Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 İyul 2018 10:00

Dağlar da səngərdi

"N" hərbi hissəsinin ön xətdə yerləşən bölmələrindən birində dağların, dərələrin, Vətən torpağının keşiyini çəkən, səngərdə düşmənlə üz-üzə dayanan, dağları arxa bilib onlara arxalanan əsgərlərin əhatəsindəyəm.
Bura gələn andan ruhumu titrədən Göyçəni küskün görürəm. Gözlərim məchul bir nöqtədə, beynim isə Göyçə ilə söhbətdədi - niyə küskün görünürsən, gözəllər gözəli? - pıçıldayıram. "Görmürsən, üstümdəki bulud bir an belə rahat buraxmır məni. Özü boyda kölgəyə çevrilib üstümə yeriyir, düşüncələrimi təlatümə gətirir. Bu yurdun, bu yerlərin sahiblərinin həsrətini çəkirəm. Onlar gəlib çıxmayınca çətin gözlərim gülə, dərdim azala. Səbirsizliklə, bu yerlərin sahiblərinin, bu yerlərdə yaşamağa haqqı çatanların yurduna, yuvasına qayıtmasını gözləyirəm"...
Gözəl Göyçəm! Ruhən, həmişə səninləyik. Gördüyün bu oğullar tezliklə sənə gələcək, onların ayaq səsləri nisgilini bitirəcək. Aprel döyüşləri də sübut etdi ki, o gün tezliklə olacaq. Lələtəpəyə, Bayraqtəpəyə qovuşduğumuz kimi, sənə də qovuşacağıq. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çıxışları zamanı dediyi "Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. Bizim tarixi torpaqlarımız təkcə Dağlıq Qarabağın ərazisi deyil. İrəvan, Göyçə, Zəngəzur bizim tarixi coğrafiyamızdır, tarixi torpaqlarımızdır" fikrinin işığında sənə qovuşacağıq. 
"Bu möcüzəli yerlər - dağlar, şiş qayalar, zümrüd meşələr, diş göynədən buz bulaqlar, coşqun çaylar, ab-havası şəfa verən yaylaqlar, yurd yerləri, ana və bala Göyçə də bizi gözləyir", - deyə zabit Rüfət Nəsirov fikrimi oxuyurmuş kimi söhbətə başlayır. - Bu gün Azərbaycan Ordusunun hər bir zabiti, əsgəri üzərinə düşən məsuliyyəti dərk edir. Tarixi ərazilərimizin azad olunması üçün hazır olan Azərbaycan Ordusunun əsgərləri, Vətən, torpaq savaşına girərək bu yolda ölümə hazır olduqlarını hər zaman sübut ediblər və bu gün də edirlər. Aprel döyüşləri də sübut etdi ki, Azərbaycan Ordusunun əsgərləri yüksək döyüş qabiliyyətinə malikdir, vətənpərvər ruhludu, torpaqlarını işğaldan azad etməyə qadirdirlər.
"Bu gün əsgərlərimizi Vətənimizə məhəbbət ruhunda tərbiyə etmək üçün bütün qüvvəmizlə çalışırıq", - deyə taqım komandiri leytenant Cavid Yahyazadə söhbətə qoşulur. - Ordumuzun düşmənlə təmas xəttində yerləşən ən ucqar mövqelərdəki hərbçilərimiz belə ərzaq, silah-sursat, hərbi texnika və digər vasitələrlə tam təmin edilib. Bizim üzərimizə bir vəzifə düşür - torpaqlarımızı işğaldan azad etmək.
Hərbi xidmətə Siyəzən rayonundan çağırılan əsgər Kənan Quliyev bildirir: "Vətənimi çox sevirəm. Mən də torpaqlarımızın işğaldan azad edilməsini hərbi xidmətimin ən başlıca amalı bilirəm. Bu istəyə çatmaq üçün hər bir Azərbaycan əsgəri mətin dayanıb, əsgəri borcunu şərəf və ləyaqətlə yerinə yetirir, valideynlərinin, xalqının başını uca etməyə çalışır. Bir sözlə, hər birimiz şərəfli və müqəddəs Azərbaycan əsgəri adını uca tuturuq".
"Vətənin keşiyində dayanmaq şərəfli işdir və biz əsgərlər bunu dərindən dərk edirik", - deyə əsgər Abid Mikayılzadə bildirir. - Xidmət etdiyim müddətdə hiss etmişəm ki, hərbi hissəmizdə vətənpərvər, qəlbi Vətən ilə döyünən, Vətən yolunda canından keçməyə, Mübarizin, Çingizin, Raqufun... qəhrəmanlıqlarını təkrarlamağa qadir əsgərlər çoxdu. Komandirlərimizin sayəsində mən və əsgər yoldaşlarım mənfur düşmənə hər an layiqli cavab verməyə hazırıq.
Əsgərlər Gündüz Təhməzov, Elşən Sadatov, Emin Hümbətzadə, Bünyad Məmmədov və başqaları da bildirdilər ki, hər birinin ən böyük arzusu qələbədir, işğal olunmuş torpaqlarımızın, doğma Qarabağımızın geri qaytarılması, azad olunmasıdır. Onu da qeyd edirlər ki, həmin günü həsrətlə gözləyən, qələbə sevincini yaşamaq istəyən xalqımızın arzuları gerçəkləşəcək, Qarabağ həsrətimizə son qoyulacaq: "Xalqımız əsgərlərimizdən yeni zəfər gözləyir, biz isə Ali Baş Komandanımızdan döyüş əmrini. Biz əsgərlər inanırıq ki, doğma torpaqlarımızı işğaldan azad etmək uğrunda apardığımız tarixi və müqəddəs mübarizəmiz tezliklə qələbəylə nəticələnəcək".
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu sürücü Elşən İmamverdiyev avtomobili işə salanda anladım ki, müqəddəs məkandan ayrılmaq zamanı yetişib. Bir neçə saniyəlik donub yerimdə qalıram, ayaqlarım getmir, Azərbaycan əsgərindən, müqəddəs torpaqdan, Göyçəmizdən ayrılmaq istəmirəm. Asta-asta başımı qaldırıb Göyçəyə baxıram, onunla xalq şairimiz Məmməd Arazın ruhu ilə sağollaşıram:
Göyçəm salamat qal, sağ-salamat qal!
 
Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"