Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 İyul 2018 09:37

Əsgərə məktub

Hər bir təşəbbüs mahiyyəti etibarilə vətəndaşlıq deməkdir. Son dövrlərdə belə təşəbbüslər istər əhatəliyi, istərsə də məzmunu ilə diqqəti çəkir. Müharibə şəraitində yeniyetmələrin, məktəblilərin ordumuza sevgisi təqdirəlayiqdir. Respublikamızda həyata keçirilən layihələrdən biri "Əsgərə məktub"dur. Ayrı-ayrı məktəblərin şagirdləri tanımadıqları əsgərlərə məktublar yazır, onlara arzu və istəklərini bildirirlər. Arzuların, istəklərin məzmunu xalqın arzusudur, istəyidir: torpaqlarımız işğaldan azad edilsin. Hər məktub bir ürəyin diqtəsidir, hər məktub bir vətəndaşın ordumuza, ordumuzun əsgərinə səmimi müraciətidir. Bu müraciət ordu-ictimaiyyət münasibəti kimi qəbul olunmalıdır. Müxtəlif siniflərdə oxuyan şagirdlərin yazdığı məktublar təsdiqləyir ki, onlar Vətəni, ordumuzu sevir. Bu sevgi vətənpərvərlikdir. Məktubların bəzisi rus dilində yazılıb. Rus şöbəsində oxuyan şagirdlərin yazdığı məktublar da Azərbaycan şöbəsində oxuyan şagirdlərin yazdığı məktubların məzmunu ilə səsləşir. "Əsgərə məktub" layihəsi yeniyetmələrin vətənpərvərlik ruhunun formalaşması baxımından olduqca dəyərli layihədir və bu layihənin davamlı olacağına inanırıq.
"Azərbaycan Ordusu"
Əsgər döyüş bölgəsindən yenicə qayıtmışdı. O çox yorğun idi. Çünki atəşkəs pozulmuşdu. Düşmən cavab atəşi ilə susdurulmuşdu. Əsgərlərimizin səyi nəticəsində bir neçə yüksəklik və kənd düşməndən azad olunmuşdu. Əsgər yorğun halda çarpayıya uzanmışdı. Bu zaman növbətçi əsgər ona bir məktub verdi. Əsgər fikirləşdi ki, evdəkilərlə dünən danışıb, görəsən, bu məktub kimdəndir? O, məktubu açdı. Məktub tanımadığı məktəblidən idi:
Salam əsgər! Necəsən? Mən V sinifdə oxuyuram. Bu məktubda demək istəyirəm ki, sizin kimi əsgərlərlə fəxr edirik. Biz rahat yaşamağımız üçün sizə borcluyuq. İnanırıq ki, işğal altında olan torpaqlarımızı düşməndən azad edəcəksiz. Şəhidlərimizin qanı yerdə qalmayacaq.
Surxay Nəbiyev,
145 saylı tam orta məktəbin V sinif şagirdi
Salam əziz əsgər qardaşım, necəsən?
Bu məktubu simvolik olaraq "sən" deyə müraciətlə yazıram, əslində isə, bir nəfərin simasında bütün əsgərlərə şamil edərək yazıram. 14 yaşım var. Gəncə şəhərində yaşayıram. Düzdür, heç vaxt bizim şəhərdə güllə səsi eşitməmişəm, Tovuz rayonuna qonaq gedəndə eşitmişəm və o an orada yaşayan insanların, uşaqların hansı hissləri yaşadıqlarını təsəvvür etdim. Siz əsgərlərin sayəsində mən o gecəni rahat yatdım. Vətənimin igid oğlanları olan sizlərə görə bu gün biz rahat şəraitdə məktəbə gedir, qayğısız böyüyürük. Yağışlı günlərdə, qarda, isti havalarda bizim üçün keşik çəkirsiz. Hər cür şəraitdə keşiyimizi çəkdiyinizə görə sizə minnətdarıq. Mən də gələcəyin əsgəriyəm, mən də sizlərdən biri olacam və fəxrlə Azərbaycanımı qoruyacam. Sizin kimi qorxusuz olacam, şəhidlərin qanını yerdə qoymayacaq bir igid olacam. Anam hər dəfə əsgər görəndə "Allah sizləri qorusun" deyir, sonra da mənə baxıb deyir ki, mən də əsgər anası olacam. Əziz əsgər qardaşım, ümid edirəm ki, gün gələcək, mən də sənin kimi bu cür şərəfli sözlərə layiq bir əsgər olacam və mənə də məktub yazacaqlar.
