküdən təntiyəndə sərinliyə çəkilirik. Bəs səngərdəkilər, döyüş növbətçiliyi aparanlar, torpaqlarımızı, səni, məni, bizi qoruyanlar neyləsin? Onları xatırlayın...
Əsgərə layiq vətəndaş sevgiləriylə deyilən kəlmələrə görə dayanacaqdakılar "Haqlısan, qardaş..." - dedilər. "Gözlərimiz gözlərindən uzaq olsa da, ürəyimiz həmişə əsgərlərimizin yanındadır. İki il əvvəl Qələbə qazananlarımız torpaqlarımızı işğaldan tamamilə azad edəcək." Əsl vətəndaşın, əsl vətənpərvərin kimliyini öyrənməyə macal tapa bilmədim...
O gündən bəri ürəyim məni səngərlərə daha dönməzliklə çəkməkdədi. Gedəcəm, tanıdıqlarım öz yerində, tanımadıqlarımla da əzizlərim kimi görüşəcəm. Dövlətçiliyimizdən, müharibədən, işğal edilmiş torpaqlarımızdan, 2016-cı ilin aprel döyüşlərindən danışacağıq. "Böyük Qələbəni siz qazanacaqsınız, bu problem birdəfəlik həll olunacaq", - deyəcəm. Hamısının barmaqları avtomatın qundağını sıxacaq...
Mənə könül xoşluğu verəcək təbəssümləri düşüncələrimə kölgəlik biləcəm...
1992-ci ilin yayını xatırlayıram. Ön xətdəyik. Azərbaycan əsgərinin döyüş növbətçiliyi apardığı mürəkkəb relyefli mövqedən üzü səngərlərə tərəf əsən çılğın yellər mənim də ürəyimi arxasınca çəkirdi. Qəzənfər ürəyimdən keçənləri duyubmuş kimi, "Yaxın vaxtlarda baxdığım o əraziləri də yarıb keçəcəyik..." - demişdi, qədərsiz inamla sağımızdan ötüb keçən əsgərlərə baxmışdı. Onda bu baxışların sığındığı mehr-ülfəti ehtiramı zamanın - tarixin ömrümə səxavəti bilmişdim. Könlümdən keçənlərə bir bayatı dilmanclıq etmişdi:

... qara yellər,
Ağ yellər, qara yellər.
Dolaşığa düşməmiş,
Yolları dara yellər!..

Qəzənfər "Yolları yellər deyil, bu oğulların qətiyyəti, cəsarəti, sevgisi darayacaq, həm də arzuladığımız kimi darayacaq!" - demişdi. Mənə dönməz inama bükülü könül xoşluğu  yaşadan zabiti bağrıma basmışdım...
Aradan illər keçib. Ordumuz o illərdəki ordu deyil. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar keçirilən dövlət tədbirində dediyi kimi, indi ordumuz dünyanın ən güclü orduları sırasındadır...
Buradan o yana neytral zonadı, neytral zonadan o yana düşmənlərin mövqeləridi.
Ön xəttin o üzünə tərəf yel əsir; tələsə-tələsə əsən, əsə-əsə tələsən səhər yelinə qoşul-maq keçir könlümdən...
Bu da qışda soyuğu-sazağı, yayda istini-bürkünü yumuşaldan, ruhumuzla bağrıbadaş olan səngərlər...
Bu da hər görüşəndə qürurumu bir boy da dikəldən əsgərlər, əsgərlərin bənzərsiz təbəssümləri!..
Bu da şirin salam, şirin əleyk...
Bir neçə gün əvvəl dayanacaqda eşitdiklərimi xatırlayıram. Kəlmələr bitər-bitməz baş leytenant Aqil Hüseynov alnını ovuşdurur və zabit qüruruyla, vətəndaş heysiyyətiylə deyir:
- Əsgərlərimiz istiyə də dözür, soyuğa-sazağa da. Torpaqlarımızın işğalına dözmür.
- Bizi əsgərlərimizlə görüşə, könül söhbətinə bu inam gətirib, - qətiyyətlə, qürurla deyirəm.
- Birinci Qarabağ müharibəsini xatırlaya bilmirəm. Onda körpəydim. Böyüdükcə o illərdə nələr olduğunu söhbətlərdən, oxuduqlarımdan öyrənmişəm. Səmimiyyətimə inanın, hərbçi olmağım müharibəylə, şəhidlərlə, şəhidliklə, torpaqlarımızın işğalıyla bağlıdı. Yuxarı siniflərdə oxuyanda ədəbiyyat müəllimimizdən eşitdiyim

