Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 İyul 2018 09:54

“Prezidentin ilk 100 günü” adlı tədbir keçirildi

İyulun 16-da Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin növbəti yeddi il üçün Vətənə, xalqa və dövlətə sədaqət andı içməsindən keçən 100 gün ilə bağlı"Prezidentin ilk 100 günü" adlı tədbir keçirildi.
Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasiminə həsr olunan videoçarx nümayiş etdirildi.
Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxış edərək bildirdi ki, bu günlərdə dövlətimizin başçısı İlham Əliyevin 11 aprel prezident seçkilərində inamlı qələbəsinin 100 günü tamam olur. "Fəxrlə deyə bilərik ki, ötən 100 gün ərzində dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə çox böyük nailiyyətlər əldə olunub. Ümumilikdə cənab Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 15 ilə nəzər salsaq, respublikamızın bütün sahələrdə xüsusilə də dövlət idarəçiliyində əldə etdiyi uğurlar, sosial-iqtisadi nailiyyətlər göz qabağındadır. Öz gündəlik həyatında bu dinamik inkişafı hiss edən Azərbaycan vətəndaşlarının mövcud siyasi kursa inamı və etimadı günü-gündən möhkəmlənir. Xalqımız yeganə güvənci və sabahının təminatı kimi baxdığı bu siyasi kursu birmənalı dəstəkləyir və alternativsiz seçim ünvanı kimi qəbul edir. Məhz bu inam, gələcəyə əminlik hissi Heydər Əliyev siyasi kursunun layiqli namizədi cənab İlham Əliyevin növbəti seçkilərdə də möhtəşəm qələbə qazanacağına heç bir şübhə yeri qoymurdu. Qədirbilən xalqımız yenə öz düzgün seçimini edərək builki seçkilərdə də cənab İlham Əliyevi dəstəkləməklə Azərbaycan Respublikasının rifahı üçün növbəti böyük müvəffəqiyyətlərin təməlini qoydu.  Sevindirici haldır ki,  Prezidentin fəaliyyətinin 100 günü ulu öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlişinin 49-cu ildönümü ilə bir vaxta təsadüf edir."
Milli Məclisin deputatı vurğuladı ki, dahi rəhbər Heydər Əliyev bacarığı, işgüzarlığı və uzaqgörənliyi sayəsində dünya siyasi tarixində hər zaman özünəməxsus yeri ilə fərqlənib. Bütün dövrlərdə gücünü, dərin zəkasını xalqının yolunda sərf edən Ulu Öndər daxili və xarici təzyiqlərə, çətinliklərə baxmayaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan Heydər Əliyev müdrik dövlət xadimi kimi uzun illər ərzində qiymətli irs yaratdı. Müstəqil Azərbaycan dövləti bu zəngin irsdən faydalanır, sürətlə inkişaf edir, mövqelərini qətiyyətlə gücləndirir.
Tədbirdə ulu öndər Heydər Əliyevin fəaliyyəti haqqında videoçarx nümayiş etdirildi.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Asif Əsgərov böyük tarixi şəxsiyyət Heydər Əliyevin nəsillərə nümunə olan həyat və fəaliyyətindən, onun rəhbərliyi ilə əldə olunmuş uğur və nailiyyətlərdən danışaraq dedi ki, ölkəmizin və xalqımızın taleyi, respublikamızın həyatının bütün sahələrində əldə edilmiş nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin adı, onun müdrik dövlətçilik siyasəti ilə bağlıdır. "Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin müəllifi olduğu bu siyasi kurs, o cümlədən sosial-iqtisadi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Haqlı olaraq Azərbaycan tarixinin Heydər Əliyev dövrü adlandırılan bu zaman kəsiyi ərzində Ulu Öndərimizin gördüyü böyük işlərin, həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyasının məntiqi nəticəsidir ki, bu gün xalqımız müstəqil, demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə edib, xoşbəxt gələcəyə qovuşmaq üçün bütün təminatlara, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olub.  Ölkəmizin başçısı respublikamızın yeni dövr üçün iqtisadi siyasət prioritetlərini daim uğurla tətbiq edir. Çevik və işlək mexanizmlər üzərində mütərəqqi islahatları təmin etməklə böyük ictimai rəğbət qazanan ölkə rəhbəri hər bir azərbaycanlının layiqli Prezidenti olduğunu sübuta yetirir.
