Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 İyul 2018 09:39

“Yeməklər dadlı və ləzzətlidir”

Hərbi hissəyə gəlişimiz nahar fasiləsinə təsadüf etdiyindən ilk olaraq əsgər yeməkxanasına baş çəkirik. Nahar edən hərbçiləri narahat etmədən onların qidalarına göz gəzdirir və aşpazlarla birgə şəxsi heyətin gündəlik qida normasında istifadə edilən məhsullara baxırıq. Şahidi oluruq ki, bu hərbi hissədə də yeməklərin bişirilməsi prosesinə mülki vətəndaşlar cəlb olunub. Ətrafın, masa üzərində düzülən qab-qacağın təmizliyi, aşpazların gigiyenik qaydalara uyğun olaraq hərəkət etməsi diqqətimizdən yayınmır.
İlk həmsöhbətim baş aşpaz, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Afaq Məmmədova bildirdi ki, şəxsi heyətin günün nizam qaydasına uyğun olaraq xidmətinin təmin olunması bu və ya digər formada onlardan da asılıdır: "Əvvəllər məişət işlərini əsgərlər özləri görürdülər. Bu da onları hərbi xidmətdən ayırır, şəxsi heyətin hərbi sirləri dərindən mənimsəməsinə təsir göstərirdi. Artıq neçə illərdir ki, məişət işlərinin görülməsinə, o cümlədən yeməklərin bişirilməsi prosesinə xanımların cəlb olunması şəxsi heyətimizin formalaşmasına və torpaqlarımızın etibarlı qorumasına öz töhfəsini verir. Nəticədə Azərbaycan əsgəri öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir, torpaqlarımızı etibarlı müdafiə edir".
Aşpaz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Nisə Yusubova isə bildirdi ki, əsgər yeməkxanasında şəxsi heyətin yüksək kalorili qida ilə təminatı üçün hər cür şərait var. "Yeməkxanada  səliqə-sahmana, təmizliyə və gigiyenik qaydalara xüsusi riayət edilir. Əgər görülən işlərin hər birinin sonunda insan amili dayanırsa, demək ki, abad və təmiz mühitdə yaşamaq və qidalanmaq şəxsi heyətimizin haqqıdır. Əsgər yeməkxanasında təmizliyin təmin olunması hərbi hissədə ümumi fəaliyyətin mühüm tərkib hissəsidi. Bizim isə vətəndaş kimi, hərbi qulluqçu kimi, ən əsası ana kimi borcumuz əsgər balalarımıza, o cümlədən Vətənimizə xidmət etməkdir".
Aşpaz Mehrin Əlizadə şəxsi heyətin yüksək kalorili yeməklərlə təmin olunduğunu, qida rasionuna ət, yumurta, balıq məhsulları, mövsümə uyğun meyvə-tərəvəz, kompot və təbii şirələr olduğunu bildirir. Şəxsi heyətin düzgün və keyfiyyətli qidalanması ən vacib məsələlərdən biridir. Bunun üçün hərbi hissənin yeməkxanasında hər bir şərait yaradılıb. Hərbi hissəyə gətirilən təzə və keyfiyyətli ərzaq məhsulları soyuducu kameralarda saxlanılır. Şəxsi heyət üçün normaya uyğun olaraq gündə üç dəfə yemək hazırlanır. Menyuda milli mətbəximiz üstünlük təşkil edir. Xanım aşpazların qayğıkeş münasibəti sayəsində yeməklər ev yeməyindən heç də fərqlənmir".
Əsgərlər Əyyub Səlimzadə, Tarıyel Ovcuyev, İlkin Süleymanov, Rövşən Talıbov və Məhəmməd Mamedov yedikləri milli yeməklərin keyfiyyətindən razılıqlarını bildirdilər və ev yeməklərindən fərqlənmədiyini qeyd etdilər. "Xanım aşpazların bişirdiyi yeməklər dadlı və ləzizdir. Peşəkar və təcrübəli aşpazların sayəsində dadlı, keyfiyyətli və çoxçeşidli yeməklər yeyirik. Yeməklər o qədər çox və cürbəcür olur ki, onların hamısından bir pay yemək mümkünsüzdür. Aşpazlarımız üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlirlər. Biz əsgərlər də üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirmək, doğma torpaqlara dikilmiş bütün məhəbbətli gözlərə sevinc göz yaşı bəxş etmək istəyirik. Azərbaycan əsgəri Ali Baş Komandanın əmri ilə babalarımızın müqəddəs əmanəti, atalarımızın övladlarına yadigarı Vətən yolunda hünər göstərməyə, döyüşlərə atılmağa, xalqımıza sevinc bəxş etməyə həmişə hazırdı.
Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu", fotolar Coşqun CƏFƏROVUNDUR