Məndən, səndən ötən zərbə,
Vətən, Vətən sənə dəydi..., -

misraları həyat yolumu qəti müəyyənləşdirdi.
Baş leytenantın peşə seçimində vəsilə olan beyt düşüncələrimi tərpədir: bizdən ötən zərbələr Şuşaya dəydi, Laçına, Kəlbəcərə, Ağdama, Füzuliyə, Cəbrayıla, Qubadlıya, Zəngilana dəydi. Bizdən ötən zərbələr Xocalıda görünməmiş faciə törətdi.
Bizdən ötən zərbələr Vətəni yaralayır. Qaysaq bağlamayan, qaysaqlamayan bu yaralar tale yaralarımıza dönür. Bu sızıltılı-giziltili yaralar torpaqlarımız işğaldan azad ediləndə qaysaqlayacaq, o vaxtacan ruhumuza rahatlıq verməyəcək. Xalq inanclarındandı - yaraya bağayarpağı qoyarlar. O yaralar üçün bağayarpağı  əsgər qətiyyətidi, əsgər inamıdı, əsgər cəsarətidi. O qətiyyətin, o inamın, o cəsarətin əhatəsindəyəm. Nə isti hiss edirəm, nə bürkü. Bu da möcüzədi. Azərbaycan əsgərinin yaratdığı möcüzədi. 2016-cı ilin aprelində qazanılan zəfərin işığı səngərlərə də düşür. Bu möcüzə o işığa söykənib...
- Çağırışçı çətin relyefli şəraitdə də, çətin iqlim şəraitində də xidmət etməyə hazır olur. Əqidəsi, amalı, Vətənə sevgisi onu soyuqda isidir, istidə sərinlədir, - mayor Vüsal Quliyev belə deyir və səmimiyyətlə əsgərlərə baxır. Bu baxışların səmimiliyində hərbi hissənin timsalında ordumuzda zabit-əsgər münasibətlərini görürəm. Sonralar “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş Yusif Mirzəyev deyirdi ki, əsgərə inam əsgərə sevgi deməkdi, əsgərə sevgi Vətənə sevgidi. Əsgərinə inanan, əsgərini sevən zabitin komandiri olduğu bölük istənilən döyüş əmrini yerinə yetirir.
Mayorun çöhrəsində hiss edilməsi çətin olmayan bir təbəssüm görünür. Bu təbəssüm Yusif Mirzəyevin dediklərinə şərikliyin təbəssümüdü. Ona görə  belə dönməzdi, könülə-yatımlıdı, ona görə düşüncələrimin səyyarəsinə dönür...
Əsgər Kənan Əliyev deyir ki, 2016-cı ilin aprel döyüşlərində həqiqi hərbi xidmətdəydim. Bizim hərbi hissə döyüşlərə  cəlb olunmadı. Səmimiyyətlə deyirəm ki, məni yenidən hərbi xidmətə o döyüşlər gətirib. Böyük Qələbəni qazanacaq hərbi qulluqçularımızın sırasında olmaq istəyirəm. Hiss etmədiyimiz istinin-bürkünün içindən keçib bayrağımızı, Ali Baş Komandanın dediyi kimi, Şuşada, Xankəndidə, işğaldan azad edəcəyimiz torpaqlarda da dalğalandıracağıq!..
Bu gəliş, bu görüş ömrümə yazılan gəlişdi, ömrümə yazılan görüşdü.  Bu görüşü ömrümə əsgər Kənan Əliyevin dedikləri də yazdırır: "Ocaq doğma ocaqdırsa, adama onun istisi də xoşdu, tüstüsü də. Bu torpağın qışda soyuğunu-sazağını, yayda istisini-bürküsünü yad havasına dəyişənlərə necə vətəndaş deyə bilərik?"...
Belə düşünənlərin sayı hərbçilərimizin sayı qədərdi. Azərbaycan Ordusu ona görə Cənubi Qafqazda ən güclü ordudur ki, onun döyüş hazırlığını belə bir qətiyyət, belə bir dönməz inam tamamlayır...
Azərbaycan əsgəri bu istidə-bürküdə də böyük məsuliyyətlə döyüş növbətçiliyi aparır. Əmindir ki, başlanğıcı aprel zəfəri olan Böyük Qələbəni qazanacaq. Ali Baş Komandanın əmriylə döyüş növbətçiliyi apardığı səngəri dövlət sərhədimizə köçürəcək.