Sonra Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan videoçarx göstərildi.
Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev bildirdi ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu möhkəm bünövrəyə malik müstəqil Azərbaycan dövləti bu gün Ulu Öndərin layiqli davamçısı olan Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı genişmiqyaslı siyasət nəticəsində yüksək inkişaf dövrünü yaşayır. "Reallaşdırılan məqsədyönlü islahatlar ölkəmizi müasir inkişaf səviyyəsinə çatdırmaqla yanaşı, həm də gələcək üçün etibarlı zəmin yaradır. Bu gün Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. Ordumuz daim yeni texnika və silah-sursatla təchiz edilir. İstər maddi-texniki təminat, istərsə də hərbçilərimizdə döyüş qabiliyyəti ən yüksək səviyyədədir."
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paradın əhəmiyyətindən danışan idarə rəisi dedi ki, keçirilən hərbi parad bu inkişafı təsdiq etməklə, xalqımızın öz ordusu ilə haqlı olaraq qürur duymasının və ona inamının real əsaslara dayanmasının təsdiqinə çevrildi. "Hərbi parad ordumuzun gücünü bir daha təsdiqlədi. Bu parad xalqımızın Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə qüdrətli ordumuzun torpaqlarımızı tezliklə düşməndən azad edəcəyinə inamını daha da artırdı. Ordumuzun nəyə qadir olduğunu görən düşmən hazırda sarsılmış durumdadır. Azərbaycan Ordusunun şəxsi heyəti torpaqlarımızı işğaldan azad etmək üçün hər an Ali Baş Komandanın əmrini gözləyir."
Sonra hərbi parada həsr olunan videoçarx nümayiş etdirildi.
Təhsil nazirinin müavini, YAP Nəsimi rayon təşkilatı İdarə Heyətinin üzvü Məhəbbət Vəliyeva bildirdi ki, Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına böyük önəm verən Prezident cənab İlham Əliyev elm və təhsilin problemlərini də diqqət mərkəzində saxlayaraq Ulu Öndərin bu sahədə müəyyənləşdirdiyi prioritetlərin də varisliyini təmin etdi. Qeyd etdi ki, Azərbaycanda təhsil sahəsində qazanılan mühüm uğurlar dövlətimizin başçısının adı ilə bağlıdır. "Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə diqqətlə yanaşması, dövlət büdcəsinin vəsaitlərinin ildən-ilə artması ölkəmizdə məqsədyönlü təhsil siyasətinin aparıldığının sübutudur. Azərbaycanda təhsil sisteminin təkmilləşməsinə hər zaman böyük diqqət göstərilir və praktiki tədbirlər görülür. Hər ötən dövr üçün təhsil sisteminin maddi-texniki bazası güclənir, eyni zamanda təhsilin keyfiyyəti artır."
Sonra TANAP-ın açılışına həsr olunan videoçarx göstərildi.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, YAP Nəsimi rayon təşkilatı İdarə Heyətinin üzvü, professor Mustafa Babanlı Azərbaycanın uğurlu neft strategiyasından danışdı. Bildirdi ki, ulu öndər Heydər Əliyevin uğurlu neft strategiyası müstəqil Azərbaycanın inkişafının təməlini qoydu. Ümummilli Lider xalqımız üçün çox işlər görüb. Ulu Öndərin müəllifi olduğu neft strategiyası bu gün müstəqil dövlət kimi Azərbaycanın öz milli sərvətinin sahibi olmasının təsdiqidir. Onun uğurlu neft strategiyası Azərbaycanı yeni inkişaf mərhələsinə yüksəltdi.
Daha sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Hərbi Orkestrinin solisti Cəlal Kərimov Prezident, Ali Baş Komandan İlham Əliyevin fəaliyyətinin ilk 100 gününə həsr edilmiş sözləri C.Naxçıvanski adına Hərbi Liseyin müəllimi Mətanət İmanquliyevaya, musiqisi Elşən Nicata aid olan "Apar zəfərə, Ali Baş Komandan!" mahnısını ifa etdi.
 
Samir HÜSEYNOV, "Azərbaycan Ordusu"