Mən də sizinlə fəxr edirəm, yazılmaqla bitməyəcək düşüncələrim, arzularım var sizə, amma hər birini deməyə sözlər yetməz. Sizlərlə görüşmək ümidi ilə salamat qalın, əziz əsgərlər!
Nicat Hümbətov,
Gəncə şəhəri 30 saylı tam orta məktəbin  VII sinif şagirdi
Salam, Azərbaycan əsgəri! Sən xalqımızın ən layiqli övladısan. Xalq sənə inanır, səni qoruyur. Biz inanırıq ki, sən torpaqlarımızın mənfur ermənilərdən azad edilməsi yolunda axıradək əzmlə vuruşacaqsan. Bunu aprel döyüşləri bir daha sübuta yetirdi. Cocuq Mərcanlıda ucalan yeni binalar düşmənin gözünü qorxutdu. O bildi ki, bu xalq inadından dönməyəcək, axıradək vuruşacaq. Ali Baş Komandan İlham Əliyevin bir sözü məni daha da qürurlandırır: "Aprel zəfəri kitablara salınmalıdır." Bayrağımızı Xocalıda, Xankəndidə və işğal altında inləyən digər torpaqlarımızda sancmağımıza az vaxt qalıb.
Mənim əsgər qardaşım! Sən arxayın ol ki, sən tək deyilsən, sən yüzlərlə, minlərləsən. Şəhidlərimizin qanı yerdə qalmayacaq. O günə az qalır.
Bu gün qələmlə dediyim sözlərimi, sabah silahlımla deyəcəm. Mən bütün varlığımla buna əminəm. Sag ol, qardaşım!
Tərtər rayon 6 saylı tam orta məktəbin VII sinif şagirdləri
Salam, əsgər qardaşım. 
Bu məktubu sənə tam rahat və arxayın məktəb partası arxasından yazıram. Bu rahatlığın, arxayınlığın səbəbkarı sizlərsiniz. Bizlər əsgərlərimizin qorxmazlığının, cəsurluğunun, mətinliyinin sayəsində heç bir təlaş, qorxu duymadan, güvən duyğusuyla təhsil alır, yaşayırıq.
Sizlər bəzən soyuq, şaxtalı, bəzən də qızmar istidə səngərlərdə Vətən sevgisi, torpaq məhəbbətilə mətin dayanırsınız.
Əmim İlqar Məmmədov şəhid olub. Onun Vətənə, torpağa, millətə sevgisilə qürur duyuram. Zamanı gəldiyində sizlər kimi Vətən qarşısında müqəddəs borcumu verəcəyim günün həsrətilə yaşayıram.
Bu gün mən sizlərə yalnız rahat gecələrimizə, sevincli gündüzlərimizə görə deyil, həm də müstəqilliyimizi dünyaya car çəkən üçrəngli bayrağımızı daim yüksəklərdə dalğalandırdığınıza görə də minnətdaram. Düşmən bağrına sancılan ən mükəmməl silah sizin cəsarətinizdi, Vətən sevginizdi. Mən sizlərin bu təmənnasız fədakarlığı qarşısında ehtiramla baş əyirəm.
Elçin Məmmədov,
Binəqədi rayonu 298 saylı tam orta məktəbin VIII sinif şagirdi
Salam əsgər qardaşım.
Necəsən? Əminəm ki, əlasan! Vətənin, ailəsinin keşiyində duran insan necə olmalıdır.
Bilirəm, çətinliklərin də olur. Vətən naminə hamısına dözürsən. Sən də bilirsən ki, Vətəni qorumaq çətin, ən əsası da şərəflidir.
Soyuq, isti, qar, yağış səni qətiyyən yormur. Düşünürsənmi ki, yüz milliyonlarla insanın duaları hər saat, hər dəqiqə, hər saniyə səninlədir. Xalqımız səmimi qəlbdən inanır ki, siz əsgər qardaşlarımız Qarabağı,  bütün torpaqlarımızı geri qaytaracaqsınız!
Bu gün torpağı qoru ki, sabah bu torpağı gələcək nəsillərə qiymətli bir əmanət kimi ötürə biləsən. Əsgər qardaşım, mən də sənin bir bacın.
Ailəndən qətiyyən nigaran qalma. Sən Vətəni, ailəni, bizi qoruyursan. Biz sizinlə fəxr edirik.
Biz sizinlə qürur duyuruq. Biz sizə güvənir, inanırıq.
Sağ ol.
"Bayraqları bayraq
yapan üstündəki qandır,
Torpaq uğrunda ölən
varsa, Vətəndir".
Aysel Əmirova, Gəncə şəhəri 2 saylı tam orta məktəbin  VIII sinif şagirdi