Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 İyul 2018 10:02

Vətəni qorumaq şərəfdir

İnkişaf göstəricilərinə görə dünyanın aparıcı ölkələrinin orduları ilə rəqabət aparmaq gücünə malik olan Azərbaycan Ordusunda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı, nizam-intizamı, maddi texniki təchizatı qələbəyə təminat verəcək qədər yüksək səviyyədədir. Bu gün Azərbaycan regionda qarşıya qoyulan tapşırığı müvəffəqiyyətlə yerinə yetirməyə qadir olan orduya malik ən güclü ölkələrdən biridir. Azərbaycanda gedən ordu quruculuğu tədbirləri bir daha təsdiqləyir ki, Ermənistanla müharibə başlayacağı təqdirdə, ölkəmizin qələbəsini şərtləndirən kifayət qədər mühüm amillər var.
Tarixi qələbəmizi təmin edəcək mühüm amillərdən biri olan şəxsi heyətin döyüş hazırlığına "N" hərbi hissəsində də xüsusi diqqət yetirildiyinin şahidiyik. Şəxsi heyət günün nizam qaydasına uyğun olaraq sıra hazırlığına cəlb olunub. Taqım komandiri leytenant Ramiz Hüseynovun nəzarəti altında şəxsi heyət meydanda sıra hazırlığını təkmilləşdirir. Dərs prosesindən sonra zabit və əsgərlərlə söhbət etmək imkanı qazanırıq.
Zabit Ramiz Hüseynov bildirdi ki, şəxsi heyətin mənəvi-psixoloji durumunun və döyüş qabiliyyətinin yüksək olması Müdafiə Nazirliyi rəhbərliyinin qarşıya qoyduğu tələblər sırasındadır: "Uzun illərdir müharibə şəraitində yaşayırıq və torpaqlarımız işğal altındadır. Torpaqlarımızın işğaldan azad edilməsi missiyası biz hərbçilərin üzərinə düşür. Üzərimizə düşən missiyanın şərəflə yerinə yetirilməsi üçün döyüş qabiliyyətinin təkmilləşdirilməsi, hərbi təcrübəmizin artırılması, yüksək hərbi nizam-intizam hərbi hissənin qarşısına qoyulan ilkin tələblərdən biridir. Hərbi hissəmizdə günün nizam qaydasına uyğun olaraq şəxsi heyətimizin sıra vərdişlərinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir. Şəxsi heyətə məşğələlər, dərslər keçərkən həm təhsil illərində qazandığımız bilik və səriştəni, həm də hərbi xidmətdə əldə etdiyimiz təcrübəni aşılamağa səy göstəririk. Keçdiyimiz təlim-məşqlərin, mütəmadi dərslərin nəticəsidir ki, şəxsi heyətimizin döyüş qabiliyyəti artır, orduda mənəvi-psixoloji vəziyyət, vətənpərvərlik ruhu, nizam-intizam yüksək səviyyədədir".
"Ordu sıralarına gəldiyimiz gündən hərbi sirləri təcrübəli zabit və manqa komandirlərimizdən mənimsəməyə çalışırıq", - deyə əsgər Aqşin Şahmalıyev söhbətə başladı. - Müntəzəm olaraq biz əsgərlərə təcrübəli komandirlərimiz tərəfindən dərs və məşğələlər keçirilir. Üzərimizə düşən vəzifə isə hərbi bilikləri dərindən mənimsəmək, tapşırıqların öhdəsindən layiqincə gəlməkdir. Xidməti vəzifələrinə məsuliyyətlə yanaşan zabitlərimizin sayəsində gündən-günə hərbi bilik və vərdişlərimizi artırırıq. 20 faiz torpaqları işğal altında olan bir torpağın oğullarının, Azərbaycan əsgərinin başqa cür davranmağa haqqı çatmır.
Əsgərlər Onur Abbaszadə, Anar Nəzərli də bildirdilər ki, torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan Ordusunun əsgəri kimi onların Vətən qarşısında olan əsgəri borcudur, ən əsası isə vətəndaşlıq borcudur: "Müqəddəs borcumuz Vətənə, onun çiçəklənməsinə xidmət etmək, hər qarış torpağımıza sinəmizi sipər edib onu qorumaqdır. Ərazilərimizin 20 faizinin yağı tapdağı altında olduğu bir zamanda Vətən bizdən daha böyük hünərlər gözləyir və biz əsgərlər qanımızla, canımla onu qorumağa hazırıq. Vətəni qorumaq və inkişaf etdirmək hər birimizin şərəf işi, vətəndaşlıq borcudur.”

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"