- Avtobusların salonuna quraşdırılmış monitorda diqqətimi bir yazı çəkmişdi: bütün yollar Qarabağa aparır. O yollar sizin uğur yolunuz olacaq. İstinin-bürkünün içindən keçib həsrətini çəkdiyimiz, həsrətimizi çəkən torpaqlarımıza çatdıracaq, - deyirəm. Eşitdiyim "Hər birimiz həmin günün əsgəriyik!" kəlmələri mənim ürəyimi telləndirir, mayor Vüsal Quliyevi duyğulandırır. Hər ikimiz bu kəlmələri Vətənə sədaqət andı bilirik, sədaqət andına sədaqətlə əməl etmək azərbaycançılıqdır, dövlətçiliyin cəfakeşi olmaqdır.
- Əsgərin qətiyyəti, inamı, dövlətə sədaqəti ordunun gücü deməkdir. Əsgər  Ağamirzə Sultanovun  qətiyyəti təkcə bizim bölüyün əsgərlərinin deyil, ümumən bütün əsgərlərimizin  qətiyyətidir. Bu qətiyyət mənəvi-psixoloji hazırlığın səviyyəsinin göstəricisidir.
Söz sözü çəkir, söz sözə söykək olur. Heç zaman unudulmayacaq aprel döyüşlərini xatırlayırıq. "O döyüşlər Azərbaycan əsgərinin timsalında ruhumuzun qələbəsi ilə nəticələndi", - deyirəm. Söhbəti dinləsələr də, baxışları qarşı tərəfdən üzülməyən əsgərlərin hər biri ruhən döyüş növbətçiliyi aparan əsgərin yanındadı.
- Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 2016-cı ilin aprelindən əvvəlki görkəminə müharibənin xəritəsi deyərdim.
- Dediklərinizə əlavə bir fikirlə şərikəm: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə yenidən qurulan bu kəndin indiki görkəminə müharibədən sonrakı Azərbaycanın döyüş bölgələrinin xəritəsi deyərdim, - mayor Vüsal Quliyev belə deyir.
Bu yay günü düşmənlə qabaq-qənşər mövqedə, səngərlərdə eşitdiklərimi düşüncələrimə səhər mehi bilirəm:
- Azad edəcəyik də, dağılmış evləri yenidən tikəcəyik də! Qaçqınlarımız Cocuq Mərcanlılar kimi ata yurduna, doğma ocaqlarına qayıdacaqlar!
- Siz bu amalın əsgərisiniz.
- Bəli, məhz bu amalın əsgəriyik!...
- Səngərlərə gətirən, səngərlərdən keçən bütün cığırlar, izlər, xırdalı-irili yollar Böyük Yolda birləşəcək. Onda istidən gileylilər də, gileyliləri qınayanlar da, gileyi, qınağı eşidənlər də bu Yolun Qələbə Yolu, Zəfər Yolu olduğunu görəcək, bir ürək tutumunca sevinəcək, o günün ovqatını ovqatının "Ruhani"si biləcək, - deyirəm. Zabitlər də, əsgərlər də qarşı tərəfə baxır. Bu baxışlarda döyüş əmrinin intizarı da var, qələbəyə təşnəlik də. Bu yay günü səngərlərdə bu görüşün xoş ovqatının cazibəsindən çıxmaq istəmirəm. Heç istəmirəm...  Belə səmimi söhbət unudulmayacaq. Əsgər Əhməd Salahov bu günlərdə tərxis olunacaq. Baxışlarında ovunmayan qəribəlik görürəm. "Darıxacam", - deyir. Bu duyğu əsgər dostluğudu. "Qələbə günü qoşa qolların hər birinin kürəyində çarpazlaşacaq", - deyirəm. Kövrəkliyə sığınan təbəssümlə, "əlbəttə", - deyir...
Meh əsir...
Bir daha əmin oluram ki, Vətən sevgisi soyuğu-sazağı hənirlətməyə-isitməyə də qadirdi, istini-bürkünü yumşaltmağa da!..

Rəşid HÜSEYNOV, əməkdar jurnalist