Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 İyul 2018 10:20

“Mən orduya sevginin, ehtiramın müəllimiyəm”

Vətən hər birimizin şan-şöhrəti, qeyrəti, əyilməzliyi, vüqarı, qüruru, varlığı, əbədi səcdəgahıdır. Fərdi sevgidən ilahi sevgiyə yüksəliş Vətən sevgisiylə bağlıdır. Vətəni sevmək torpağı sevməkdir. Vətənə məhəbbət xalqa məhəbbətdir. Vətənini, azadlıq və istiqlaliyyətini sevən bir xalqın ruhunu məhv edəcək qüvvə yoxdur! Vətənpərvərlik döyüşdə vuruşub qəhrəmanlıq göstərməklə bitmir (Sokrat). Hər bir insanın üzərinə düşən vəzifəni ədalətlə, vicdanla yerinə yetirməsi də vətənpərvərlikdir.
Neftçala rayonunda ezamiyyətdə olarkən Vətən eşqi ilə döyünən ürəyinin sevgisini, döyüntüsünü hiss etdiyim Vaqif Süleymanovla söhbətləşərkən öyrənirəm ki, keçmiş Sovet ordusunun zabiti olub. İstefada olan mayor dedi ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin orduya göstərdiyi qayğı danılmazdır. "Onun ordumuzun formalaşmasına, güclənməsinə göstərdiyi diqqət və qayğı sayəsində bu gün Azərbaycan qüdrətli orduya malikdir. Ordumuz müasir silahlarla və hərbi texnikalarla təmin edilib, yeni hərbi şəhərciklər salınıb. Hərbçilərimizin məişət şəraiti yüksək səviyyədədir. Orduda keçirilən "Açıq qapı" günlərində iştirak edən ictimaiyyət nümayəndələrinin hərbi hissələri çöhrələrində təbəssüm, ürəklərində rahatlıq hissi ilə tərk etdiklərinin canlı şahidiyəm. Valideynlər övladlarını əsgəri xidmətə tam arxayınlıqla yola salırlar. Müstəqil dövlətimizin ordusunda xidmət edən övladlarımızı dünyanın ən xoşbəxt insanları adlandırıram. Onlar doğma Vətənimizin keşiyində dayanıblar". 
Vaqif müəllim üç oğul atasıdır. Ata, oğullarının doğma Vətənimizdə müqəddəs borcunu verməsiylə qürurlanır. Oğullarından Faiqin ehtiyatda olan baş leytenant, bu gün də Vətənin keşiyində dayanan Farizin Qarabağ müharibəsi veteranı, Malikin Naxçıvanda müddətli həqiqi hərbi xidməti müddətində ailəyə təşəkkür məktubları göndərilməsi haqqında fəxrlə söz açdı. Nəvələrinin Vətənə, torpağa, bayrağa sevgilərinin sözlərlə izaholunmaz dərəcədə böyüklüyünü baba xoşbəxtliyi ilə anladır. Onların vətənpərvər vətəndaş olmasıyla öyünür.
Həmsöhbətim dedi ki, Vətənin qədrini Vətən ilə ruhən əlaqəsi olanlar bilər. "Vətəni sevmək torpağını, daşını, havasını, suyunu sevməkdir. Vətənə bağlılıq onu qorumaqdır. Vətəni sevmək, ona bağlanmaq hər bir şəxsin vətəndaşlıq borcudur".
Vaqif müəllim Xıllı qəsəbəsindəki şəhid Rafiq Gözəlov adına 1 saylı orta məktəbdə 18 il gənclərin çağırışaqədərki hazırlığı fənnini tədris edib. O, ümummilli lider Heydər Əliyevin "Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, torpağa, millətə sədaqət, Vətən yolunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir" kəlamını xatırlayaraq bildirir ki, xalqını, millətini sevib özünü Vətəninin bir parçası bilən hər bir kəsin ən başlıca vəzifəsi cəmiyyətimizə, xalqımıza dəyərli vətəndaşlar hazırlamaqdır. "Gənclərin çağırışaqədərki hazırlığı fənni gənclərimizi orduya, Vətənə xidmətə hazırlamaqdan ibarətdir. Onları  psixoloji baxımdan hərbi həyata hazırlamaq vacib məsələdir. Ali Baş Komandanın və Müdafiə nazirinin orduya olan diqqət və qayğısı, davamlı olaraq ön cəbhəyə səfərləri, əsgərlərimizlə daha yaxından maraqlanmaları gənclərimizdə vətənpərvərlik hisslərini daha da möhkəmləndirməklə yanaşı, hərbi xidmətə, orduya sevgi və ehtiram hisslərini daha da gücləndirir".
Təqaüddə olan müəllim vətənpərvərlik hissinin formalaşmasında məktəblilərin hərbi hissələrə ekskursiyasının əhəmiyyətli rol oynamasından, hərbi formada keçirilən dərslərin aşıladığı duyğulardan da danışdı. Belə tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda böyüməsinə müsbət təsir göstərdiyini də vurğulayır. Bu gün ordu sıralarında zabit kimi xidmət edən şagirdlərindən qürurla söz açaraq bildirdi ki, biz bir xalq olaraq ordumuzla qürur duyuruq. “Ən böyük arzum odur ki, Vətən keşiyində duran igid oğullarımız tezliklə xalqımızı Qələbə ilə müjdələsin.”

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"