Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 İyul 2018 09:49

Sən Azərbaycan əsgərisən!

Xalqımızın mübariz övladları!
Ordumuzun qəhrəman döyüşçüləri!
Vətənimizin keşiyində mərdliklə, ayıq-sayıq dayanan, respublikamızın ərazi bütövlüyünü təmin etmək üçün Silahlı Qüvvələrin Ali Baş Komandanının hər bir əmrinə hazır olan igidlərimiz!
Siz bu gün çətin, məsuliyyətli, ancaq şərəfli, müqəddəs bir vəzifəni yerinə yetirirsiniz. Torpaqlarımızın müdafiəsi, xalqımızın əmin-amanlığının, xoşbəxt, firavan yaşamasının təminatı sizə həvalə edilib. Siz Vətənə, xalqa, dövlətə sədaqət andı içərək Azərbaycan uğrunda canınızdan, qanınızdan keçməyə hər an hazırsınız. Milli hiss,  milli düşüncə, tarixi dövlətçilik ənənələrinə sədaqət, torpağa bağlılıq sizin amalınızdır. Xalqımız sizə güvənir, sizə arxalanır, sizin hər bir uğurunuzdan böyük qürur duyur.
2016-cı ilin aprelində Füzuli, Cəbrayıl, Ağdərə, Tərtər istiqamətlərində və bu yaxınlarda Naxçıvan Muxtar Respublikasında düşmənə vurduğunuz sarsıdıcı zərbə,  qazandığınız zəfərlər, xalqımıza bəxş etdiyiniz qələbə sevinci hər bir Azərbaycan vətəndaşının, hər bir azərbaycanlının işğal altında olan əzəli torpaqlarımızın da tezliklə azad olunacağına inamını daha da artırır. Eşq olsun sizlərə, şəhid Mübarizlərimizin, Çingizlərimizin, Muradlarımızın, Samidlərimizin, Adillərimizin ... davamçıları!
Azərbaycan Silahli Qüvvələrinin 100 illiyi münasibətilə paytaxtımız Bakıda, Azadlıq meydanında keçirilən möhtəşəm hərbi paradda siz öz gücünüzü, qüdrətinizi, nəyə qadir olduğunuzu həm xalqımıza, həm dünyaya, həm də düşmənlərimizə bir daha nümayiş etdirdiniz. 
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev hərbi paradın tribunasından dünyaya bəyan etdi ki, ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir və ordumuz düşmənin bütün strateji hədəflərini məhv etməyə qadirdir. Azərbaycan heç vaxt işğalla barışmayacaq və tezliklə öz ərazi bütövlüyünü bərpa edəcək.
Ali Baş Komandanımız sizin döyüş və mənəvi-psixoloji hazırlığınıza, yüksək vətənpərvərliyinizə, dövlətə sonsuz sədaqətinizə, ordumuzun gücünə, xalqımızın birliyinə, həmrəyliyinə, dövlətimizin iqtisadi qüdrətinə arxalanaraq  belə dedi. Möhtərəm Prezidentimiz bir də qətiyyətlə vurğuladı ki, müharibə hələ bitməyib. “Müharibənin birinci mərhələsi başa çatıb. İkinci mərhələ başlamalı olsa, ordumuz düşməni darmadağın etməyə qadirdir.”
Vətən əsgərləri, siz də yaxşı bilirsiniz ki, möhtəşəm hərbi paraddan sonra düşmən təşviş içindədir. İşğal etdiyi əraziləri qeyd-şərtsiz tərk etmək, qoşunlarını geri çəkmək, işğala, təcavüzə son qoymaq əvəzinə, yenə də hiyləgər, məkrli niyyətindən əl çəkmir. Atəşkəs rejimini intensiv olaraq pozur, təxribatlara əl atır, dinc əhalini atəşə tutur, ölkəmizin daxilində baş verən hər hansı xoşagəlməz hadisələri fərəh hissi ilə izləyir.
Gəncədə baş verən hadisələrin sizi də narahat etdiyini, bu olaylardan üzüldüyünüzü,  bilirik, Vətən oğulları! Bu gün Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə, yurd yerlərinə böyük qayıdış üçün zəmin yaratmağa hazırlaşdığımız bir vaxtda bu cür təxribatlar minlərlə şəhidimizin qanı hesabına qazandığımız müstəqilliyimizə, dövlətçiliyimizə tuşlanan güllələr deyilmi?! Bu kimi təxribatlara əl qoyanlar, bu oyunlara qoşulanlar, onları qızışdıranlar, bir sözlə, düşmən dəyirmanına su tökən ünsürlər birdəfəlik bilməlidirlər ki, heç kim, heç bir qüvvə Azərbaycanı müstəqillik yolundan döndərə bilməz! Müstəqilliyimiz əbədidir, daimidir, sarsılmazdır! Dövlət müstəqilliyimizin Azərbaycan Ordusu kimi etibarlı təminatçısı, sizin kimi qəhrəman müdafiəçıləri var!
Sən güclüsən, sən dözümlüsən, sən qorxmazsan, sən iradəlisən, Azərbaycan əsgəri! Sən fitnə-fəsada, yalana, böhtana, riyakarlığa qarşı barışmazsan. Sən insanları xoş vədlərlə yolundan sapdırmaq istəyənlərin şirin dillərinə uymayansan. Sən Vətənin hər qarışını göz bəbəyi kimi qoruyan, döyüş növbəsində ayıq-sayıq dayanan, valideynlərini nümunəvi xidməti ilə  hər an sevindirməyə çalışan igidsən. Sən yaxşı bilirsən ki, Azərbaycan bu torpaqda yaşayan bütün millətlərin, eləcə də dünya azərbaycanlılarının qibləgahıdır. Bu qibləgahın sədaqətli qoruyucusu sənsən, Vətən əsgəri! Azərbaycan səninlə  fəxr edir. İnanırıq ki, bundan sonra da Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edəcək, Azərbaycan Prezidentinin, Müdafiə Nazirliyi rəhbərliyinin, xalqımızın etimadını şərəfli xidmətinlə doğruldacaqsan.
Qalib Azərbaycan əsgərinin Qarabağdan gətirəcəyi qələbə müjdəsini intizarla gözləyirik. Duruşun vüqarlı, yerişin mətin, yürüşün uğurlu olsun!
Xalqımızın mübariz övladları! Ordumuzun qəhrəman döyüşçüləri!
 Bu müraciəti Vətənimizin, xalqımızın, eləcə də yolunuzu gözləyən valideynlərinizin, doğmalarınızın, əzizlərinizin müraciəti kimi səmimi qəbul edəcəyinizə inanırıq. Əminik ki, işğaldan azad olunmuş torpaqlarda qaldırılan Azərbaycan bayrağını  siz Azadlıq meydanına gətirəcək və hərbi paradda nümayiş etdirəcəksiniz.